Vətənə xəyanət nədir ? İnsan olan Vətənə xəyanət etməz..Vətənə xəyanət bağışlanması mümkün olmayan günahdır..Vətənə xəyanət edənlər xalqın nifrəti ilə damğalanır….
Biz başa düşməliyik ki, müstəqil Azərbaycan bizim Vətənimizdir. Bu Vətənlə fəxr etmək lazımdır. Hətta ən ağır vəziyyətə düşdükdə belə Vətənin suverenliyi və təhlükəsizliyi bizim hamımızın şəxsi təhlükəsizliyindən üstün olmalıdır və üstündür.Vətənpərvərlik hissi ailədən və məktəbdən asılıdır. Bütövlükdə ölkəmizin tərbiyə ocaqları elə qurulmalıdır ki, insanlarda vətən və torpaq üçün fəxarət hissi formalaşdıra bilsinlər və onları əsl vətənpərvər kimi yetişdirsinlər. Digər tərəfdən insanlarımız ictimai cəhətdən fəal olmalıdırlar.
Ətraflarındakı insanların hərəkətlərindəki şübhələr barədə vətəndaş yetkinliyi ilə ölkənin müəyyən xidmət orqanlarına məlumat verməyi özlərinin xidmət borcu kimi başa düşməlidirlər.Kölə psixologiyası ilə yaşamağa alışmış, yaxud şan-şöhrət iddiasında olan insanların izlənilməsi və zərərsizləşdirilməsi təkcə xüsusi xidmət orqanlarının işi deyil. Bu həm də cəmiyyətin bütün təbəqələrinin işi olmalıdır. Biz vətənimizə xidmət etmək üçün ən azından bir məhəllədə yaşayan şəxslərin içərisində hiss etdiyimiz şübhəli əlamətləri, baş verə biləcək mənfi hadisələrin qarşısını almaq üçün özümüz vətəndaşlıq fəallığı nümayiş etdirməliyik. İlk olaraq casusluq və dövlətə xəyanət arasında hansı fərq var sualından başlayaq. Cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur.
Azərbaycan Respublikası CM -nin 274-ci maddəsi. Dövlətə xəyanət yəni, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Bünyamin Bünyadzadə
Respublikainfo.com