Azərbaycan və Türkiyə arasında mövcud münasibətlər, istər siyasi, istərsə də iqtisadi sahədə qardaşlaşmış və müttəfiqlik səviyyəsinə yüksəlib çatmışdır. 2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi bu münasibətlərin tam yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir. Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycanın deyil, ümumən regionda əbədi sülhün təmin olunması üçün ən aktual və vacib amillərdən biri sayılır. Bəyannamənn imzalandığı günün məhz Azərbaycanın Milli Qurtuluş gününə təsadüf etməsi də tarixi bir anlam daşıyır.
Məhz Şuşa Bəyannaməsinin tarixi və əzəli Azərbaycan torpağı sayılan Şuşa şəhərində imzalanması ilə Azərbaycan tarixində ilk dəfə Ölkə başçısı xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bax bu hadisə bu Bəyannamənin nə qədər mühüm hüquqi sənəd olduğunu göstərməklə paralel, Qarabağ torpaqlarının əzəli və əbədi sahiblərinə geri qaytarılmasının sübutu idi. Şuşa Bəyannaməsi, həm də Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümünə təsadüf edən tarixi gündə imzalanırdı. Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.
Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Tarixi Şuşa Bəyannaməsi eləcə də region üçün yeni tarixi gerçəklik deməkdir.
Mahir Yadigarov;
Neftçala rayon ziyalısı