Azərbaycan hakimiyyəti və onun bir parçası olan Tarif Şurası hər zamankı kimi yanlışına davam etməkdədir. Vətəndaşının cibinə hansı yüksək maaşı qoyursan ki, hələ bir rahatlıqla ” bəri ver”, – deyə bilirsən?
Utanmaz-utanmaz da trollara yazdırırlar ki, 10 qəpikdirdə nə olacaq ki…
Minimum əməkhaqqı məbləğinə münasibətdə birdən-birə bu miqyasda artımı ictimaiyyətin normal qarşılaması əlbəttə ki, mümkün deyil.
Xüsusilə ictimai nəqliyyatın müntəzəm istifadəçisi olan əhalinin azgəlirli, yoxsul, həssas təbəqələri, pensiyaçılar, tələbələr, məktəblilərin halını düşünün.
Az gəlirli vətəndaşların gün ərzində minimum dörd-altı dəfə ictimai nəqliyyatdan istifadə etməsinin onların ümumi gəlirlərinə nə qədər mənfi təsir elədiyini təsəvvür etmək çətin olmur. Vətəndaşların şəhəriçi kütləvi hərəkətini təmin edən, əhalinin nəqliyyat ehtiyacını ödəyən ictimai nəqliyyat kimi publik bir sahəyə hakimiyyətin bir biznes sahəsi kimi yanaşması doğru deyil.
Təəssüf ki, ölkədə ümumi idarəetmə sistemi, xüsusilə də böyük şəhərlərin idarə edilməsi işində kifayət qədər başdansovdu, insan faktorunun nəzərə alınmadığı, müasir dövrlə heç cür ayaqlaşmayan bir sistem yanaşması mövcuddur.
Əslində isə kütləvi istifadəsi olan sərnişindaşıma xidməti hər bir ölkədə humanitar hibrid mexanizm hesab olunduğundan hökumətlər bu məsələyə diqqətli və həssas yanaşmağa borcludur.
Əhalinin az gəlirli və yaxud, ümumiyyətlə gəliri olmayan həssas təbəqələri (pensiyaçılar, əlillər, qazilər, müharibə veteranları, məktəblilər) üçün ictimai nəqliyyat ya tamamilə ödənişsiz edilməlidir, ya da müəyyən faiz etibarilə güzəştlər tətbiq olunmalıdır. Bizdə isə güzəşt əvəzinə qiymətlər qalxır.
Tarif şurasının bu qərarı “Alma Almaya bənzər” filmindəki bu epizodu mənə xatırlatdı. Hakimiyyət bir əli ilə verdiyi az məvacibi o biri əli ilə artıqlaması ilə alır…
MÜƏLLİF: ANAR ƏSƏDLİ
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com