Yenilik və dəyişim hərəkətlilikdən keçər. Hərəkətliliyi yeniliyə çevirmək isə əmək, çaba, zəhmət istər. 7 fevral 2024 erkən prezident seçkilərinə bir də bu rakursdan baxmaq lazımdır.
Seçki hansı səbəbdən erkən keçirilir, nədənləri və s. sual yaradan tərəfləri politoloqların və jurnalistlərin gündəmi və araşdırmasıdır.
Siyasətçinin vəzifəsi prosesdə yer almaqdır. Şəffaf, azad və ədalətli seçkilərə ancaq prosesin içində yer alıb usanmadan aparılan fəaliyyətlə nail olmaq olar. Lakin bu barədə daha sonra başqa yazılarımızda.
İndilik isə mən iki məsələyə baxışımı bildirəcəm. Gedişatda əlbəttə ki, başqa mövqelərimizdə olacaq.
Birincisi seçki prosesində iştirak (namizədlə seçkiyə qatılma, koalisiya yaradaraq seçkidə iştirak və ya seçkini boykot etmək) siyasi partiyaların və ya partiyasız siyasətçilərin birbaşa vəzifəsidir. Bir an öncə siyasilər xalqın önündə vəzifələrini yerinə gətirmək üçün hazırlığa başlamalıdırlar. Resursların və imkanların qeyri-bərabərliyi haqda mülahizələr vaxt itkisidir. Bütün hallarda ağıllı siyasi qüvvələr seşki proseslərindən hər mənada faydalanmalıdır. İnsanlarımızı hər seçkidə bir az daha aktivliyə, vətəndaş mövqeyi sərgiləmələrinə nail olmağa çalışmalıyıq. Ağır yoldur amma başqa aıternativi yoxdur. Siyasətin ən ağır dözülməz tərəfi səbr və təmkinli ola bilmək məharətidir. Təmkin çətin, amma həlledici qüvvəyə malik bacarıqdır.
İkincisi bu zaman kəsimində yeni yaranan birliklərin, hərəkatların, platformaların formalaşması vacibdir və siyasi aktivlik baxımından sevindiricidir.
Mütləq münasibət bildirməliyik çünki siyasi mədəniyyətin kasadlığı hər birimizin məsuliyyətidir.
Fikir müxtəlifliyi, eyni məsələyə fərqli baxışlar, müzakirələr və mübahisələr hər zaman cəmiyyəti düşünməyə vadar edir, bir qığılcım rolunu oynayır, cəmiyyətin beynini yatmağa qoymur. Siyasi aktivliyə isə məntiqlə, debatlarla, problemləri danışaraq, insanları siyasi mərkəzlər ətrafında diskussiyalara cəlb edərək, müxtəlif formatlarda yeni təşkilatlanmalar quraraq nail olmaq olar.
İnsanlar yatmamalıdır, oyaq olmalıdır.
Oyaq və düzgün fikirləşən cəmiyyət doğru nəticə çıxara bilər. Azərbaycan toplumunun gələcək yüksəlişi üçün vacib olan şərtlərdən biri də müxtəlif fikirlərin cəmiyyətdə baş rol almasıdır. Bu baxımdan yeni yaranan təşkilatları, platformaları təqdir edir uğurlar arzulayıram.
Təhqir və nifrət qusmaq isə fikir müxtəlifliyi deyil. Yeni nəsil siyasət adamları siyasəti, siyasətçi obrazını cəmiyyətə şikayət və qeybətlər üzərindən təqdim etməməlidirlər.
Xeyirli uğurlu olsun ölkəmizə!
MÜƏLLİF: ANAR ƏSƏDLİ
RESPUBLİKAİNFO.COM
Baş redaktor: Bünyamin Bünyadzadə