Respublikainfo.com Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin rəhbəri Mirzə Rəşad Orbeyin yazısını təqdim edir:
Siyasi mühiti bizdəkindən heç nə ilə fərqlənməyən Rusiyada baş verən son olaylar ciddi-ciddi təhlil edilməlidir. Ona görə yox ki, qonşu ölkənin siyasi həyatında yaşananlar insanlıq adına tükürpədici və qorxuncdur, yox, həm də ona görə ki, bəşəri prinsiplərin, insan hüquq və azadlıqlarının, universal dəyərləri özündə birləşdirən demokratiyanın sabitliyə və təhlükəsizliyə təhdid olduğuna “inanmağa başlayan” çatlaq səslər çoxalır.
Bu, Azərbaycanda da müşahidə olunan pis bir tendensiyadır. Beləliklə, “ağrımayan başını ağrıtmaq istəməyən” toplumlar diktaturaya, avtoritar sistemlərə çox asanlıqla təslim olurlar…
Aleksey Navalnı öldürüldü, yaxud başqa sözlə, Navalnı öldü – indi bunun heç bir fərqi yoxdur.
O, daha yoxdur.
Sözün ənənəvi mənasında siyasətin birbaşa qadağan olunduğu, repressiya təhlükəsinin hər addımbaşı hiss edildiyi bir ölkədə qorxmaz bir siyasətçinin unikal nümunəsini yaradan Navalnı indən belə bizə qəbir daşından baxacaq. Hərçənd deyəsən, zalım diktator nifrət elədiyi bu mübariz adamın dəfn edilməsinə də əngəllər yaratmaqdadır.
Aleksey Navalnı, məncə, unudulmayacaq. Zərrə şübhə etmirəm ki, normal siyasi rəqabət şəraitində o, dövlətin birinci şəxsi olmaq şansına malik idi. Keçmişin köhnəlmiş və heç cür effekt verməyən ənənəvi idarəetmə stereotiplərindən qurtula bilməyən mövcud siyasi hakimiyyətdən fərqli olaraq, onun Rusiyanın gələcəyi ilə bağlı çox aydın fikirləri, bir dövlətçilik imici və mərhələli inkişaf proqramları var idi.
Bəlkə də qəribədir, amma Navalnının ölümü, əslində, aşağı-yuxarı hamımıza elə, ya belə toxunur. Hüquqi, demokratik, rüşvətsiz və korrupsiyasız, hamıya əlçatan firavan bir respublika arzulayan hər kəs Navalnı ilə birlikdə bir daha ölmüş oldu. Navalnını təkcə Putin repressiyası öldürmədi. Onu həm də biganə cəmiyyət, həyatına və gələcəyinə etinasız yanaşan rus insanı öldürdü.
Navalnı ölümü ilə bir andaca hüdudsuz qəddarlıq, qırılan ümidlər, laqeyd cəmiyyət, şəxsi planda dərin ailə kədəri haqqında acı bir hekayəyə çevrildi. Başqa yandan isə, bu repressiv ölüm Rusiya siyasi isteblişmentinin rəqabətə zərrə qədər dözməyən struktura malik olduğunu bir daha hər kəsə aydın etdi. Bir də, ən ali kürsüdə oturan adam – Alekseyin ölüm xəbəri yayılandan sonra, dünyanın hər yerində bir çoxları – on milyonlar bu qəfil ölümün mənşəyi haqqında eyni şeyi düşündülər.
Navalnının ölümünü artıq xarici təhdidlər və daha ədalətli dünya nizamı ilə bağlı sərsəm geosiyasi arqumentlərlə izah etmək mümkün deyil. Bu siyasi terror, ən çox da, Ukraynadakı hərbi əməliyyatların ləng xarakterinə görə sakitləşməyə başlayan kütlələri ayıltmalıdır. Yarımtotalitar rejimin real dayağı olan passiv konformistlər bunun öhdəsindən necə gələ biləcəkləri barədə çox götür-qoy etməli olacaqlar.
