“Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində respublikanın regionlarında tələbə – professor heyətinin, alimlərin iştirak etdiyi elmi – praktiki seminarlar davam etməkdədir. Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu dəfəki tədbir Naxçıvan Muxtar Respublikasında baş tutdu. Naxçıvan Dövlət Universitetində keçirilən elmi-praktiki konfransda Naxçıvan şəhər professor – müəllim heyəti, alimləri, ictimai-siyasi fəal gənclər, tələbələr iştirak ediblər.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları və iştirakçıları salamlayaraq, mövzunun aktuallığına toxunub, regionlarda bu mövzuda həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Rektor ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini qeyd edərək Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə tədqiqat işlərinin aparıldığını bildirib.
Layihənin rəhbəri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov rektor Elbrus İsayevə yaratdığı şəraitə görə təşəkkür edərək “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. “Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir : Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda çıxış edən Zaur Məmmədov eyni zamanda, layihə çərçivəsində hazırlanan, respublikanın tanınmış elm adamlarının iştirakı ilə ərsəyə gətirilən “Qərbi Azərbaycan tarixi – siyasi aspektlər” adlı məqalələr toplusunu Naxçıvan auditoriyasına təqdim edib.
Sonra, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qərbi Azərbaycana qayıdış: beynəlxalq hüquqi əsasları və müasir çağırışlar kontekstində” mövzusunda məruzəsi dinlənilib. Millət vəkili Qayıdış konsepsiyasının hüquqi – siyasi əsasları haqqında geniş məlumat verərək bu istiqamətdə aparılan işlərə aydınlıq gətirib.
Ali Məclisin deputatı, YAP Naxçıvan şəhər təşkilatının sədri, NDU-nun dosenti Elman Cəfərli “Qərbi Azərbaycan, Naxçıvan irsinin qorunmasında Ümumilli Lider Heydər Əliyevin rolu" mövzusunda çıxış edib. O, Ulu Öndərin Zəngəzurla və Naxçıvanla bağlı apardığı siyasətin mahiyyətinə diqqət çəkib.
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “Ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların deportasiyası tarixi və Ulu Öndər Heydər Əliyevin deportasiya ilə bağlı bəyanatları, qərarlar” mövzusunda çıxışı zamanı bu istiqamətdəki hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, erməni dövlətinin yaranması, daha sonra azərbaycanlıların başına gətirilən etnik təmizləmə, deportasiya faktorlarını iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra konfrans interaktiv formada davam edib, alimlər, ziyalılar və gənc fəallar mövzu ilə bağlı öz fikirlərini bildirib, iştirakçıların sualları cavablandırılıb.
Respublikainfo.com
Baş redaktor Bünyamin Bünyadzadə