Xocalı soyqırımının 33-cü il dönümündə Xocalıda bayrağımızın dalğalanması, insanlarımızın öz yurdlarına dönüb yaşaya bilməsi nəhayət ki, yaralarımıza məlhəm olan böyük tarixi bir hadisə oldu.
33 il öncə, 200 ilə yaxın bir müddətdə xalqımıza qarş törətdikləri cinayətlərin növbətisini Rusiya (366-cı motoatıcı briqada) və erməni silahlı birlikləri 26 fevral tarixində Xocalıda yaşatdılar. Uşaq, qadın, qoca demədən həmin gecə öldürülən insanların böyük əksəriyyəti mülki əhali idi. İnsanlıq adına kütləvi terror, soyqırım baş vermişdi.
O gecə bir şəhər yer üzündən silindi…
Xocalı Soyqırımında qətlə yetirilən və bu faciədən dərin travma alan bütün insanlarımızı xatırlayanda, bu gün də dərin üzüntü və hüzn yaşayaraq bildirirəm ki, xalqımıza qarşı törədilən heç bir cinayət cavabsız qalmamalı, Xocalı Soyqırımını törədənlərin də ədalət məhkəməsi qarşısında hökmü mütləq oxunmalı və cəzası verilməlidir. Hər şeydən öncə isə, Sovetin hüquqi-siyasi varisi olan Rusiya Azərbaycan xalqı qarşısında cavab verməlidir!
O məşum gecədə və Qarabağ savaşında həyatını itirmiş bütün mülki insanlarımıza Uca Yaradandan rəhmət diləyir, xalqımızın belə faciələri bir daha yaşamaması üçün Azərbaycan Ordusuna sonsuz dəyanət, güc və qüvvə arzulayıram.
ANAR ƏSƏDLİ