İndi əminliklə söyləmək olar ki, 2015-ci ildə Nemtsov qətlə yetirildiyi müddətdən bəri Rusiya Federasiyası siyasi rəqiblərin seçkilərdə aldadıldığı diktaturadan öldürüldüyü diktaturaya çevrilib. Navalnının ölümü artıq bu suala da qəti cavab vermiş oldu. Bəli, arxada qalan bu illər ərzində, Rusiya – siyasət elminin dili ilə desək – siyasi aldatma, manipulyasiya diktaturasından qorxu diktaturasına, Ukrayna ilə müharibə başlayandan sonra isə – artıq 20-ci əsrdə bir dəfə başımıza gəlmiş – terror diktaturasına çevrilib.
Baş verənlərin siyasi nəticələri belə bir ehtimalı gücləndirir ki, bundan sonra hakim sinfin və onun repressiya aparatının mütləq şəkildə hər şeyə hakim olmaq, hər şeyə qadir olmaq və məsuliyyətsizlik hissi daha da dərinləşəcək. Bu isə o deməkdir ki, cəmiyyətin avtokratiyanın istənilən təşəbbüsündən daha çox, alqışa üstünlük verən susqun hissəsi özünə daha da qapanacaq, hətta “başını salamat saxlamaq üçün” hakimiyyətə dəstək verməkdə canfəşanlıq edəcək.
Ola bilsin, bəzi passiv konformistlər başa düşəcəklər ki, şəxsi rahatlıq üçün onlar aktiv konformistlərə çevrilməlidirlər. Hakimiyyətdə onsuz da təhlükə hissi yoxdur – susmayanlar reputasiyalarını “düşmən olaraq” yenidən təsdiq edəcəklər, onlar üçün sıxışdırma maşını və nəhəng repressiv qanunvericilik var. Susanlar ağızlarını bərk-bərk bağlayacaqlar, dəstək verənlər isə daha çox hay-küy qoparacaq, hətta aqressivləşəcəklər.
Bu yaxınlarda məşhur amerikalı jurnalist Taker Karlsonla iki saatlıq söhbət zamanı Putin öz xislətini zatən bir daha ortaya qoymuşdu. Müsahibə zamanı, o, nə mərhum Navalnını, nə də həbsdə olan digər rus müxalifətçiləri xatırlamamışdı. Əvəzində isə, miskin bir varlıq kimi sarsaqca bir təklif irəli sürdü. Putin çox qəribə şəkildə Almaniyada “vətənpərvərlik zəminində qətl törədən” bir agentə haqq qazandırdı və təklifi ondan ibarət idi ki, bu agenti Rusiya həbsxanasında dustaq olan amerikalı jurnalist Evan Qerşkoviçlə dəyişdirmək olar.
Təsəvvür edirsiz? Məhz bu yanaşma bir daha bizə təlqin edir ki, Putin və onun ətrafı üçün “vətənpərvərlik zəminində” adam öldürmək təqdirəlayiq və faydalı bir işdir. Lakin daha mütərəqqi Rusiya arzulayan sivil mübarizə tərəfdarı müxalifətçilər, əksinə, vətən xainidirlər, satqındırlar – necə də tanış mənzərədir, elə deyilmi?
Navalnı həbs olunanda bir dəfə, ondan sonra zəhərlənib ölümlə üzbəüz buraxılanda növbəti dəfə, səhhətini düzəldib aktiv siyasətə qoşulmaqdan ötrü Avropadan vətəninə qayıdıb ikinci dəfə zindana atılanda da üçüncü dəfə xalqın düşünə bilən hissəsində ağır şok, ciddi ruh düşkünlüyü, xəyal qırıqlığı yaşanmışdı. Navalnı öldürüldü – dördüncü, daha ağır bir ŞOK yaşandı!
Heç kim çörəyi qulağına yemir, hər kəsə aydındır ki, Putin amansız dərəcədə nifrət elədiyi, əvvəl “bloger” sonra “pasient” adlandırdığı bu adamın qələmini hələ 2020-də qırmışdı, sadəcə, o vaxt məlum zəhərlənmə xoşbəxtlikdən Alekseyi öldürməmişdi.
Şok 2024-də yaşandı…
…bu şok indi də davam edir və təəssüf ki, bu gün rus xalqının ümumi ovqatına utanc, yorğunluq, çaşqınlıq və ümidsizlik daha çox hakim kəsilib. Əsasən də, utanc və ümidsizlik bəlkə də indi yarımtotalitar Rusiyasında vicdanı və düşünmə qabiliyyəti olan bir çox insanın yaşadığı depressiv vəziyyətdir – bu son cümləni xırda istisnalarla hətta Azərbaycana da aid etmək olar..
