Qürurla bilərik ki, bu gün Azərbaycan dünyanın ən sabit, əminamanlığın qorunduğu ölkələrdəndir. Hazırda Azərbaycan təkcə öz ərazisində deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, o cümlədən dünyada əbədi sülhün təmin edilməsi üçün öz töhfələrini verməyə hazırdır və bu sahədə kifayət qədər işlək resurslara malikdir. Bu gün dünyanın istənilən ölkəsi ilə Azərbaycan hərtərəfli qarşılıqlı əməkdaşlıq şəraitinin qurulmasında maraqlıdır. Xüsusi qeyd edilməlidir ki, bütün bunlar üçün ölkəmizdə əsl siyasi iradə vardır. Bəli, hamımıza aydın və bəllidir ki, Azərbaycan son bir neçə ildə bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Belə mötəbər tədbirlərdən biri də COP 29 beynəlxalq konfransıdır.
Əlbəttə ki, bu səviyyədə tədbirlərin keçirilməsi üçün ilk növbədə həmin ölkələrdə sülhün, sabitliyin bərqərar olması əsas, vacib şərtlərdən sayılır. Bu mənada Azərbaycanın Vətən Müharibəsindən sonra nümayiş etdirdiyi mövqe, irəli sürdüyü təşəbbüslər onu deməyə əsas verir ki, bizlər ən yaxın zamanda regionumuzda sülhü görə biləcəyik. Ölkə başçısı cənab İlham Əliyev sonuncu dəfə “Euronews” telekanalına müsahibəsi zamanı bildirmişdir ki, Azərbaycan COP-29 beynəlxalq konfransın təşkili və tərtibatı, o, cümlədən həmin tədbirdə iştirak edəcək dövlətlərin nümayəndələrinin rahat və təhlükəsiz tədbirdə iştirakı üçün bütün lazımı prosedurları ən yüksək səviyyədə həyata keçirəcəkdir. Bu gün Azərbaycan dünya dövlətləri ilə balanslaşdırılmış siyasət həyata keçirir. Ölkəmizə qarşı atılacaq istənilən məkrli addımın qarşısı vaxtında və çox qətiyyətlə alınacaqdır. Bizlər əminik ki, hazırda Azərbaycanın artan nüfuzu onun, həm də beynəlxalq imicinə müsbət təsir göstərir. Azərbaycan nəinki Ermənistanla, həm də heç bir dünya dövləti ilə bu gün konflikt yaşamaq fikrində deyil. İndi Ölkə rəhbərinin qarşıya qoyduğu bir nömrəli məsələ regionda əbədi sülhün təminidir. Qeyd etməliyik ki, hazırda ölkə iqtisadiyyatının bütün sahələrində misli görünməmiş inkişaf hiss olunmaqdadır. Artıq yaşıl enerji, alternativ enerji ehtiyatlarının işlənib hazırlanması və ölkə daxilinə enerjiyə olan təlabatlarımızın ödənilməsi istiqamətində müəyyən nailiyyətlər əldə olunmuşdur. Bu çox təqdirəlayiq haldır. Hazırda Azərbaycan Avropanın 9 ölkəsinə təbii qaz nəql edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı özünə etibarlı tərəfdaş hesab edir. Bütün bunlar ölkəmizin son illər artan nüfuzunun göstəricisidir.
Şahin Abdiyev;
Neftçala rayonu