Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 11 mart 2025-ci il tarixində Qərbi Azərbaycan əsilli soydaşlarımızın kompakt şəkildə məskunlaşdığı Parağa kəndində səyyar qəbul keçirib. Vətəndaş məmnunluğunu təmin etmək və mövcud problemləri yerində həll etmək məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri və kənd icra nümayəndəsi iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək kənd sakinlərini yel çərşənbəsi, qarşıdan gələn Novruz və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara müvəffəqiyyət arzulayıb. Daha sonra dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən qərarlar və mühim dövlət proqramları barədə sakinlərə ətraflı məlumat verilib. Çıxışda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində ölkəmizin işğal altında olan torpaqları azad etdiyi, bununla da konstitusion və suveren hüquqlarımızın tam bərpa olunduğu vurğulanıb. Bu tarixi Zəfərin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin göstəricisi olduğu qeyd edilib.
İcra başçısı, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı ilə bağlı dövlət siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb. O, həmçinin Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edərək, bu qurumun Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühim işlər gördüyünü bildirib. Bununla yanaşı, Qərbin bəzi dairələrinin Azərbaycana qarşı apardığı ikili standartlara əsaslanan siyasətinə toxunulub və ölkəmizin bu məsələdə qətiyyətli mövqe sərgilədiyi qeyd edilib.
Görüşdə 2025-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən də bəhs olunub. Bu qərarın Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib. Zəngəzur dəhlizinin açılmasının regional və beynəlxalq əhəmiyyətinə toxunan icra başçısı, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” bəyanatını xatırladıb. Bu layihənin Türk dünyası və türkdilli dövlətlər arasında iqtisadi və strateji əlaqələrin gücləndirilməsində vacib rol oynayacağını bildirib. Zəngəzur dəhlizinin açılmasının həm region dövlətləri, həm də bütövlükdə ölkəmiz üçün yeni imkanlar yaradacağı vurğulanıb.
İcra başçısı İğdır–Naxçıvan qaz xətti layihəsinin əhəmiyyətindən danışaraq, bu layihənin Muxtar Respublikanın blokadadan çıxarılmasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühim rol oynadığını qeyd edib. O, eyni zamanda “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat verib və bu ildən etibarən nəzərdə tutulan tədbirlərin icrasının daha da sürətlənəcəyini bildirib. Çıxışda Dövlət Proqramı çərçivəsində azad iqtisadi zonaların formalaşdırılması və bunun Muxtar Respublikanın sosial-iqtisadi inkişafına verəcəyi töhfələr sakinlərin nəzərinə çatdırılıb.
Daha sonra vətəndaşlar ilə kəndin ümumi problemləri müzakirə edilib. Onların içməli və suvarma suyunun təminatı, kənd ərazisində mərasim evinin tikilməsi və digər məsələlərlə bağlı müraciətləri məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb və həlli üçün tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitdən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.