Kobud ifadə eləsək, Navalnı 1990-cı illərdə doğulmuş rusların bütöv bir nəsli üçün pis-yaxşı siyasi bələdçi funksiyasını icra edirdi. On il yarım ərzində o, indiki hakimiyyətə alternativin simvolu olaraq ölkədə müxalif xəttə rəhbərlik etdi. İndi hamı eyni sualı verir: Nemtsovdan sonra Navalnı – Navalnısız Rusiya necə olacaq? İndi Rusiya müxalifətinə kim rəhbərlik edəcək?
Avtoritar rejimlərə vərdiş etmiş xalqların ən pis cəhəti odur ki, baş vermiş səs-küylü hadisələri tez unudurlar. Proseslər çox sürətlə dəyişir. Yeni bir olay köhnəni unutdurur və bu, nəticə çıxarmağa macal buraxmır, fürsət tanımır. Yarımtotalitar, avtoritar siyasi hakimiyyətləri ayaqda tutan əsas təbəqə isə, heç şübhəsiz konfortunu heç nəyə güzəştə getməyən passivlərdir.
Görmə, eşitmə, növbəti bəd xəbərdən uzaq tut özünü, xəbərlərin yalnız rəsmi versiyasına inan – konformist əksəriyyət bütün oxşar situasiyalarda, o cümlədən Navalnının zəhərləndiyi vaxtda da özünü tam bu şəkildə aparmışdı: “zəhərlənmə yoxdur, bu səhnələşdirilmiş ssenardir” – 37%, “Qərb kəşfiyyat xidmətlərinin təxribatıdır” – 23%, “hakimiyyətin siyasi rəqibini aradan qaldırmaq cəhdidir” – 15% – o vaxt sorğu mərkəzləri durmadan belə tirajlayırdılar.
Bəli, onlara görə bu şəkildə yaşamaq, bu formada düşünmək daha asandır (daha doğrusu, heç düşünməmək). İşin ən dəhşətli tərəfi də budur: xalqın konformist əksəriyyəti hakimiyyətin ağlına gətirəcəyi və həyata keçirmək istəyəcəyi hər şeyə hazır idi və təəccüblü deyil ki, onlar eynilə Ukraynaya münasibətdə “xüsusi əməliyyat”ın özünü də, onu həyata keçirmək üçün bütün əsaslandırmaları da, bax, belə rahat qəbul etdilər.
Bütün bu söhbətlər fonunda indi gələk işin ən prinsipial və mühüm olan izahına.
Son vaxtların yarımtotalitar və avtoritar rejimləri yeni əcaib tezislərin düşüncələrdə legitimlik qazanmasına can atmaqdadırlar. Nədir bu? Rejimin suveren, yəni heç kimlə razılaşdırılmayan siyasi zorakılıq həyata keçirmək qabiliyyəti, rejim sahibləri üçün “guya regional planda təhdidlər yaradan” “Qərb neokolonializmi” ilə mübarizənin göstəricisinə çevrilməkdədir. Bu məntiqə görə, dövlət o zaman həqiqi suveren olurmuş ki, o, arzuolunmaz vətəndaşları, hətta xarici ərazidə belə öldürmək və ya cəzalandırmaq imkanı əldə edir. Allah Allah! Bu versiyaya misal kimi, Rusiya hakimiyyətinin BI-2 qrupunu Tailanddan çıxarmaq üçün uğursuz cəhdini, Böyük Britaniyada Skripal və Litvinenkoya qarşı sui-qəsd cəhdlərini, Berlində və ərəb ölkələrində çeçen səhra komandirlərinin qətllərini xatırlamaq olar. (Azərbaycanın avtoritar hakimiyyəti də xaricdə müxalifətçi ovuna çıxmaqda Rusiyadan geri qalmır).
