Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan baş nazirlə yanaşı Azərbaycanı və beynəlxalq aləmi bu sözlərlə hədələyərək bildirib ki, beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq.
Keçmiş erməni diplomat sülhün əldə edilməsindən niyə narahatdır və ya qorxur? Oskanyanın bu fikirləri nəyə hesablanıb? Sözügedən mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri, politoloq İlyas Hüseynovun şərhini sizə təqdim edirik:
“Ermənistan və Azərbaycan arasında sülh, sabitlik və təhlükəsizlik arasında mövqelər bir – birinə yaxınlaşırsa, nə qədər sülh sazişinin imzalanması ehtimalı güclənirsə o qədər də sülhə və təhülkəsizliyə qarşı çıxan qüvvələr narahatlıq keçirir. Aydın şəkildə bu özünü göstərir. Belə fiqurlardan biri də Ermənistanın sabiq Xarici işlər naziri Vardan Oskanyandır. Onunun nazir olduğu zamanlarda danışıqlar sərt şəraitdə keçirilirdi. Düşmən tərəfi Azərbaycanı fakt qarşısında qoymağa çalışırdı. Azərbaycanı torpaqların itirilməsinə dair mövqe sərgiləməyə çağırırdılar. İşğal faktını qəbul etdirmək istəyirdilər. Lakin bu baş vermədi.
Azərbaycan milli maraqlarını, torpaqlarını, demoqrafik və hərbi üstünlüyünü qorudu və nəticədə biz qələbə qazandıq. Hazırkı reallıqlarda Azərbaycanla şərt dilində danışmaq mümkün deyil. İndiki geosiyasi kontekstdə bizə hədə və şantajla davranmaq qeyri – mümkündür.
Vardan Oksanyan və onun kimiləri, separatçılar və erməni lobbisi nə qədər təhlükəsizliyə qarşı çıxacaqlarsa,o qədər də bu davranışlar erməni dövlətinə qarşı olan mövqe kimi qiymətləndiriləcək. Bu sülhü pozan destukriv açıqlamalar əlbəttə ki, heç bir nəticə verməyəcəkdir. Çünki, reallıq bundan ibarətdir ki, Ermənistan beynəlxalq səviyyədə Azərbaycanın 86, 6 kv kilometrlik ərazisini tanıyır. Tərəflər Alma – Atı bəyannaməsinə sadiqliyini vurğulayıblar.
Burada separatçılığın başında duran şəxslərin, tarixin arxivinə atılmış siyasətçilərin fikirləri heç bir önəm kəsb etmir. Onlar yalnız saxta böyük Ermənistan xəyallarını qururlar. Bunun da uydurma olduğunu da biz dünyaya sübut etmişik.”
Bünyamin Bünyadzadə
Respublikainfo.com