Şəki Dövlət Dram Teatrının səhnəsində iyun ayının 19-da müasir yazar Xaqani Əliyevin eyniadlı tarixi dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşasının geniş ictimaiyyətə nümayişi keçirilib. Tamaşa tarixçi alim, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədli, baletmeysteri Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Aydın Əlibalayev, Lalə Məmməd, İlkin Rüstəmov və digərləri ifa ediblər.
Tarixi dramda Şəki xanlığını yaradan və tariximizdə müdrik, cəsur xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, onun parçalanmış Azərbaycan xanlıqlarını birləşdirməsi uğrunda apardığı mübarizədən, Şəki torpaqlarını düşmənlərdən qəhrəmancasına qorumaq əzmindən bəhs edilir.
Tamaşadan əvvəl teatrın foyesində akademik Yaqub Mahmudovun Azərbaycan tarixinə həsr edilmiş yeni kitablarının, yeni nəşr edilmiş tarixi atlasın və “Çələbi xan” əsərinin müəllifi Xaqani Əliyevin kitablarının sərgisi keçirilib. Bu nümayiş kitabsevərlərin böyük marağına səbəb olub.
Tədbirin sonunda səhnə əsəri tarixçi alim Yaqub Mahmudov, əsərin müəllifi Xaqani Əliyev və digər qonaqların iştirakı ilə böyük alqışlarla qarşılanıb.
Xüsusi müxbir Şükufə Ramizqızı
Respublikainfo.com