“Ərazilərimizin işğaldan azad olunması, Azərbaycanın bütün torpaqlarında dövlətimizin suveren hüquqlarının təmin edilməsi çox böyük qələbədir. Bu qələbə Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər açır”.
Respublikainfo.com TNS-ə istinadən xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.
O deyib ki, bunun ardınca ölkəmizdə ciddi demokratik, siyasi və iqtisadi islahatlar həyata keçirilməlidir. Eyni zamanda ölkədə vətəndaş həmrəyliyi mühiti yaradılmalı və bütün diqqət Azərbaycanın bundan sonrakı inkişafına yönəldilməlidir: “Qarabağ probleminin həll olunması Azərbaycanın inkişafına və yüksəlişinə geniş imkanlar açıb. Bu imkanlardan da istifadə olunmalıdır”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də TNS-ə təəssüratını bölüşüb: “Bir Azərbaycan türkü, Azərbaycan vətəndaşı kimi müqəddəs bayrağımızın müqəddəs torpaqlarımızda yüksəldilməsindən qürur duydum. Allaha şükürlər olsun ki, Qarabağdakı o əski parçası endirildi. Dövlətimizin üçrəngli bayrağı əbədi olaraq Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda da qaldırıldı, əbədi olaraq dalğalanacaq.
Mən ideoloji kimliyimə görə müsavatçıyam. Özünün ideoloji-siyasi kimliyini müsavatçı, elçibəyçi kimi qəbul etməyən, tanımayan və tanıtmayan şəxslərə “onda sən milli deyilsən, milliyyətçi deyilsən, türkçü deyilsən, demokrat deyilsən”, demək doğru deyil. Bu gün İlham Əliyevçi olmaq milli məsələdir, amma İlham Əliyevçi olmamaq antimilli olmaq demək deyil. Bu, başqa məsələdir ki, indi dünya erməniçiliyi və onların havadarlarının, türk, Azərbaycan, Türkiyə, müsəlman düşmənçiliyini təmsil edənlərin Qarabağın və işğal edilmiş digər Azərbaycan torpaqlarının azad edilməsi uğrunda etdiklərinə görə İlham Əliyevə hücumlarına qarşı çıxmaq, onu müdafiə etmək milli məsələdir, milli borcdur. Çünki bu hücumun hədəfi İlham Əliyevdən daha artıq Azərbaycan, Azərbaycan xalqı, millətidir, millət və dövlət olaraq mövcudluğumuzdur.
Qarabağ qələbəsi əlbəttə ki, bütün Azərbaycan xalqının, Azərbaycan Silalı Qüvvələrinin, əlahəzrət Azərbaycan əsgərinin xidmətidir. Bu qələbədə 1-ci Qarabağ müharibəsində o vaxtkı siyasi müxalifətdən fərqli olaraq Azərbaycan siyasi müxalifətinin əksəriyyətinin tutduğu milli – qeyd-şərtsiz ordunun və dövlətin yanında olmaq mövqeyinin də payı vardır. Habelə dövlətin siyasi və hərbi rəhbərliyinin rolu danılmazdır. Və heç şübhəsiz, bu mili savaşda, Vətən müharibəsində Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq İlham Əliyevin şəxsi, özəl rolu, yeri, payı var. Qələbədə müstəqil İlham Əliyev faktoru var, bu qeyd olunmalıdır və tarixdə qalacaq.
Dördüncü respublikanın yaranışı tezisi yaradıcı diskussiyalara səbəbolma potensialı baxımından maraqlı tezisdir. Mənim bu tezislə onun son günlərdə ictimailəşdirilməsindən əvvəl tanış olmaq fürsətim olub, müəllifinə fikirlərimi bildirmişəm. Azərbaycan dövlətçiliyinin inkişafının indiki mərhələsinin əsas qanunu dünyada gedən proseslərə uyğun olaraq milli dövlət mərhələsindən universal dövlət mərhələsinə keçidlə müəyyən olunur. Bunun üçün Azərbaycan dövlətinin xalqlar və millətlər üçün cəlbedici, cəzbedici dövlətə cevrilməsi, yəni, yalnız iqtisadi və hərbi cəhətdən ən güclü olma deyil, hər bir xalq, fərd, vətəndaş üçün bərabər təhlükəsizlik, hüquq və azadlıqların, dönmədən artan rifahın təmin olunduğu dövlət olması şərtdir”.
Müsavat Partiyasının sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər isə qələbə münasibətilə xalqı təbrik edib: “Xankəndi şəhəri və digər ərazilərimizdə Azərbaycan bayrağının ucaldılması böyük qələbədir”.
Baş redaktor: Bünyamin BÜNYADZADƏ RESPUBLİKAİNFO.COM