MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ ƏN İSTEDADLI NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ MƏHZ ANAR AMİNDİR. ANAR AMİN QƏLƏMİNDƏN ÇIXAN ŞEİRLƏRİN BİRİNİ OXUMAQ VƏ DƏRK ETMƏK KİFAYƏTDİR Kİ, ONUN NECƏ BİR İSTEDAD SAHİBİ OLDUĞUNA ƏMİN OLASAN!
Beləliklə Respublikainfo.com Anar Aminin bir neçə şeirini ədəbiyyatsevərlərə təqdim edir:
SƏS AYAQLI, SƏS ƏLLİDİR
Hər gün döyür qulağımı,
səs ayaqlı, səs əllidir.
Əlim dəymədiklərinə
gözüm dəyir — təsəllidir.
Gözlərimə toxunmayın!
Şimşək çaxır, yağış yağır,
dolu düşür gözlərimdən.
Yolun azan yolçuların
yolu düşür gözlərimdən —
gözlərimə toxunmayın!
Kövrəlsəm də, ağlamıram,
axı yaxın, axı yan var.
Ürəyimdən keçənləri
gözlərimdən oxuyan var –
gözlərimə toxunmayın!
Düşürsünüz nə fərqi var,
piyada, ya atlı düşün.
Ay gözümdən düşən dostlar,
barı ehtiyatlı düşün —
gözlərimə toxunmayın!
Gələnlərin mini gedib,
biri qalıb gözlərimdə.
Nə yaxşı ki, ölənlərim
diri qalıb gözlərimdə —
gözlərimə toxunmayın!..
Şeir dəniz, heyif, qayıq deyiləm
…İlahi, bilirəm, nəsə bir şey var,
Edilən hörmətin, xətirin altda.
Görəsən, o adam nəyi gizlədib
Üstünə səpdiyi ətirin altda?!
Qışdan, yazdan çıxıb yaya giririk,
Yayda da çırmanıb çaya giririk.
Su ki aydınlıqdı, niyə giririk
Hər yağış yağanda çətirin altda?!
Ölüm gəlsə, ayıq-sayıq deyiləm,
Şeir dəniz, heyif, qayıq deyiləm.
Gözəl bir cümləyə layiq deyiləm,
Məni basdırarsız sətirin altda…
Bəlkə də, ilk al-ver göydə olubdu
…Şımala, Cənuba, Şərqə, Qərbə bax,
Məhkum eyləyibdi qütblər bizi.
Azadlıq deyəndə, bir-bir susdurub,
Sonra iki-iki tutublar bizi…
Gözümüz badədə, meydə olubdu,
İçməyə həvəs də, hey də olubdu.
Bəlkə də ilk al-ver göydə olubdu,
Dünyadan dünyaya satıblar bizi…
Yaradan onlara agah eyləyib,
Onlar da buğdaya tamah eyləyib.
Adəm də, Həvva da günah eyləyib,
Ona görə yerə atıblar bizi…
Bu şamdan hər gecə bir şam öldürür
…Bax, bu Yer anamdı, o Göy atamdı,
Bax, məni nə arzu, nə kam öldürür.
Ana vətən mənim ögey anamdı,
Ögey balasını nakam öldürür.
Kim azad olursa, tam azad olmur,
Saray məhkum edib, dam azad olmur.
Azadlıq istəyir, şam azad olmur,
Bu şamdan hər gecə bir şam öldürür…
Min il yaşayardı Adəm, ölməzdi,
Ölmək istəmirdi madam, ölməzdi.
Adam qorxmasaydı adam ölməzdi,
Adam qorxusundan adam öldürür…
Su səsi
…O adam düşünüb dərk edə bilsə
O səsi, Allahın səsidi bəlkə…
Bu adam kar olub eşidə bilsə
Bu səsi, Allahın səsidi bəlkə?!
Çox şükür, nə verib, nədirsə, ona!
Gələnlər üz tutub gedirsə ona…
Dalğalar ibadət edirsə ona,
Qu səsi Allahın səsidi bəlkə?!
Min ildi oyaqdı, yatmır su səsi,
Səsini səslərə qatmır su səsi…
Bütün səslər batır, batmır su səsi,
Su səsi Allahın səsidi bəlkə?!…
Özgəyə yaxınam, özümə yadam
…Suallar quşların qanadlarında,
Cavablar quşların dimdiyindədi.
Günahlar sünbülün dənələrində,
Savablar quşların dimdiyindədi.
Özgəyə yaxınam, özümə yadam,
Haçansa başıma uçacaq bu dam…
Cəsədi qurd-quşa yem olan adam,
Əzablar quşların dimdiyindədi.
Girsin öz içinə azmaq istəyən,
Gördüyü yuxunu yozmaq istəyən…
Min ildi o şair yazmaq istəyən
Kitablar quşların dimdiyindədi…
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com