Kəramət Böyükçölün “SƏS” romanını oxudum. Bundan öncə iki əsərini müxtəlif vaxtlarda oxumuşdum. Amma bu tam başqa bir Kəramət idi.
Açığı son 6 ayda yerli müəlliflərin içərisində mənə yalnız İlham Əzizin “Şimşəkdən sonra” hekayələri xüsusi ədəbi zövq vermişdi. Yazarın cəmiyyətə verdiyi mesajlar sağlam idi. Sağa-sola burmadan birbaşa cəsarətlə ilişib qaldığımız stereotiplərdən qurtulmaq üçün dalaşmadan, baş kəsmədən qan tökmədən, qatilə çevrilmədən öz ifadəsi ilə desək “qazı basaraq gülə-gülə” uzaqlaşa biləcəyimizin yollarını insanlarımıza göstərdiyi üçün məni ümitləndirdi.
Bu gün isə Kəramətin bu romanı məni nəinki, ümitləndirdi xüsusi bir enerji verdi. İçimdə öz-özümə sağol dedim müəllifə. Birnəfəsə oxudum. Yormadı. Əksinə səni öz axarında götürən rahat axıcı dili, üslubu var.
Vətəndaşlıq hissinin ali məqsədinin niyə xalqımızın əksər hissəsindən kənar olduğunun səbəblərini aça bilib. Romanda ən azı 3 nəslin obrazın oxucunun gözləri önünə sərib.
Xalqın öz taleyinə olan etinasızlığının alt qatlarını göstərə bilib. Bir yazıçı olaraq ölkəsinin seçki qaranlığına işıq saçmağa çalışıb və çox uğurlu alınıb. “Tez olun işıq salın” deyə cubbulunun dilindən hayqırır. Əsərdə elə detallar var ki,hamısın yazmaq olmur amma Moskvanın “Vremya” xəbərlər proqramına baxırdıq, aparıcı Şatalin və s. detaylar mənə görə Kəramətin çox incə diplomasiylə verdiyi mesajlardı.
Qısacası milli və vətəndaşlıq şüurunun formalaşması üçün ictimai həyatdakı çox vacib problemlərə toxunmalı olan, bir cəmiyyətdə “ziyalı kimdir?” obrazı yaratmağı özünün məsuliyyəti hesab edən yeni ədəbi nəsilə olan ehtiyacımızı Kəramət bu romanı ilə ödəməyə başladı.
Bu bir ilkdi inanıram ki, cığır aça bildi də. Özəlliklə gənclərimizə səslənirəm ki, “Səs” romanını mütləq alıb oxusunlar. Burada hər şey var. Babanızın, nənənizin, atanızın, ananızın yaxın qohumların, qonşuların bir sözlə hər kəsin “səsini” bütün anlamıyla duya biləcəksiniz. “SƏS”-i oxuyun ki, SƏSinizə sahib çıxmaq hissiniz güclənsin,vecsiz, yorğun və ümitsiz yaşamaqdan qurtulmaq üçün əla vasitədir. Kəramətə isə təşəkkürlər!
Müəllif : Anar Əsədli
Respublikainfo.com
Baş redaktor: Bünyamin Bünyadzadə