Respublikainfo.com Media Qrup
xaricdə təhsil alan tələbələrimizlə bağlı “Xarici ölkələrdə təhsil” adlı layihə və rubrikası davam edir.
Layihənin məqsədi Azərbaycanın sərhədlərindən kənarda ali təhsil almış və ya hazırda tələbə olan gənclərin həyatını, gündəlik qayğılarını, hədəflərini, gələcək planlarını onların öz dilindən eşitmək və ictimaiyyətə çatdırmaqdır.
Bu çərçivədə ilk müsahibimiz Çexiyada təhsil alan Canel Nəcəflidir.
– Canel xanım! İstərdik ki, əvvəlcə özünüz haqda oxucularımıza məlumat verəsiniz!
– İlk öncə, maraqlı layihənizdə ilk müsahib kimi məhz məni seçdiyinizə görə minnətdarlığımı bildirirəm və layihənizə uğurlar arzu edirəm.
Mən, Canel İlham qızı Nəcəfli, violin ifaçısı, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, 2023-cü ildə AR Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatçısı, Çexiyada ilk əcnəbi tələbəyə verilmiş “Orfeus” mükafatçısı, 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. 2008-2019 illərdə Bülbül adına OİMM-də təhsil almış və əla qiymətlərlə, tərifnamə və Fəxri diplomla bitirmişəm, hazırda Bakı Musiqi Akademiyasında 5-ci kursda qiyabi, Plzen (Çexiya) Dövlət Konservatoriyasında 4-cü kursda əyani təhsil alıram. 9 dəfə nüfuzlu beynəlxalq müsabiqələrinin 1-ci yer, həmçinin Qran-Pri qalibiyəm. Keçən il növbəti müsabiqənin 2-ci yer qalibi oldum (1-ci yer heç kəsə verilməmişdi) və ABŞ-da dünyaca ən məşhur musiqi zallarından biri olan Nyu Yorkda Karnegi holda (Carnegie Hall) qaliblərin Qala konsertində çıxışım oldu. Mən orada Fikrət Əmirovun əsərini ifa etdim, həmçinin bu müsabiqədə Fikrət Əmirovun ailə tərəfindən də mükafata layiq görüldüm, həmin müsabiqənin münsiflərindən biri olan tanınmış violin ifaçısı və pedaqoq Sergui Şvartz tərəfindən bir ustad dərsi də qazandım. Bu cür seçilib yer aldığım müsabiqələr çox olub, mənim üçün ən önəmli və ən əziz olan Diplomlarımdan biri Ulu Öndərimiz H.Əliyevin adını daşıyan və 95-illiyinə həsr olunmuş II Respublika müsabiqədə I yer qalibi olmağımdır. Çünki bu nüfuzlu müsabiqə Ümummilli Liderimizin əziz xatirəsinə həsr olunmuşdur və 5 ildən bir keçirilir.
– Xaricdə təhsil almaq üçün niyə məhz Çexiyanın seçmisiniz? Ümumiyyətlə necə oldu ki, Çexiyada təhsil almağa qərar verdiniz?
– 2018-ci ildə Belçikada gənc violinçilərin “Grumiaux” (keçmiş “Bravo”) adlı beynəlxalq müsabiqəsində iştirak etmək qərarına gəldim. Müsabiqə həqiqətən çox ciddi idi, münsiflər dünyanın müxtəlif ölkələrindən şöhrətli violin ifaçıları idilər – Dora Svartzberg (Avstriya), Filip Koç (Fransa), Youssif İvanov (Belçika), Roman Ferçuk (Çexiya), İqor Tkaçuk (Belçika) və digərləri. Əslində bu cür ciddi müsabiqədə yer almağımı yox, heç finala keçəcəyimi belə düşünmürdüm. Finala keçəndə hamı çox sevindi, düşünürdüm ki, bununla bitəcək, lakin ikinci mərhələdə çıxışılardan bir müddət sonra qaliblər elan edildikdə, öz adımı da eşidəndə,sevincimin həddi-hüdudu olmadı. O zaman mən Bülbül adına OİMM-nin 10-cu sinifində oxuyurdum. Həmin müsabiqədə mən Çexiyadakı müəllimimlə tanış oldum. Məni 8 münsifdən 4-ü öz ölkələrinə təhsil almağa dəvət etdilər, bütün ölkələrdə təhsil haqqı çox yüksən olduğundan və Roman Fedçukun Çexiyadakı təhsillə verdiyi açıqlamasından sonra Çexiyanı seçdim, yeganə şərt təhsilin çex dilində olacağı idi. Plzen Konservatoriyasının rektoru cənab Breyxa tələbələrə bir il ərzində dil öyrənə-öyrənə musiqi təhsilini davam etmək imkanı yaradır. Bir neçə il ərzində çex müəllimlərim, dostlarım, bəzi çətin çex sözlərinin düzgün tələffüz etməyimə məəttəl qalırlar və deyirlər ki, burada on illərlə yaşayan əcnəbilər çex dilini mənim kimi tələffüz edə bilmirlər (gülür). Mən çox şadam ki, seçimim bu ölkə və müəllimim məhz Roman Fedçuk oldu. Bir məqamı da bildirim ki, Belçikada əldə etdiyim bu Diplom mənə Azərbaycanda sahəmə uyğun olan istədiyim Ali məktəbə müsabiqədənkar (imtahansız) daxil olmağa imkan yaratdı və mən də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan musiqi ocağında BMA-da təhsil almağı seçdim. Belçikada iştirakım mənim həyatımda həqiqətən də dönüş yaratdı, imkanlar yaratdı.
