İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olması bir müddət siyasi gündəmin ana mövzusu olacaq. Bu baxımdan bir neçə məsələyə toxunmaq lazımdır.
Bu günə qədər İranda ölkənin prezidentləri iki dəfə helikopter qəzası yaşayıb. Bu üçüncü idi. 1980-ci ildə İranın ilk prezidenti Bani Sadır, 2013-cü ildə isə prezident Mahmud Əhmətnecatın helikopterləri qəza vəziyyətinə düşmüş və məcburi eniş etmişlər.
Azərbaycanın atalar sözündə deyildiyi kimi – “atalar üçdən deyib” zərbi məsəli burada tam yerinə düşür.
Çox təəccüb doğuran məqam odur ki, ölkə başçısının xarici səfərlərinə məsul olan şəxslər bu qədər etinadsızlığı necə göstərə bilərdilər? İran dünyaya meydan oxuyan bir dövlət olaraq necə olur ki, ölkə prezidentinin təhlükəsizlik məsələlərinə bu qədər laqeyd yanaşır?
Köhnə helikopter, dumanlı hava şəraitində uçuş və s. ölkə başçısının təhlükəsizlik tədbirləri ilə uyğun olmayan məsələlər suallar doğurur. Xüsuslə İranın dövlət başçılarının iki dəfə helikopter qəzası yaşaması və indiyə qədər bundan dərs çıxarılmaması məntiqli düşünən hər kəsi çaşdırır.
Buradan bir neçə nəticə çıxarmaq olar. Birincisi odur ki, bu faciə gerçəkdən bir qəzadır və İran təhlükəsizlik planında bir çox məsələdə geri qalır, standart təhlükəsizlik tədbirləri həyata keçirə biləcək qurumları işləmir. Bu nəticəyə varmağımıza həm də qəzadan sonrakı çox ləng gedən axtarma və qurtarma işləri də dəlalət edir.
İkinci ehtimal bu ola bilər ki, hazırda İranın saraydaxili çəkişmələri var və bu, bir qanlı saray çevrilişidir. Belə qanlı saray çevrilişləri dünyanın siyasi səhnəsinə yaxşı məlumdur. Bəs o zaman Prezidentə sadiq qüvvələr onun can güvənliyinə niyə bu qədər etinasız yanaşdılar.
Bəs Rəisi özü?
Daxili və xarici düşməni çox olan siyasi lider kimə və nəyə bu qədər güvənirdi? Köhnə helikopterə?
Uzun illər öıkəsinin güc strukturlarına rəhbərlik etmiş birisi kimi özünün təhlükəsizlik məsələlərini daha da həssaslıqla düşünməli deyildimi? Yoxsa, elə zənn edibmiş ki, ona suiqəsd etməyə kiminsə cürəti çatmayacaq? Hər iki halda yanlış güvən və sonu da göz qabağında.
Üçüncü versiya xarici əks-kəşfiyat orqanlarının bu suiqəsdi təşkil etməsidir ki, bu zaman da ortaya sual çıxır: Rəisi içəridən onu xarici güclərə satan xainlərinmi qurbanı oldu, ya ətrafının səriştəsiz olduğunu bilən əks-kəşfiyatınmı?
Əsil həqiqət ortaya çıxana kimi bütün versiyaların və ehtimalların yaşamaq haqqı var, eləcə də sadaladığımız hər üç versiyanın: amma nəticə dəyişmir. İranın bir çox sahədə, xüsusilə texnoloji planda geridə qalması və bu durumda belə dünyaya meydan oxumağa qalxması hər zaman bir blef olub.
Bir müddət öncə Araz kənarında bizimlə sərhəddə Quru Qoşunlarının təlimini keçirən İran ordusunda yanlışlıqla yaşanan gülməli halları xatırlayın. Təlimlərdə “AH-1 Super Cobra” hücum helikopterlərinin səhv ucbatından öz texnikalarına atəş açması nəticəsində 3 İran əsgərinin yaralanması, Fars körfəzində keçirdiyi təlimdə İran ordusunun öz gəmisini vurması və 19 nəfərin ölməsi, Ukrayna mülki təyyarəsinin hərbi təhdid zənn edilərək məhv edilmsi və s. kimi onlarla fakt göstərə bilərik ki, İranın təhlükəsizlik məsələlərində hansı səviyyədə olduğu aydın olsun.
Ümumiyyətlə isə, İran ordusunda hədəf yanlışlığı və ya hədəfi düzgün təyin etməmək artıq alışqanlığa çevrilib. Bax, dünyaya meydan oxuyan İranın real görüntüsü ortadadır.
Uzun sözün qısası, bu qəzada günahı ancaq və ancaq özlərində axtarmalıdırlar.
P.S. Yaşanan hər olaydan bir nəticə çıxartmaq lazımdır. Xüsusilə, bizim kimi həssas regionlarda. Türkiyədən yardım istənildi, Türkiyə yardım etdi. “Akıncı” qəzaya uğramış helikopterin qalıqlarını və cəsədlərini tapdı. Bəlkə də yersiz görünəcək, amma elə bu günlərdə Türkiyə NATO ölkəsinə yeni texnoloji silah satdı. Bu, ölkənin yüksələn bir istiqamətdə yürüdüyünü göstərir. Bəli, əsr texnika əsridir, elm əsridir. Meydan oxumaq üçün əvvəlcə texnoloji planda tərəqqi etmək lazımdır. Türkiyə bu gün dünyada qüdrət sahibinə çevrilir, çünki bunun yolunu düzgün tapıb: texnoloji inkişaf!
Müəllif: ANAR ƏSƏDLİ
Baş redaktor:
Bünyamin Bünyadzadə
Respublikainfo.com