Terrorizm- siyasi, ideoloji, dini və digər məqsədləri həyata keçirmək üçün təhdid, qorxu,zorakılıq, insan həyatını sonlandırma və digər vahiməli yollarla cəmiyyətə, dövlətə yaxud hakimiyyətə təsir etmək cəhdlərinin ümumi adıdır. Bu və ya bu kimi aktlar əsasən dövlət müəssisələrinə və sivil xalqa qarşı törədilir.
Terror qruplaşmaları üzvlərini belə hadisələr törətməyə fərqli üsullarla cəlb edirlər. Bəzilərini maliyyələşdirmə yolu ilə, bəzilərini isə zəif psixologiyalı olduğu üçün özlərinə cəlb edib “qurban” edə bilirlər. Bəs bunu necə bacarırlar?
Nəzərə almaq lazımdır ki sosial media vasitəsilə insanları təsirə salmaq o qədər də çətin deyil. Dəhşət verici kadrların yayılması, cəmiyyətdə xaos vəziyyətinin yaradılması, qorxu ilə təsir etməyə çalışmaq nə qədər nifrət doğursa da özlüyündə bir çox insana maraq da doğura bilir. Empatiya hissindən yoxsulluq, psixoloji zəiflik, cinayətə meyillilik, bunlar bəzən aşkar, bəzən də gizli daşınan insan hissləridir. Terror qruplaşmaları məhz bu duyğulara müraciət edir.
Lakin bunu sadəcə sosial media vasitəsilə etmirlər. Onlara bu məqsədlərinə çatmaqda sosial media ilə bərabər televiziya və digər məlumatlar mənbələri də kömək edə bilir. Onların istədiyi məlumatların çatdırılması bir növ terror qruplaşmalarının işini asanlaşdırır. Buna görə də paylaşımlar zamanı nə məqsədlə və niyə paylaşdığımıza deyil, bu paylışımın nələrə xidmət edəcəyinə diqqət yetirməliyik.
Təhdid və şantaj məzmunlu görüntülər, düşmən olduğu dövlət və ya qruplara güc mesajları, cəmiyyətdə qorxu və təşviş yaratmaq üçün fərqli üsullardan istifadə edirlər. Əsas etibarilə sosial media vasitəsilə işgəncə, qətl videoları yayımlayırlar. Bu onların vahimə yaratmaq üçün istifadə etdikləri ən effektiv üsullardan biridir.
Partlayışların törədilməsi, hər tərəfdə bununla bağlı xəbərlərin yayılması, xaos yaratmaq onların başlıca məqsədlərindəndir. Əlbəttə ki, dövlətlər terrorizmlə mübarizə aparmaq üçün ciddi addımlar atır, vətəndaşlarını qorumağa çalışırlar. Lakin media onlar üçün daim açıq qapıdır.
Şahverdiyeva Elena, Azərbaycan Universiteti