Bu gün Azərbaycanda XX əsrin ən böyük ideoloqlarından biri, Cümhuriyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Adı gələndə hər birimizin üzünə qürurun, şərəfin,bayrağın,hürriyətin nuru səpələnir.
“Millətlərə istiqlal, insanlara hürriyyət” deyərək Azərbaycan türklərinin dövlət anlayışının necə bir fəlsəfəyə söykəndiyini hələ 100 il bundan öncə dünyaya isbat etdi. Tarixdə dövlət qura bilən bir xalq olmağımız Rəsulzadənin qurduğu Cümhuriyyəti ilə reallaşdı.
Amma biz onu sadəcə dövlət qurduğu üçün sevmirik. Yaşadığı ömür yolu bənzərsizdir…
Ümidsiz mühacirət illəri… Pulsuzluq, otaqlarda qaçışan siçovullar, Türkiyədən çıxarılma, Avropa həyatı, çıxardığı dərgilər, yazdığı kitablar, Sovetlərin iç üzünü açan çalışmalar, silahdaşlarının vaxtlı-vaxtsız ölümü, Vətəndən gələn faciəli xəbərlər, ölüm-itimlər, xəyanətlər, ittihamlar, yaşlanmalar…
Amma yoldan dönmək yox!
Amma dəyişmək yox!
Mübarizəyə davam!
Azərbaycanın gələcəyinə olan inam çox güclüdür.
O qədər güclüdür ki, ölmək istəmirsən…
Sonu görmək istəyirsən…
Bu, böyük Məhəmməd Əmin Rəsulzadə yoludur, yoxdan dövlət yaradan kişinin ömür yolu… Onun əqidəsidir, onun mübarizəsidir.
Millətimizin mədəni dünya millətləri arasında yaşaya bilməsi üçün lazım gələn hər şeyi yazan, düşünən, çalışan, özünün və ailəsinin həyatını fəda edənlərin başında kim gəlir deyə soruşsanız, tək bir ad var: RƏSULZADƏ!
Özü görməsə belə, başladığı yol və apardığı mübarizənin sonu uğurla nəticələndi. Azərbaycan XX əsrin sonunda yenə müstəqil dövlət oldu. Və bu gün üçrəngli bayrağımız dövlət rəmzi kimi qürurla dalğalanır.
Bu milləti istiqlala qovuşduran Böyük Azərbaycanlı, dünyaya gəlişin qutlu olsun!
Yolundayıq, İşığınla güclənir və yürüyürük!
ANAR ƏSƏDLİ