Artıq 3 ildir xalqımız, bütün Azərbaycan böyük Zəfərin fərəhini yaşayır, köksünü dağlamış 30 ilin qübarından arınaraq, qələbə sevinclərini bölüşür. Böyük Zəfər həm də Azərbaycan xalqının dünyada qalib xalq olaraq tanındığı, hünər və cəsarəti, qəhrəmanlıq salnaməsi ilə tarixə düşdüyü gündür. Qarabağ Azərbaycanın ürəyi, millətimizin həssas nöqtəsdir.
Onun azadlığı, haqqın qalibiyyəti uğrunda uzun mücadilə verdik, son dərəcə çətin yol keçdik, əzizlərimizi, doğmalarımızı itirdik, əzildik, lakin əyilmədik. Yenidən küllərimizdən doğaraq, alovlandıq, işğalçı düşmənin layiqli cavabını verdik. Artıq 3 ildir ki, Vətənimizdə, doğma Qarabağımızda, əziz Şuşamızda və nəhayət ki, Xocalı, Xocavənd, Ağdərə və Xankəndimizdə Zəfər bayrağımız dalğalanır. Hər dalğasında yolunda canını qurban verən Şəhidlərimiz, qəhrəman qazilərimiz, vətənsevər oğullarımız yada düşür. Damarında qalibiyyət qanı axan millətimizin özünə qayıtdığı, ucalarda dalğalanan Zəfər bayrağımızla Şəhid ruhların büsat qurduğu, xalqımızın haqq savaşındakı uğur, dövlətçiliyimizin yüksək qələbəsinin böyük təntənəsini yaşayırıq bu gün. Zəfər tariximiz xalqımızın möhtəşəmlik rəmzi, millətimizin milli-mənəvi dəyərlərə, müqəddəs dövlətçilik ənənələrinə sadiqliyinin yüksək təcəssümü, qəhrəman babalarımızın mərd xələfləri ilə bütünləşərək bəxş etdiyi qəhrəmanlıq salnaməsinin böyük töhfəsidir. Bu cəlalı yaşadanlar həm də canlı şahidlərimiz olan Qazilərimiz, Vətən Müharibəsi iştirakçılarımızdır.
Əlbəttə ki, böyük Zəfərimizdə payı, mənəvi dəstəyi olan strateji müttəfiq və dost dövlətlərini unutmaq olmaz. Əsasən də qardaşlıq prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri və doğmalıq əlaqələri xalqımız üçün böyük önəm daşıyır. Buna görə də Zəfər bayramını həm də Azərbaycan-Türkiyə qardaşlığının bayramı kimi də səciyələndirmək olar. Çünki haqsızlığın hökm sürdüyü dünyada xalqımızın haqq savaşındaki Qələbəsində strateji müttəfiqimiz Türk dövlətinin çox böyük siyasi dəstəyi olmuşdur. Bu əlaqələr vətən salnaməsində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin ölkə, xalq qarşısındakı xidmətləri və bu gün reallığa çevrilən Türk dünyası birliyinin formalaşması yolundakı geniş və ölçüyəgəlməz siyasi uğurlarının böyük nəticəsidir. Bütün Türk dünyasının dilinin əzbərinə, devizinə çevrilmiş Ulu Öndərin vaxtilə söylədiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı digər Türk dövlətlərinin bir araya gəlməsində, birliyin yaranmasında və daha da möhkəmlənməsində də bu gün mühüm rol oynayır. Göründüyü kimi hazırki dönəmdə Türk dövlətləri birliyinin inkişafa doğru yol alması, Ölkəmizlə əlaqələrin möhkəmlənməsi məhz Ulu Öndər Heydər Əliyev siyasətinin bəhəridir. Bu uğurlu siyasətin yüksək nəticəsidir ki, iki qardaş ölkənin dövlət rəhbərləri-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən azad Şuşamızda müttəfiqlik münasibətləri haqqında 2021-ci il 15 iyun tarixində “Şuşa Bəyannaməsi” imzalandı. Bu bəyanat Müzəffər Prezidentimiz cənab İlham Əliyevin apardığı müdrik siyasətlə Ulu Öndər xarici strategiyasının uğurlu töhfələrinin davamı olaraq türk dövlətləri birliyinin real modeli kimi Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunması və davamlı inkişafına doğru yol göstərici, Türk birliyi əlaqələri və sıx əməkdaşlığına mayakdır. Təsadüfi deyildir ki, siyasətçilər tərəfindən yaşadığımız çağ-Türkün çağı, XXI əsr isə dünyada Türk əsri olaraq səciyələndirilir. 10 Noyabr tarixli Bəyanatı ilə qazandığımız tarixi Qələbəmiz müqəddəs bayrağımızın yüksəlişi, torpaqlarımızın bütünlüyü və ərazi suverenliyimizin bərpası yolunda yazılan Zəfər tariximiz Azərbaycan əsgərinin hərb meydanında keçdiyi hünər yolunun böyük təntənəsi, Ölkəmizi bütün dünyada şərəflə tanıtdıran, xalqın birliyi, inamı və sevgisindən güc alan möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək fəaliyyətinin, uzaqgörən siyasətinin Qalibiyyət nidasıdır. Artıq 30 illik vətən həsrəti, uzun illərin torpaq nisgili geridə qaldı. Əvəzində isə qovuşduğumuz Vətən torpaqları yenidən dirçəlir, böyük bərpa nəticəsində, soydaşlarımızın öz yurd-yuvalarına qayıdışı baş verir. Qarış-qarış düşmən caynağından qoprılan, Şəhidlərimizin müqəddəs qanı ilə yoğrulan torpaqlarımızda yenidən azadlıq günəşi parlayır, yollar çəkilir, yeni kəndlər, şəhərlər qurulur, yaşayış yerləri salınır, strateji əhəmiyyətli tikililər ucaldılır, ardıcıl olaraq Qarabağa böyük Qayıdış həyata keçirilir. Bəli, xalqımızın Zəfər salnaməsinə yeni uğurlar, yeni tarixlər yazılmaqdadır. Həmin tarix ki, Azərbaycanın uğurlu sabahını, gələcəyini nurlandıracaq, haqqımız olanlara işıq salaraq, böyük türk birliyinə sarsılmaz körpü olacaqdır. Gün gələcək, dədə-baba torpağımız Zəngəzura qayıdışımızı və dövlətçiliyimizin yeni-yeni Zəfərlərini birlikdə qeyd edəcəyik!.
Nəzakət Məmmədova;
Neftçala rayonu, ictimai fəal