Məlum olduğu kimi 1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışının baş verməsi ilə 7 min nəfər həlak, 25 min nəfər isə əlil olub. Çernobıl qəzasının aradan qaldırılmasında azərbaycanlılar da iştirak ediblər. Hazırda o qəza zamanı xəsarət almış vətəndaşlarımızın sosial müdafiəsi üçün dövlət müəyyən işlər görür. Azərbaycan Respublikasının “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanununda qeyd olunur ki, şəxsin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac varsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmalıdır.
Artıq 20 ildir ki, mənzil almaq üçün növbədə dayanan Çernobıl əlili, Çernobıl Əlilləri Cəmiyyətinin üzvü Daşkəsən rayonu Mollahəsənli kənd sakini Hüseynov Bəhlul Suvalı oğlu Azərbaycan Respublikası Prezidentinə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə media vasitəsilə açıq müraciət edib. Çernobıl əlili həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə və Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə də müraciət etdiyini bildirib.
Vətəndaş redaksiyamıza müraciət edərkən bildirib ki, bu məsələnin bu ilin sonunadək həll olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin regional şöbəsindən məlumat verilib. Bəhlul Hüseynov hazırda övladları və nəvələri ilə birlikdə hələ də məişət şəraiti bərbad olan ata evində yaşamaqdadır. Hazırda səhhətində və psixoloji durumunda çətinliklərin olduğunu bildirir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilən binalarda əvvəllər Çernobıl əlillərinə də bir neçə mənzil verilirdi. İnşa edilən böyük bir binada 3-5 mənzil Çernobıl əlillərinə verilməkdə idi. Bu zaman əlillərin mənzillə bağlı problemləri, qismən də olsa, həllini tapırdı. Təəssüflər olsun ki, bu proses Səlim Müslümov nazir təyin olunanadək davam edib. Elə onun zamanında bir sıra ədalətsizliklər oldu, iki mərtəbəli evi və 4 otaqlı mənzili olanlara da ev verildi. Lakin ehtiyacı olanlar kənarda qaldı. Səlim Müslümov nazir təyin olunduqdan sonra ortaya çıxan digər problem isə bu mənzillərin yalnız Qarabağ əlilləri və şəhid ailələrinə verilməsi oldu. Çernobıl əlili Bəhlul Hüseynov ümid edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin indiki rəhbərliyi bu il ərzində nəhayət ki, mənzil məsələsini həll edəcəkdir.
ÇERNOBIL ƏLİLİ HÜSEYNOV BƏHLUL SUVALI OĞLUNUN ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFƏSİ NAZİRLİYİNİN TABELİYİNDƏ OLAN SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİN SƏDRİNƏ ÜNVANLADIĞI MÜRACİƏTİ OLDUĞU KİMİ SİZƏ TƏQDİM EDİRİK:
Hörmətlə Sosial Xidmətlər Agentliyinin sədri cənab Vüqar Behbudova, Daşkəsən rayon Mollahəsənli kənd sakini Bəhlul Hüseynov tərəfindən
MÜRACİƏT
Hörmətli Vüqar müəllim! Yazıb sizə bildirmək istəyirəm ki mən 2 – ci qrup Çernobıl AES əliliyəm. 2006-cı ildən Daşkəsən rayon İcra Hakimiyyətində mənzil növbəsinə durmuşam. Həmin vaxtdan bu vaxta qədər dəfələrlə yerli icra hakimiyyəti başcısına yazılı müraciət etmişəm. Lakin hər dəfə mənə cavab olaraq bildirilib ki ,sizin mənzil təminatı birbaşa ƏƏSM Nazirliyinə bağlıdır və biz öhdəmizə düşən sənədləri nazirliyə göndərmişik. Mən Nazirliyin Daşkəsən rayon üzrə şöbəsində də oldum. Nazirliklə əlaqə saxlayan zaman bildirdilər ki,mən tam qaydasında mənzil növbəsindəyəm. Nə vaxt bizə göstəriş verilərsə ,həmin vaxt Çernobıl əlilləri mənzil ilə təmin olunacaq cavabını verdilər.
2021 ci ildə Cənab Prezidentimiz İlham Əliyevin efir vasitəsilə çıxışında özüm dinlədim ki, 2024 cü ilə qədər bütün əlillər, həmçinin Çernobıl əlilləri də mənzillə təmin ediləcəkdir. Lakin buna baxmayaraq 2006 – cı ildən bu tarixə qədər 1 nəfər Çernobil əlili mənzil ilə təmin olunub. Hal – hazırda uzun illərdir ki, ailəmlə birlikdə ata evində çətin şəraitdə yaşayıram. Çerbobıl hadisəsi nəticəsində həm psixoloji həm də fiziki olaraq ciddi sağlıq problemləri yaşayıram.
Artıq intihar həddindəyəm. Bu müraciəti də son çıxış yolu kimi sizə ünvanladım. Mənə Əmək nazirliyindən bildirilmişdi ki, bu ilin sonuna qədər mənzil məsələm öz həllini tapacaq. 20 ildir ki, gözləyirəm. Bu haqsızlıq deyilmi? Əgər bu il də bir nəticə olmasa mən Sosial Xidmətlər Agentliyinin qarşısında intihar edəcəyimi və bu qurumun birbaşa məsuliyyət daşıdığı barədə Prezidentimiz cənab İlham Əliyevə media vasitəsi ilə məktub yazacağımı indidən bəyan edirəm.
Yazıb sizdən xahiş edirəm ki, mənim yaşayış evim olmadığını, eyni zamanda da 4 yetkin yaşda olan övladlarımla kənddə çətinliklə köhnə ata evində yaşadığımı nəzərə alaraq mənim bu il mənzillə təmin olunmağıma köməklik göstərməyinizi rica edirəm.
Əvvəlcədən sizə öz dərin təşəkkürümü bildirirəm. Telefon : +994 70 777 96 38
Mövzunu diqqətdə saxlayacağıq…