Bu mövzu ilə bağlı vəkil, Vəkillər Kollegiyasının üzvü Südabə Əliyeva Respublikainfo.com saytına açıqlamasında bunları bildirib:
Mənəvi zərərə görə kompensasiya tələb etmək hüququndan danışarkən ilk növbədə zərər anlayışına aydınlıq gətmək lazımdır. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakter daşıyır. Mənəvi zərər adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır.
Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.
Zərər yetirmə fiziki və ya hüquqi şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Bu o deməkdir ki, zərərin yaranması üçün əsas şərt fiziki və hüquqi şəxslərin qanunda müəyyən edilmiş hüquqları və qanunla qorunan mənafeyləri pozulmuş olsun.
Mülki məcəllənin 21-ci maddəsində zərərə belə anlayış verilmişdir.
Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin bu normasında şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları göstərilmişdir.
Fiziki və hüquqi şəxslərin şərəfinin, ləyaqətinin və ya işgüzar nüfuzunun müdafiəsi Mülki Məcəllənin 23-ci norması ilə qorunur. Barəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ qeyd olunan normada nəzərdə tutulsa da həmin zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikasının Konistitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır, bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər dedikdə hüquqları pozulşuş şəxslərin fiziki və mənəvi iztirabları başa düşülür.
Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur.
Belə ki, Mülki Məcəllə ilə yanaşı Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, “”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”” Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır.
Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
Mülki hüquq pozuntusu nəticəsində maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi halları Mülki Məcəllədə konkrekt normalarla göstərilmişdir. Mülki qanunvericilikdə Mülki hüquq pozuntusunu delikt də adlanır. Yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd, mülki qanunvericiliyin normalarını pozan əməllərin törədilməsi nəticəsində zərərçəkən şəxs ona vurulmuş maddi və mənəvi zərərin əvəzini təqsirli şəxslərdən tələb edə bilər.
Mülki qanunvericiliyə əsasən;
Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən, məhdud fəliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə, heyvanın vurduğu zərərə görə, binanın uçması nəticəsində dəyən zərərə görə, tibb müəssisəsinin vurduğu zərərə görə zərərçəkən şəxs ona dəyən maddi və mənəvi zərərin əvəzini tələb edilməsi hüququ var.
Əmək qanuvericiliyində də işçiyə vurulan maddi və mənəvi zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Beləki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi və mənəvi zərəri tam məbləğdə ödəməlidir.
Əmək münasibətlərində işçiyə vurulmuş mənəvi zərər dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”” Qanuna əsasən istehlakçıların hüquqları istehsalçı, icraçı, satıcı tərəfindən pozularsa istehlakçıya dəyən maddi və mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir.
Son günlər respublikamızda normdadan artıq yağan yağışlar, daşqınlar və digər təbiət hadisələri zamanı fiziki və hüquqi şəxslərin əmlaklarına maddi zərər dəymişdir. Bu kimi təbiət hadisələrinin baş verməsi daşınar və daşınmaz əmlakın sığortalanmasının vacibliyini göstərir.
Baş redaktor Bünyamin Bünyadzadə