– Avropadakı vəziyyətə bələdsiniz. Sizcə, Avropada təhsil almaq istəyənlər əsasən nələrə diqqət etməlidirlər? Onları hansı risklər gözləyir?
– Düşünürəm ki, biz tələbələrin ölkəmizi layiqincə təmsil etməyə imkanlarımız daha genişdi. Belə ki, doğma Azərbaycanımız barədə ətrafımızdakı müəllim və tələbələri düzgün məlumatlandırmaq, tariximiz, mədəniyyətimiz, hazırda sevimli prezidentimizin digər ölkə rəhbərlərini heyrətə gətirdiyi çıxışları, apardığı daxili və xarici siyasəti, ölkənin durmadan bütün sahələrdə inkişaf etmək strategiyası, 30 ildən çox müddətdə düşmənin viran qoyduğu ərazilərin qısa bir müddətdə cənnət-məkana çevrilməsi və xaricilərin görə bilmədiyi və ya görmək istəmədikləri digər məqamları vaxtaşırı diqqətlərinə çatdırmaq kimi məsuliyyəti dərk edib, maksimal dərəcədə olduğumuz ölkə vətəndaşlarının diqqətinə çatdırmalıyıq. Bir musiqiçi kimi mən də öz üzərimə düşən işi məncə bacardığım qədər ətrafdakılarımın diqqətinə çatdırıram. Dahi bəstəkarlarımızın əsərlərini ifa edirəm, kimin əsəri olduğunu açıqlayıram. Şərqdə ilk operanın məhz Azərbaycan bəstəkarının yaratdığını diqqətlərinə çatdırıram. Bir dəfə ümumi fortepiano (obşefono) dərsində müəlliməm telefonla danışmaq üçün otaqdan çıxanda mən pianoda Vaqif Mustafazadənin əsərlərini ifa etməyə başladım, müəlliməm qayıdan kimi – bu nə əsərdi, deyə məndən soruşdu və mən də həmin əsərin bir hissəsini notlara yazıb verdim müəlliməmə. O çox sevinmişdi. Bildiyiniz kimi, musiqi sərhəd tanımır, musiqinin milləti olmur. Çox istərdim ki, dahi bəstəkarlarımızın əsərləri digər ölkələrdə tədris proqramına salınsın. Bu işdə mən əlimdən gələni, konservatoriya rəhbərləri ilə, musiqi şöbələri ilə danışıqlar aparmağa hazıram, əgər müəyyən dəstək olarsa, məncə bunun öhdəsindən layiqincə gələrəm və buradakı müəllimim mənə bu işdə tam köməklik göstərəcəyinə inanıram. Məncə, hər kəs bacardığı qədər ətrafdakıları məlumatlandırsa, zaman-zaman bizə qarşı olan “qarayaxma” kampaniyasına, bizləri sevməməyə son qoyular. Sözsüz ki, bütün bunları aqressiv şəkildə yox, məhz doğru sözümüzü çatdırmaq mənasında deyəriksə, məncə səhv fikirləri, bizə qarşı səhv düşüncələri aradan qaldıra bilərik.
– Ümumilikdə Çexiya ictimai mühitinin və təhsil sisteminin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?
– Çexiya da elə Avropa ölkərindəndir ki, orada məhz onların öz dillərində danışmağa üstünlük verirlər. Şükürlər olsun ki, mən onların dilində sərbəst danışıram və bu cəhətdən heç bir maneə, soyuq münasibətlə üzləşmirəm. Düzü, ilk dövrlərdə çətinlik çəkirdim, təhsil aldığım ilk illərdə pandemiya dövrü olduğu üçün ünsiyyət bir qədər məhdud olduğuna baxmayaraq, hazırda ünsiyyətlə, çex dili ilə bağlı heç bir maneəm yoxdur. Əslində öz dillərini sevməkləri, başqa dildə danışmamaqlarını mənfi hal kimi qəbul etmirəm, lakin bu cür ölkələrə yeni gəlmiş insanlar üçün ilk dövrlərdə çətin olduğunu qeyd edərdim. Mən ciddi mənfi münasibətlə üzləşməmişəm, məni burda hər şey qane edir. Lakin 1-2 dəfə kobud münasibətlə rastlaşdığım hallar da olub, düşünürdüm ki, xarici olduğuma görə belə münasibət bəsləyirlər, amma müəllimlərim, buradakı dostlarım deyir ki, hər yerdə olduğu kimi yaxşı və yaxşı olmayan inslanlar mövcuddur. Düzünü desəm, Azərbaycanda olan xeyirxahlıq, xoş münasibət, mehribanlıq düşünürəm ki, dünyanın heç bir yerində bizim qədər yoxdur. İstərdim ki, yaşadığım Plzen şəhərində Azərbaycan mətbəxi də yer alsın. Təhsilimdən çox razıyam, müxtəlif dillər keçirik, Filarmoniyada, teatr, konsert zallarında çıxışlarımız, dəsrlərimiz olur, idman üçün gözəl şəraiti olan zalımız var və s., müəllimlərim mənim biliyimdən, oxumağımdan çox razıdırlar, bu da çox sevindirici məqamdır.
