Respublikainfo.com Media Qrupun “Sağlam həyat” rubrikasının növbəti qonağı, illərdi öz peşəsi ilə psixologiya sahəsində uğurlara imza atan Uzman Klinik Psixoloq, Psixoterapevt – ARZU HÜSEYNZADƏDİR. ARZU HÜSEYNZADƏ İLƏ MÜSAHİBƏNİ SİZƏ TƏQDİM EDİRİK:
Xoş gördük sizi Arzu xanım! Bəzən insanlar psixoloq ilə psixoterapevti səhv salır. Bu iki peşə arasında başlıca fərqlər nədən ibarətdir?
Psixoloq və psixoterapevt arasındakı əsas fərq onların təhsil və fəaliyyət sahəsindədir.
Psixoloq, insan davranışı, duyğuları və düşüncə proseslərini öyrənir, psixoloji qiymətləndirmə və məsləhət xidməti göstərir. Bakalavr səviyyəsində psixoloq daha məhdud sahələrdə fəaliyyət göstərə bilər, lakin psixoloji pozuntular üzərində işləmək üçün klinik psixologiya ixtisası üzrə magistr təhsili vacibdir. Bu mərhələdən sonra psixoloq elmi əsaslı psixoterapiya metodlarını (məsələn, BDT, EMDR və s.) öyrənərək tətbiq edə bilər.
Psixoterapevt isə artıq bu terapiya metodlarını strukturlaşdırılmış şəkildə istifadə edən mütəxəssisdir; psixoloqlar,
psixiatrlar və sosial işçilər müvafiq təlim və superviziya keçdikdə psixoterapevt kimi fəaliyyət göstərə bilərlər. Həm psixoloq, həm də psixoterapevt dərman yaza bilməz; bu səlahiyyət yalnız psixiatr həkimlərə məxsusdur.
Ümumiyyətlə psixoloqa hansı hallarda müraciət edilməlidir?
Əgər siz özünüzdə və həyatınızın gedişatında fərqliliklər hiss edir, emosional gərginlik,
narahatlıq, düşüncə qarışıqlığı, motivasiya itkisi, yuxu və ya diqqət problemləri vs. kimi hallar yaşayır və ya yaxınlarınız sizdə mənfi dəyişikliklər müşahidə edirsə, bu, psixoloqa müraciət üçün kifayət qədər önəmli siqnaldır. Psixoloji dəstək almaq üçün vəziyyətin şiddətlənməsini gözləmək lazım deyil — əksinə, nə qədər tez müraciət edilərsə, bir o qədər effektiv və qısa zamanda müsbət nəticə əldə etmək mümkündür.
Adətən sizə müraciət edən şəxslər daha çox hansı problemlərə görə psixoloji
yardım almaq istəyirlər?
Adətən müraciət edən şəxslər təşviş pozuntusu (anksiyete), o cümlədən panik pozuntu, depressiya, obsessiv-kompulsiv pozuntu (OKP), özünüqiymətləndirmənin aşağı olması, mükəmməlliyyətçilik, xroniki stress, travmatik yaşantıların təsiri, ailə- münasibət problemləri və imtahan həyəcanı kimi mövzularla bağlı psixoloji yardım almaq istəyirlər.
Bir psixoloq olaraq cəmiyyətimizdə və xüsusilə də gənc nəsildə psixoloji baxımdan
hansı problemləri müşahidə edirsiniz? Və bu problemlərin həllini nədə görürsünüz?
Psixologiya ölkəmizdə son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib, lakin əvvəlki illərdə
psixoloji yardım anlayışı bu qədər əlçatan və qəbul edilən deyildi. Gənclər duyğularını ifadə
etməkdə çətinlik çəkir, mükəmməllik təzyiqi altında böyüyürdü. Özünü ifadə edə bilməyən,
amma sübut etməyə çalışan bir gənc nəsil formalaşmışdı və hər bir uğursuzluğu zəiflik kimi qiymətləndirirdilər. Müasir dövrdə isə sosial mediada uğur təzyiqi və “ideal həyat” obrazı bu gənclərin özünüqəbul və dəyər hissinə təsir edir. Hazırda həmin nəsil artıq 25+ yaş kateqoriyasındadır. Müasir gənc nəsil əvvəllki nəsillərdən fərqlidir: onlar daha çox özlərini ifadə edə bilirlər, şəxsiyyətlərinə fokuslanır və anlamağa çalışırlar.
