Son iki ildə siyasi meydanlarda nə yaşanırsa-yaşansın, bütün gözlər Rusiya-Ukrayna savaşındadır və özəlliklə də Rusiyadadır. Dağılma, çökmə ərəfəsində əllərindən gəldikcə hər yerə qan sıçratmaqdan əl çəkmirlər. Xalqların arasında nifaq salmaq, düşmənçilik yaratmaq və bunun üçün müxtəlif tələlər qurmağı yeganə çıxış yolu görürlər.
Bu günlərdə isə, daha bir “rus tələsi” xəbəri bizi üzdü. Hətta ikiqat üzdü. Çünki bu dəfə tələyə düşən türk xalqlarımızdan biridir: Qaquzlar. Moldovada Qaqauz Yeri adlı muxtariyyət quran qaqauzların məsələsi zamanında Türkiyənin müdaxiləsi və köməkliyi ilə xalça altına süpürülmüşdü və məsələ dondurularaq səssizliyə qarışmışdı.
Bu səssizlik qaqauzları çox yaxşı qoruyurdu. Ancaq Putinin birdən-birə bu səssizliyi pozmaq istəməsi, yəni Qaqauzları “müstəqillik oyunu”na gətirmək istəməsi və Qaqauziyanın prezidentinin də bu “tələyə” düşməsi çox üzücü və narahatedicidir.
Yayılan xəbərlərə əsasən, Qaqauziyanın prezidenti Putinlə görüşüb və bu görüş haqlı olaraq Moldova dövlətinin hiddətinə səbəb olub. Bu məsələyə Türkiyənin necə reaksiya verəcəyini bilmirəm, amma yəqin ki, Türkiyədən açıq bir reaksiyanın gəlməsi az inandırıcıdır.
Məsələ burasındadır ki, Qaqauziya Moldovanın daxili işidir və BMT-yə daxil olan bütün ölkələr Moldovanın suverenliyinə hörmət etmək məcburiyyətindədir. Lakin buna baxmayaraq, Rusiya cəza maşınını Gürcüstan və Ukraynadan sonra, Moldovada da işə salmağa çalışır. Çoxmillətli ölkələrin hər birində olduğu kimi, Moldovanın da “yumşaq qarnı” ərazi bütövlüyü və suverenliyidir.
Bunu bilən Rusiya hər postsovet ölkəsində olduğu kimi, Moldovanı da bununla şantaj edir. Biz Qarabağ məsələsində oxşar şantaja uzun illər şahidlik etdik. Kreml hər iki ölkəni (Azərbaycan və Ermənistan) “Qarabağ tələsinə” saldı və 30 il şantaj etdi.
Rusiya “separatizmi” özünə artıq çoxdan siyasi alət edib və bu yolla xalqları qanına qəltan etməkdən çəkinmir. İndi Rusiyanın toruna düşmək, özünü “ocaq qurdalayan maşa” kim Kremlə təslim etmək, dolayı yolla öz xalqının fəlakətinə bağışlanmaz imza atmaqdır.
Belə bir vəziyyətdə regional təşkilat olaraq həm Türk Dövlətləri Təşkilatının, eyni zamanda Türkiyə və Azərbaycanın üzərinə düşən çox ciddi vəzifələr var. Hesab edirəm ki, bütün diplomatik üsullardan istifadə etməklə, diplomatik kanalları işə salıb məsələyə müdaxilə edilməlidir.
Əvvəla ona görə ki, azsaylı xalqların hüququnu müdafiə etmək adı altında ən çox terrora məruz qalan ölkələr kimi, Azərbaycan və Türkiyə bu məsələdə Moldovanı daha yaxşı başa düşməlidir. İkincisi, qan düşərsə, sayı az olan qaqauzların genefonduna daha bir ağır zərbə vurulmuş olar.
Üçüncüsü isə, “Bizim bir ailəmiz var – Türk Ailəsi” deyildiyi bir vaxtda Rusiyanın daha bir türk xalqını öz ailəsindən qoparıb, boyunduruğuna salmasına göz yummaq olmaz.
Bütün bunları nəzərə alaraq, təcili surətdə, həm Azərbaycan diplomatları, həm də qardaş Türkiyə diplomatları məsələ ilə bağlı ortaya ciddi münasibət qoymalıdırlar. Xarici işlər nazirlikləri səviyyəsində baş verənlər nəzarətdə saxlanmalıdır. Heç şübhəsiz ki, Rusiyanın illərdir planlaşdırdığı bu məkrli süjet xətti artıq özünün inkişaf fazasına daxil olub. “Metastaz” verməmiş kəsib götürmək lazımdır. Yoxsa sonra çox gec olar.
Müəllif : Anar Əsədli
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com