27-28 aprel 1920 ci il – AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN İŞĞALI GÜNÜDÜR…
Bu işğal bizim dövlətçilik tariximizdə şübhəsiz ki, bir qara ləkədir və bunun izləri uzun zaman silinməyəcək. İşğalın heç bir zaman müsbət tərəfi ola bilməz.
Təsəvvür edin biz sovet tərəfindən işğal olunmasaydıq, bu gün dövlət olaraq, hansı gücün sahibi idik?
Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaqdan məhrum oldu. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum oldu.
Xalqın siyasi tərbiyəsinin zəif olması isə onunla nəticələnir ki, 34 ildir, dövlət quran xalqın dövlətin gələcəyi ilə bağlı istənilən bir fikrə yanaşması əksər hallarda mədə prizmasında özünü göstərir.
Və bu gün müstəqil ölkənin vətəndaşları kimi bir daha belə hallarla qarşılaşmamaq, dövlətimizin daim müstəqil, vətəndaşlarının hürr və azad olmasından ötrü bütün təhlükələri dəf etməyə hazır olmaq üçün İŞĞAL TARİXLƏRİMİZİ çox yaxşı bilməliyik.
Özəlliklə işğala qarşı dirəniş tariximizi öyrənməliyik.
Xanlar Bayramovun müəllifi olduğu “Gəncə Üsyanı – 1920: sənədlər və materiallar” kitabı haqqında bir neçə dəfə yazmışam, amma olsun, məhz bu gün bir daha təkrar etməkdə fayda var. Çünki bu gün 27 apreldi. Bu kitabı mütləq alıb oxuyun və uşaqlarınıza da oxuması üçün mütləq tövsiyə edin. Gələcəyimiz üçün oxumaları hava və su kimi vacibdi.
İlk dəfə bu kitabda Azərbaycanın işğal edilməsinə, dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın və yüksək rütbəli cümhuriyyət ordusunun zabitlərinin üsyanı və müqaviməti haqqında sənədlərlə, faktlarla yazılır. Cümhuriyyətimizin süquta uğraması ilə barışmayan zabit və əsgərlərimizin Gəncə üsyanında tarix yazaraq millətimizin adına şərəfsizlik ləkəsinin düşməsinə macal vermirlər. Biz həm də ona görə bu tarixi bilməli və uşaqlarımıza oxutmalıyıq ki, dədə-babalarının öz yerini, haqqını tanıyan, boyun əyməyən, tabe olmağa nifrət edən, azadlığı, müstəqilliyi uğrunda savaşan bir xalqın fərdləri olduğunu anlayıb, dərk etsinlər.
Üsyan – Böyük Gücün qarşısına kiçik güclə çıxmaqdır. Üsyançıların amalı, ölüm-qalım savaşı təkcə yaşadığı vaxta deyil, gələcəyə hesablanır. Gəncə üsyanı isə dərsdir. Bu dərsdən həm özümüz nəticə çıxarmalıyıq, həm də uşaqlarımızı yaxşı öyrətməliyik, yoxsa çox uduzacağıq.
Ənənə üzərində tərbiyə olunmayan xalq, təcavüzkar qonşulara qarşı mübariz ola bilməz.
Biz həm də ona görə bu tarixi bilməli və uşaqlarımıza oxutmalıyıq ki, 27 Aprel işğalından nəticəsində müstəqilliyimiz süquta uğrayandan sonra 114 min kvadrat kilometr, Azərbaycan Dövlətinin ərazisinin Bolşevik Rusiyasının idarəetməsi altında 86 min kvadrat kilometrədək kiçilməsini unutmayaq. Zəngəzur, Göycə və başqa bitişik ərazilər Ermənistana Sovet işğalı nəticəsində verildi.
Azərbaycan Cümhuriyyətinin qurucularının əksəriyyəti Rus KQB-nin “qırmızı terror”unun qurbanları oldular. Cümhuriyyətin baş naziri Nəsib Bəy Yusifbəyli başda olmaqla digər baş nazirimiz Fətəli Xan Xoyski, Parlament sədrinin birinci müavini Həsən Bəy Ağayevi, İstanbulda nazir Behbud Xan Cavanşiri, Əks-kəşfiyyat İdarəsinin ilk rəhbəri Məmməd Bağır Şeyxzamanlını və başqalarını terror edərək qətlə yetirdilər.
Gəncə Üsyanında Azərbaycan ordusunun 12 generalı, 27 podpolkovniki, 46 kapitanı, ştabs-kapitanı, poruçik və podporuçiki, 413 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnir. Təkcə Nargin adasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirilir.
Və İşğaldan sonra təbii olaraq yaranan Azərbaycan siyasi mühacirətinin tərkibinə nəzər salanda bir daha bu işğalın tariximizdə açdığı dərin yaraları daha dəqiq görə bilirik.
Bütün bu sadaladıqlarım kifayət edər ki, 27 aprel tarixi nifrətlə xatırlansın!
27-28 aprel işğalı qurbanlarının ruhları qarşısında baş əyir, sonsuzadək sevgi və ehtiramımı bildirirəm!
Yaşasın 28 May!!!
Yaşasın Cümhuriyyət!!!
ANAR ƏSƏDLİ