Rusiya bütün gücüylə Azərbaycan insanının nifrətini qazanmağa davam edir.
Rusiyanın bizə münasibəti bəllidir, bu barədə kiməsə nəyisə isbat eləməyə gərək yoxdur.
Biz Rusiyayla heç bir zaman düşmən olmaq istəmədik. Əksinə, dost olmaq üçün hər şeyi etdik.
Hətta hakimiyyətdəkilər (dəyişilənlər və ya yerlərinə gələnlərin əksəriyyəti) nə qədər istəsələr belə, Rusiyanı yanlarında görə bilmədilər. Rus məktəbləri, rus dilinin ölkəmizdə statuslu olması, rus biznesinə son vaxtlar açılan paytaxt, rus musiqiçiləri üçün hazırlanan konsert proqramları Rusiyanı yanımıza gətirmədi.
Biz nə zaman ətrafımıza baxsaq, qanımıza batmış rus əlini görürük.
Çıxış yolu isə Xalqdan keçir.
Məhz elə bu baxımdan bizim həm hərbdə, həm diplomatiyadakı tək və yenilməz gücümüz xalqdır.
Həmin o xalq ki, 30 ildir, Rusiyaya qarşı həm müstəqilliyini, həm suverenliyini qorumağa çalışır və bu mübarizədə dirəniş göstərir.
Bu 30 ildə Rusiya da eyni əzmlə xalqımıza qarşı öz məkrli siyasətində dirəniş göstərir.
Amma uduzacaq. Bəli uduzacaq.
Tanrı da, siyasətlər də, dövlətlərin maraqları da bizim qalib olmamızdan yanadır.
Rusiya buradan qanlı və ya qansız gedəcək.
O ki, qaldı müttəfiqliyə bu barədə fikrimcə mərhum Çeçen lideri Cövhər Dudayevin məhşur fikri möhürün vurub.:”Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir.”
Rusiyanın bu günə qədər istər özünün imza atdığı, istərsə də beynəlxalq hüquqla tanınan hər hansı sənədə sayğı göstərmədiyi bəllidir. Göstərsəydi, özünün başçılığı ilə yaradılmış MDB-yə vaxtilə üzv olan Moldova, Gürcüstan və Ukrayna dövlətlərinin ərazisində separatçı “dövlət”lər yaratmazdı və həmin ölkələrin suverenliyini təhdid etməzdi.
Bu gün Rusiyanın həmin “separatçı dövlətlərin müstəqilliyi”ni tanıması bir daha göstərir ki, Rusiya nə özünün atdığı imzaya, nə də beynəlxalq hüquqa hörmət edir.
Rusiyanı ən yaxşı ifadə edən uşaq vaxtı oxuduğum “Kəlilə və Dimnə”dəki bu misralardı:
Əqrəbə bal verib, yedirtsən şəkər,
Məhsulu yenə də olacaq zəhər
ANAR ƏSƏDLİ