Respublikainfo.com Media Qrupu təqdim edir:
Maduronun 2019-cu ildə olduğu kimi, bir daha xalqın iradəsinə qarşı getməsi Venesuela xalqını yenidən öz haqları uğrunda mücadiləyə başladıb. Bir neçə gündür Venesuelada baş verənləri izləyirik. Latın Amerikası dövlətləri Venesuela xalqına dəstəklərini ifadə edərək, Maduronun saxta seçkisini tanımadıqlarını bəyan ediblər.
Avropa dövlətləri və ABŞ da seçkinin nəticələrini tanımadığını bəyan edib. Burada ən maraqlı məqam Amerikanın göstərəcəyi həssaslıqdır. Məhz amerikalıların sanksiyaları və təzyiqi nəticəsində Maduro azad və ədalətli seçkilərin keçiriləcəyinə söz vermişdi. Çünki son prezident seçkisindən sonra ABŞ-nin sanksiyaları nəticəsində bu neft ölkəsi milyardlarla dollar itirdi.
Maduro kasıblamışdı və dikaturanı saxlamaq üçün yetərincə büdcəyə sahib deyildi. Yumşalma diplomatiyasına getdiyini göstərib sanksiyaları azaltmağa çalışırdı. Ağ Ev də bunun qarşılığında sanksiyaları bir qədər azaltma qərarı vermişdi. Bu üzdən müxalifətin namizədi Qonsales seçkidə iştirak edə bildi.
Lakin ənənəvi olaraq, bütün diktatorlara xas xüsusiyyət kimi, Maduro da sözünün üstündə durmadı. Başa düşmədi ki, bu dəfə artıq heç qonşu dövlətlər sərhədlərinə yaxın diktaturanın uzun sürməsini qəbul etməyəcək. Rusiyanın, Çinin Amerikaya qarşı qızışdırdığı bu qaniçən diktator anlaya bilmir ki, ABŞ-nin qonşusudur və Qoca Avropanın etno-millətlərinin dilində danışırlar.
Venesuela xalqının uzun illərdir Maduroya qarşı dirəniş göstərə bilməsinin səbəbləri həm də bu amillərlə əlaqəlidir.
Bu gün artıq ABŞ xarici işlər naziri Entoni Blinkenin Venesuela seçkilərində müxalif namizəd Edmundo Qonsalesin qalib çıxdığını isbatlayan güclü dəlillərin olduğunu söyləməsi də dediyimizə sübutdur.
Bugünkü xalq üsyanlarının nəticəsinin nə ilə bitəcəyi hələlik qeyri-müəyyən görsənsə də, hətta Maduro bu haqlı dirənişi şiddətlə yatızdırsa belə, adı, xalqının tarixinə də, elə dünya tarixinə də qanlı diktator olaraq yazıldı…
Bütün hallarda, hər bir xalqın taleyində diktatura milli faciədir, çünki seçki ilə dəyişilməyən hakimiyyət, ya xalqın qanına girir, ya da xalq onun qanına girir – bundan uduzan isə həmişə dövlətçilik və xalq olur. Çunki heç bir üsyan və şiddət toplumları irəliyə götürə bilməz. Qurtuluş istənilən halda xalqla dialoqdan və seçkidən keçir. Bu, bizim prinsipial mövqeyimizdir.
MÜƏLLİF: ANAR ƏSƏDLİ