– Çexiyaya adaptasiya mərhələsini necə keçdiniz? Adətən hansı çətinliklərlə rastlaşmısınız?
– Plzendə 1-ci kursu bitirməmiş pandemiya dövrü başladı, onlayn təhsil sisteminə keçdik, biliklərimizi lazımi qaydada nümayiş etdirə bilmirdik, müəllimlərim məni yaxşı tanımırdı, miqrasiya idarəsi ilə bağlı sənədləşmə işləri ilk dövrdə çətin gəlirdi, burada sənəd məsələləri çox ciddidir, hər bir xırda-böyük məqamlara ciddi diqqət yetirilir. Şükürlər olsun ki, ilbəil artıq 5-ci müraciətim oldu və hər bir sənədim qaydasındadı. Əsasən dili öyrənmək mərhələsində bir qədər sıxılırdım, çünki burda elə sürətli danışanlar var ki, bir müəlliməmiz var, hətta çex tələbə dostlarım da onu güclə başa düşürdülər (gülür). Hal-hazırda düşünürəm ki, hər şey qaydasındadır.
Arzularınız və gələcək planlarınız barədə nə deyə bilərsiniz?
– Musiqiçi kimi, solo ifa etməyə daha çox üstünlük verirəm. Məni tez-tez Plzen Dövlət Filarmaniyasına orkestrda ifa etməyə çağırırlar, arada onlarla işləsəm də, qeyd etdiyim kimi, solo ifa etməyi sevirəm. Bir neçə nüfuzlu konsertlərim də baş tutmuşdur. Onlardan, Prezident Administrasiyası və AR Mədəniyyət Nazirliyinin gənclər üçün nəzərdə tutulmuş “Yeni Adlar” layihəsi çərçivəsində 2023-cü ilin fevralında Bakıdakı gözəl musiqi zallarından biri olan M.Maqomayev adına Dövlət Filarmosiyasında orkestrlə Motsartın 3 saylı konserti ilə çıxışım, elə həmin ilin mayında Çexiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30-illiyinə həsr olunmuş geniş konsert proqramı ilə solo ifam və Çexiyadan gəlmiş müəllimimlə duet çıxışlarımı qeyd etmək istərdim. Həmçinin Çexiyadakı Azərbaycan səfirliyinin, Diaspor Komitəsinin tədbirlərində tez-tez solo çıxışlarım olur, onlarla sıx əməkdaşlıq edirəm. Həmin konsertlərdən biri 44-günlük Vətən müharibəsində qalibiyyətimizin birinci ildönümündə səfirliyimizin təşkil etdiyi, zəfərimizə həsr edilmiş “Long Live Azerbaijan” adlı konsertdə təxminən 1 saatlıq solo ifam oldu. 30-dan çox diplomatın dəvət olunduğu konsert boyük alqışlarla qarşılandı. Məncə ana tərəfdən əslim Şuşalı olduğu üçün ifam daha təsirli idi. Praqada 20 yanvar faciəsinə, Xocalı soyqırımına, Respublika gününə, Heydər Əliyevin 100-illiyinə hərs edilmiş diplomatik konsertlərdə solo ifalarım yer almışdır. Hər zaman ölkəmizi layiqincə və yüksək səviyyədə təmsil etməyə hazıram və bundan sonra da edəcəyəm. Arzularımdan biri də odur ki, bir musiqiçi kimi dünyaca məşhur musiqi salonlarında çıxış etmək, Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifamla tanıtmaq və s. Həmçinin təhsilimi Azərbaycanımıza, karyerama faydalı şəkildə davam etmək fikrindəyəm. Ümid edirəm seçdiyim yolu layiqincə və sona qədər davam etdirəcəyəm.
Bir daha layihənizə uğurlar arzulayıram və hər birinizə təşəkkürümü bildirirəm.
Respublikainfo.com Media Qrupu adından öz növbəmizdə biz də istedadlı və gənc musiqiçimiz Canel Nəcəfliyə təhsilində və həyatında uğurlar arzulayırıq.
Söhbətləşdi: Respublikainfo.com Media Qrupun baş redaktoru: Bünyamin Çingizoğlu