Məlum olduğu kimi bu günlərdə DÇ-2026`nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Dünya təcrübəsində futbol inkişaf etmiş, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrdə investorların həvəslə pul yatırdığı biznes növüdür. Bir çox ölkələrdə tanınmış və peşəkar futbol klublarına investisiya qoyulur və böyük məbləğdə qazanc əldə edilir. Yerigəlmişkən də bu proses futbolun inkişafına səbəb olur.
Azərbaycanda isə vəziyyət fərqlidir. “Qarabağ Futbol Klubu” MMC-ni çıxmaq şərtilə ölkədə, demək olar ki, heç bir futbol klubuna ciddi yatırım edilmir. Bir sözlə, futbol bizdə biznes deyil. Problemin əsas səbəbləri nələrdir? Azərbaycanda futbol niyə biznesə çevrilmir?

Mövzu ilə bağlı Azad Nuriyev Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda futbola baxış bucağı bir qədər fərqlidir. Nəzərə alsaq ki, 34 ildir müstəqil ölkə olmağımıza baxmayaraq hazırkı günə qədər Azərbaycanda uşaq futbolu üçün hələ də ciddi işlər aparılmayıb. Nə klublar, nə də federasiya səviyyəsində uşaq futboluna diqqət bir o qədər də yüksək deyil. Bəzi klublar var ki, orada akademiya mövcuddur. Amma bunu bütün klublara aid edə bilmərik. Bilirsiniz ki, bu mövsümdən Azərbaycan Premyer Liqasında 12 futbol klubu çıxış edir və onların hamısında vəziyyət bir o qədər qənaətbəxş deyil. Bəzi klublar stadionsuzluqdan ev oyunlarını Bakıda və ya oyunlarını digər klubların stadionunda keçirməyə məcbur olurlar.
Azad Nuriyev onu da deyib ki, həm iqtisadi baxımdan, həm də idarəetmədə problemlər sezilir. Futbolun ölkəmizdə biznesə çevrilməməsində əsas səbəblərdən biri də lazımi institutların formalaşmamasıdır. Çünki, idman mühitini bilən kadrların sayı da kifayət qədər çox deyil. Son illərdə İdman Akademiyasında bu yöndə ixtisasların yaradılması alqışalayiqdir. Ona görə də bəzi klublarımızda idmanı bilən, idman menecmentini, idman hüququnu bilən şəxslərin mövcudluğu həmin klublarda işlərin də keyfiyyətinin öncüllüyünün göstəricisidir. İkinci bir məsələ azarkeş marağıdır. Bilirik ki, daim maraqla izlədiyimiz klublarda azarkeş marağı bizim ölkəyə nisbətdə qat-qat yüksəkdir. Bu da birbaşa olaraq futbolun menecmentində yaranan problemləri əks etdirir. Sırf bu səbəbdən ölkəmizdə avrokuboklara gələn azarkeşlərlə daxili çempionata gələn azarkeşlər arasında ciddi uçurum müşahidə edilir.
Müsahibimiz hesab edir ki, bunun üçün həm klublar, həm futbol qurumları, o cümlədən media (idman mediası) ciddi işlər aparmalıdır. Həm milli, həm klub səviyyəsində nəticələr aşağı olarsa, xaricdən də bura maraq xeyli azalır. Ona görə biz millimizin və klublarımızın Avropa üzrə keçirilən çempionatlarda verdiyi nəticələri müzakirəyə çıxarmalıyıq. Bu baxımdan illərdir fərqlənən bir klub adı həm daxildə, həm də beynəlxalq arenalarda çəkilir – “Qarabağ FK”. Baxmayaraq ki, hər il 4 klubla Avropaya gedirik, amma yekunda “Qarabağ” avrokuboklarda azı yanvar ayına qədər mübarizə aparır.
Bəs, digər klublarda problem nədir?
Onlarda da legionerlər çıxış edir, idarəçilik var, yeri gələndə bəzilərində akademiya da mövcuddur. Azərbaycanın sonuncu dəfə 2 klubla təmsil olunduğu il 2016/17 mövsümüdür. Millidə isə vəziyyət ümumiyyətlə ürəkaçan deyil.
“Futbolun Azərbaycanda biznesə çevrilməsi üçün düzgün PR strategiyası qurulmalı, media ilə düzgün əməkdaşlıq qurulmalı, investorlar üçün də maraqlı, diqqətçəkən təkliflər hazırlanmalıdır”, – deyə Azad bəy qeyd edib.
Şahverdiyeva Elena