Respublikainfo.com Media Qrupu növbəti siyasi məqaləni təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin haqqında “Bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir.” deyə bəhs etdiyi Rusiya – Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə dair xəbər manşetləri ilə tez-tez rastlaşırıq.
Uzun inkişaf yolu gözlənilən Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlər tarixinə səyahət edərkən rastlaşdığımız nüanslara nəzər salaq. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur.
Hələ SSRİ dövründə Azərbaycan SSR-in Moskvada fəaliyyət göstərən Daimi Nümayəndəliyi əsasında müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi təşkil olunmuşdur.
25 sentyabr 1992-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb.Azərbaycanla Rusiya arasında münasibətlər hər iki dövlətin başçılarının və digər dövlət qurmlarının rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində hazırki yüksək inkişaf səviyyəsinə çatmışdır.
2000-ci ildə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın xarici siyasətində, o cümlədən Azərbaycan ilə münasibətlərində praqmatik meyllər öz təzahürünü tapmağa başladı. Xəzərin yeni hüquqi statusunun sahilyanı tərəfindən hazırlanıb qəbul edilməsinədək dənizin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında, vergi qanunvericiliyi, beynəlxalq avtomobil nəqliyyatı, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair və s. razılaşmalar əldə edildi.
3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannamə, 1 sentyabr 2018-ci il tarixli “Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, bir çox sahələri əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və həmin sənədə daxil olan ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritələri, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına, o cümlədən iqtisadi münasibətlərin dərinləşməsinə mühüm təkan vermişdir.
İki ölkə arasında humanitar əməkdaşlıq da genişlənməkdədir.
Belə ki, Rusiyada 11 mindən artıq Azərbaycan vətəndaşı ali təhsil alır. Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərirlər.Azərbaycanda 340 məktəbdə rus sektoru mövcuddur və 18 rusdilli məktəb fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar Azərbaycanın tamhüquqlu vətəndaşları kimi ölkənin inkişafına layiqincə öz töhfələrini verirlər. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bu Bəyannamə iki dövlət arasında əlaqələrin bütün sahələrini əhatə edir və 43 bənddən ibarətdi 2023-cü il oktyabrın 12-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Son 30 il ərzində birgə əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır.
Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verə bilər.
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi
Qədirova Gülgəz