Digər mühüm məsələ isə həm psixoloqa müraciətə, həm də insanların bir-birinə qarşı
qərəzli yanaşmaları və damğalama meyilləridir. Cəmiyyətdə tez-tez “psixoloqa gedirsə, eməli, problemi var” və ya “fərqli düşünürsə, qəribədir” kimi fikirlər səslənir. Lakin burada empatik yanaşma əsasdır. Biz hər bir insanın yaşantısını və psixoloji vəziyyətinə təsir edən amilləri tam görə bilmərik. Buna görə bir-birimizi anlamağa, dəstək göstərməyə çalışmaq
vacibdir.
Bu və digər problemlərin həll yolu maarifləndirmənin artırılmasında, emosional bacarıqların ailə, məktəb və ictimai mühitdə inkişaf etdirilməsindədir. İnsan duyğularını tanımağı və onları sağlam şəkildə ifadə etməyi öyrəndikcə, həm fərdi, həm də sosial rifah daha dayanıqlı hala gələcək.
Bəzi hallarda hər psixoloqun özünəməxsus müayinə və müalicə metodları olur. Bəs
sizin bu istiqamətdə özünəməxsus metodlarınız varmı?
Bəli, əlbəttə. Psixologiya çox geniş bir sahədir və bir tək yanaşma ilə bütün problemləri əhatə etmək mümkün deyil. Mən, psixoterapevt olaraq elmi əsaslarla təsdiqlənmiş terapiya metodları olan EMDR (Eye Movement Desensitization and Reprocessing) və Koqnitiv Davranış Terapiyası (CBT) ilə çalışıram. Hansı terapiya metodu ilə irəliləyəcəyim isə pasiyentin konkret probleminə bağlıdır. Hər bir pasiyent üçün ən uyğun metod müəyyən edilir
və seanslar bu yanaşma əsasında davam etdirilir. Məqsəd həm problemin əsas səbəblərini işləmək, həm də pasiyentin emosional rifahını gücləndirməkdir.
İnsanlara, xüsusilə də mənəvi – psixoloji cəhətdən cəmiyyətin həssas
nümayəndələrinə bir mütəxəssis kimi tövsiyyələriniz nədən ibarətdir? Ümumiyyətlə
oxucularımıza bir mesajınız varmı?
Hər şeydən əvvəl özünüzə diqqət edin. Özünüzə yaxşı baxın — həm bədəninizə, həm də zehninizə. Sağlam bir zehn, sağlam bir bədənlə mümkündür. Bədəniniz hər zaman sizə mesaj verir; onun verdiyi reaksiyaları görməzdən gəlməyin — onu dinləyin və ehtiyaclarınıza qulaq verin. Özünüzə diqqət göstərdikcə, özünüzə olan inamınız, dəyəriniz və sevginiz də artacaq. Bunun sayəsində ətrafınızdakı bir çox şeyi olması gərəkdiyi kimi dəyərləndirə biləcəksiniz. Unutmayın ki, ətrafımızda baş verən hər bir hadisə, ona yüklədiyimiz məna qədərdir.
Peşənizlə bağlı gələcək planlarınız və əsas hədəfləriniz nədən ibarətdir?
Peşəmlə bağlı gələcək planlarım çoxdur, amma onları paylaşmağı o qədər də sevmirəm. Mən vətənimi, dövlətimi sevirəm və əminəm ki, xalqımız üçün əlindən gələnin ən yaxşısını etməyə davam edəcəyəm.
Maraqlı və faydalı müsahibəyə görə sizə təşəkkürümüzü bildiririk. Redaksiyamızın kollektivi adından gələcək fəaliyyətimizdə sizə hədəflərinizə çatmağı və daha çox uğurlar əldə etməyi arzu edirik!
Respublikainfo.com
Baş redaktor Bünyamin Bünyadzadə



