Respublikainfo.com Media Qrupu ictimai – siyasi fikir adamı Anar Əsədlinin yazısını təqdim edir:
İsa Yusuf Alptəkin!
Türk Dünyasının qanayan yarası Doğu Türküstanın taleyi vicdan sahibi olan hər bir insanı düşündürməlidir. Uyğur Türklərinin haqlı davası sadəcə bir millətin istiqlalı məsələsi deyil, daha çox bəşəri dəyərlər ilə azğın şovinist rejimlərin davası məsələsidir.
Qızıl Çinin antibəşəri kommunist rejimi Uyğurlara qarşı yürütdüyü assimilyasiya və yoxetmə siyasətindən əl çəkmədiyi müddətcə biz də soydaşlarımıza və qardaşlarımıza mənəvi dəstək verməkdən çəkinməməliyik. Unutmayaq ki, görkəmli Uyğur siyasət və fikir adamı, Azərbaycanın can dostu – İsa Yusuf Alptəkin ömrünün sonuna qədər daim bizim haqq işimizi müdafiə etmiş, çətin günlərimizdə mənəvi dəstəyini əsirgəməmişdir.
Bu gün İsa Yusuf Alptəkinin əbədiyyətə qovuşmasından 29 il ötür. Həyatı boyunca Doğu və Batı Türküstanın, Qafqazın, Yaxın və Orta Şərqin, Krımın, Rusiyanın və bir çox başqa ölkələrin Türk əhalisinin azadlığı uğrunda mübarizə aparmış, əzilən xalqlarımızın səsi olmuşdur.
İsa Yusuf Bəyin ruhu qarşısında baş əyirik. Onun əziz xatirəsi ürəklərimizdə, müqəddəs mübarizəsi isə əməllərimizdə yaşayacaqdır!
Bəzən suallar yaranır ki, demokratik ideyaların cazibəsindən daha çox danışmaq və yazmaq yerinə Türkçü düşüncədən yazır və danışırsınız. Cavabımız çox sadədir: demokratiya bir millətin azad yaşaması üçün zəruri şərtdir, lakin onun üzərində yüksələn təməl milli kimlik, milli dəyərlərdir. Demokratiya yalnız millətin özünü ifadə edə biləcəyi bir mühit təmin edər, amma bu mühitdə məzmunu yaradan və ruhu formalaşdıran bir siyasi prinsiplər dəyəri olmalıdır.
Prinsip olmadan heç bir şeyin məntiqi olmur; demokratiya mücadiləsi də bir prinsipin əsasında qurulmalıdır. Buna görə də demokratiya və Türkçü düşüncə bir-birindən ayrı deyil, əksinə bir-birini tamamlayan anlayışlardır. Məhz buna görə biz, haqlı davamızda hər ikisini də mübarizəmizin əsas sütunları olaraq qəbul edirik.