Sırf bu kontekstdə Navalnının ölümünü Rusiya rejiminin sərtləşməsi fonunda şəxsi problem olmaqdan çıxarmaq istəyən dairələr də var. Sizcə, belə bir tabloda siyasi zorakılığın nümunəvi misalı kimi, o, avtoritar dövlətlərin getdikcə güclənən elitasının xeyrinə balansı dəyişməkdən ötrü, qlobal cəhdlərin simvoluna çevrilə bilərmi? Məsələyə belə yanaşmaq etik deyil, adamın ölümü üzərindən siyasi spekulyasiyalar qəbuledilməzdir, sadəcə, biz nə edək ki, avtoritar rejimlər özünüqoruma zamanı və davranışlarına bəraət qazandırmaq üçün belə sərsəm fikirlərə əl atmağa vərdişkardırlar.
Məsələn, elə Azərbaycanda baş verən oxşar hadisələrdən də bilirik ki, istənilən insan hüquqları müdafiəçiləri bu elitalar tərəfindən şəxsi hakimiyyət uğrunda mübarizədə maneə kimi deyil (ən pisi odur ki, son vaxtlar demokratik düşüncəli vətəndaşların özləri də belə düşünür), əksinə, “düşmən”in xaricdəki himayədarlarından daha asan məhv edilən (əlinin altındadır: ya həbs edir, ya öldürür) müttəfiqi kimi qəbul edilir.
Aleksey Navalnı və Yevgeni Priqojin arasında ortaq heç nə yoxdur, lakin onların yoxa çıxması avtokratın Olimpin zirvəsindəki tənhalığını daha da dərinləşdirir. Rusiya prezident seçkilərinə gedir və Navalnının ölümü tam da prezident seçkiləri kampaniyası zamanı baş verib. İndi, bəlkə də, tərəddüd etmədən demək olar ki, Putinin heç bir siyasi rəqibi yoxdur. Lakin, əslində, Navalnı ölümü ilə də Putinə bu seçkidə rəqibdir. Seçki anlamında olmasa da, iqtidarda olanların dediyi kimi, “ekzistensial” mənada…
2021-ci ilin yanvarında Aleksey Navalnı siyasi mübarizəsini ölkə daxilində davam etdirmək üçün Rusiyaya qayıtmışdı. Doğrumu, ya səhvmi etmişdi, artıq bu müzakirələrin də elə bir əhəmiyyəti qalmayıb. İndi hakimiyyət Navalnının və onun cəsur komandasının mövcud olmayacağına əmindir. Putin və isteblişmenti həmçinin əmindir ki, cəmiyyət bu şoku da atladacaq və Navalnını getdikcə unudacaq.
Lakin məndə dərin bir inam var ki, hələ heç nə bitməyib və Putinin sevinci qursağında qalacaq. Təpədən dırnağa demokrat olan Navalnını unutdurmamaq, onun Rusiya üçün arzularını, planlarını diri tutmaq və onları bir gün gerçəkləşdirmək üçün fürsətlər hələ tam da tükənməyib. Necə deyərlər, demokratiyada çarə tükənməz. Rusiya xalqı bu mənada o qədər də qısır deyil, mütərəqqi, azad fikirli liderlər yenə olacaq…
Heç şübhəsiz, Kremldə, Lubyankada və başqa ünvanlarda oturan hakimiyyət adamları da Alekseyi unutmayacaq, onun üçün darıxacaqlar – çünki Navalnı sözün birbaşa mənasında bu idbar sistemə qarşı həm şəxsi planda son illərin ən rəngli, ciddi bir alternativ imicini, qaynar və dinamik siyasi mübarizə cəbhəsini yaratmışdı, eyni zamanda da ölkədə dəyişiklik istəyən xalq kütlələrinin düşüncə sisteminə yeni bir anlayış gətirmişdi – Rusiyada siyasi təşkilat rəhbərlərinin (qorxularından) edə bilmədiyi, çox nadir olan – vətəndaşlara mövcud hakimiyyətə alternativ ola bilmə əminliyini (yeni layihə kimi) təlqin eləmişdi.
Bəli, mahiyyətində diktatorluq və ya avtoritarlıq olan Vladimir Putini (ona bənzəyən hər kəsi) ən çox qıcıqlandıran, özündən çıxaran, rəqiblərinə qarşı qəddar edən də elə budur – kiminsə ona alternativ ola bilmə ehtimalına cəmiyyətin qəbullanması. Gec ya tez, belə bir siyasi lider ortaya çıxacaq..
#AlekseyNavalnı # #АлексейНавальны# #Путин#
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com