Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə redaksiyamıza bir qrupu vətəndaş tərəfindən “Vesta construction” şirkətindəndir. Vətəndaşların başlıca şikayətləri ondan ibarətdir ki, sözügedən şirkət rəhbərliyi illərdir ki, onların qanuni şəkildə müqavilə əsasında ödəniş etdikləri mənzillərini vətəndaşlara təhvil vermirlər.
Həmin şəxslər belə qərara gəliblər ki, bu məsələnin illərdir ki, həlli reallaşmadığı üçün şikayıətlərini ölkə rəhbərliyinə qədər çatdıra bilsinlər. Bunun üçün də dördüncü hakimiyyət olan mətbuata üz tutublar. Beləliklə biz də öz növbəmizdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə bu mövzunu ictimailəşdiririk.
Redaksiyamıza “Vesta construction” şirkəti ilə bağlı şikayət ünvanlayan Vətəndaş Saira Şıxəhmədi bildirib ki,1 aprel 2022 ci il Vesta Construction MMC dən Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksində yerləşən 81.8 kv metr sahəsi olan D. 6.5 saylı mənzili nəğd 98160 AZN ödəyərək almışam.
Saira Şıxəhmədi onu da qeyd edir ki, artıq 3ildir bina təhvil verilmir. Bina 8 ildirki tikilib. Məndən öncə binadan ev alan şəxslərin müraciətlərinə də baxılmır. Binada təmir işləri getmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək 3 ay, 5ay sonra təhvil veriləcək deyilir.
“Mənzili alanda Vesta Construction MMC nin direktoru Zeynal Fərhad oğlu Zeynalov idi. Məlum olur ki, bir neçə aydan bir direktor dəyişikliyi edilir. Hal – hazırda binanın direktoru Ceyhun Quliyev zənglərə cavab vermir. Nizami RİH məsələyə baxmır”,-deyə vətəndaş qeyd edib.
Başqa bir vətəndaşımız İsazadə Aqşin Rüfət oğlu isə bildirib ki, 2019 – cu ildən “Vesta Construction” – a məxsus olan “My-Home” layihəsindən D bloku üzrə mənzil almışam, mənzil 2 il ərzində təhvil veriləcəyi barəsində söz verildi. Aldığımız zaman bünövrə hissəsində tikilişlər gedirdi. Üzərindən artıq 6 ildən çox keçməyinə baxmayaraq hələ də evlərimizi təhvil ala bilmirik. Mənzil aldığımız zaman şirkətin direktoru qismində Zeynal Zeynallı adlı şəxs idi. Sonradan məlum oldu ki, o şirkət sahibinin sürücüsüdür. Şirkətin sahibi isə Ceyhun Quliyevdir.
Aqşin İsazadə onu da vurğulayıb ki, hər dəfə şirkətə getdikdə vətəndaşlara, mənzillərin 3 ay sonra təhvil veriləcəyini deyirlər. Lakin bu müddət də başa çatdıqda yenidən 3 ay vaxt artıraraq çox saylı bəhanələr gətirirlər. Nizami Rayon İcra hakimiyyəti isə məsələyə biganə yanaşır . İcraçı şirkətin işçilərindən alınan məlumatlara əsasən isə şirkətin büdcəsinin bitdiyini ona görə bu məsələnin hələ çox uzanacağını deyənlər də var.
“Biz sakinlər bu məsələdə cavabdeh olan rəsmi qurumlardan şikayətimizin təmin olunmasını, binanın təmir tamamlama işlərinin “Vesta construction” şirkətindən alınıb alternativ punktual icraçı şirkətə verilməsini təklif və xahiş edirik”,- deyə Aqşin İsazadə şikayətində qeyd edib.
Növbəti vətəndaş Əliyev Eldəniz İsmayıl oğlu da şikayətində yazıb ki, 16 sentyabr 2019- cu il “Vesta Construction” MMC şirkətindən Bakı şəhəri Şirin Mirzəyev küçəsindəki yaşayış binasından 45.9 kv m sahəsi olan D blokundan 14.1 mənzilə 52785 manat məbləğində pul ödəyərək almışam.
Eldəniz Əliyev bildirir ki, 2019 – cu ildən evi bu gün, sabah, 3 aya qədər təhvil verəcəyik deyə – deyə 6 ilə yaxındır ki, ala bilmirəm. Halal ödədiyim pulun hesabına Ceyhun Quliyev tərəfindən həmin ərazidə “İdeal MMC ” yaradılıb və işçiləri var. Lakin həmin işçilər bizimlə çox kobud davranırlar. Hətta az qalırlar ki, adamın başını kəsib qətl törətsinlər. Hər dəfə bir əraziyə getdikdə “VESTA CONSTRUCTİON” şirkətinin heç bir işçisini və direktoru Ceyhun Quliyevi tapa bilmirik. Tapılanda da yalan danışmaqla bizi yola verirlər.
Daha bir vətəndaş Hüseynova Xatirə Qabil qızı da şikayətində deyir ki, evi oğluma almışam. Həmin vətəndaş da sözügedən tikinti şirkətindən müqavilə əsasında 2021-ci ili mayın 8-də mənzil alıb. Amma hələ də mənzillərinə köçə bilmirlər. Çünki, binada mənzillərin nə qapısı var nə kommunal xətlər yoxdur nə də binanın lifti quraşdırılmayıb.
Vətəndaş Yakovlev Ruslan Aleksandroviç də şikayət edərək bildirir ki, həmin şirkətdən 2018- ci ildə ev alıb. Ruslan Aleksandroviç bildirib ki, 3 ildir ki, bu məsələyə görə məhkəməyə müraciət edib.
Vətəndaş deyir ki, hətta Prezident Administrasiyasına şikayət üçün də getmişəm və şəxsən Fuad Ələsgərovun da qəbulunda olmuşam. Fuad Ələsgərovla üzbəüz bu məsələ barədə danışmışıq. Nəticədə mənə dediler kömək edəcəyik. Daha sonra məni Ali Məhkəmədən axtardılar. Mənə deyildi ki, niyə şikayət edirsən? Sən evi alanda evin qiyməti 90 min manat idi indi isə 150 min manatdır. Bununla da söhbət bitdi.
Sonda biz redaksiya olaraq sübut kimi şikayətçi olan vətəndaşların bəzilərinə məxsus maliyyə arayışlarının fotolarını da oxuculara təqdim edirik. Bu fotolardan da görünür ki, şikayətçi olan vətəndaşlar haqlıdır.
Mövzu ilə bağlı vətəndaşlar onu da bildirdilər ki, bu məsələ ilə əlaqədar bir neçə şəxsin şikayəti əsasında məhkəmə iclasları keçirilib. Həmçinin vətəndaşlar bildirirlər ki, onlar kütləvi şəkildə əvvəlcə Baş prokurora, daha sonra isə Azərbaycan Respublikasının Prezidentinə media vasitəsilə açıq müraciət ünvanlamaq niyyətindədirlər.
VACİB QEYD – Məsələ ilə bağlı media qaydaları çərçivəsində sözügedən “Vesta construction” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor Bünyamin Bünyadzadə
Respublikainfo.com