Respublikainfo.com Media Qrupu Anar ƏSƏDLİNİN yazısını təqdim edir:
Dünən yenə Ramiz Mehdiyevin adı Rusiyanın Azərbaycandakı şəbəkəsinin əsas adamı kimi mediada hallanmağa başladı. 5 il öncə Parlament seçkiləri ərəfəsində Mehdiyevin siyasi cinayətləri barədə danışanda, silsilə yazılar yazanda bu gün Mehdiyev haqqında danışanlar bizə salam verməyi kəsmişdilər. İçlərində bizə qəzəblə baxırdılar…
Sonra həmən adamlar Mehdiyevi “vurmağa” başlayanda Mənim “Brutdan Siyavuşa, Beriyadan Mehdiyevə və ya nə əkərsən, onu da biçərsən.” adlı bir yazım yayınlandı. Həmən yazını müəyyən ixtisarla oxumayan izləyicilərim üçün təkrar paylaşıram.
………….
Siyasətdə məsələlərin şəxs üzərindən yürüməsinin və qaralama kampaniyaçılığının qəti əleyhinə olsam da, Mehdiyev personasında məsələ fərqlidir. Bəzən bir şəxs özündə çökən bir sistemi təcəssüm etdirdiyindən bu mövzuda yazmaq məcburiyyətində qalırsan.
Həm də bu mövzuda ona görə bolluqdur ki, uzun müddətdir bu cəmiyyətə “sus” əmri verən adam özü linc olunur.
İllərdi məhz sizin xeyir-duanızla və birbaşa məsləhətinizlə təyin olunmuş məmurlar toxunulmazlıq qazandılar. Özlərinin və ailə üzvlərinin etdikləri özbaşınalıq, harınlıq minimum əmək haqqına məcbur qalmış insanların gözü qarşısında baş verirdi. Gördüklərindən və yaşadığı aşağı həyat səviyyəsindən hiddətlənən insanlar həm də susmaq məcburiyyətində qalanda içlərində yığılan şikayətlər kinə və aqressiyaya çevrilir.
Bu prosesin ideoloji “baba”sı isə Mehdiyev olduğu üçün fürsət və imkan düşən kimi, təbii ki, ən çox şiddət, qınaq obyekti də özü olur.
Tarix bizə demokratiya dərsi keçir, sovet ideoloji məktəbindən dərs alan “akademik”lər isə bu dərsi oxumaq istəmirlər. Demokratiyanın onlar üçün ikinci təhsil olaraq bir şans olduğunu başa düşmədilər…
Basqı etdiyiniz müstəqil media boğulduğundan və indiyə qədər danışanların əksəriyyətinin özü, azadlığı və hətta ailə üzvləri təhlükə altına düşdüyündən bu gün sizi daha ürəklə tənqid edirlər.
Bəlkə də bu tənqidlərin çoxu kampaniya səciyyəsi daşıyır, ancaq bu xətti də elə cənab “boz kardinal” özü müəyyən etmişdir. Vurulanı dərhal baltalamaq, cəmiyyətdə iflic etmək, insanları linc etmək, jantaj, şiddət kimi strateji xəttin banisi özü qazdığı quyuya özü düşdü.
Əgər siz vaxtınızı intriqalardan ayırıb akademik saata həsr etsəydiniz, görərdiniz ki, tarixdə cəzasız cinayətlər yoxdur. Bəlkə də ağlınızın ucundan da keçməzdi ki, oyunun piyadaları kimi baxdığınız və istədiyiniz an asanlıqla yerlərini dəyişdirdiyiniz bu “məmurcuqlar” sizi satacaqlar. Ən əsası, adi bir toy qalmaqalında belə, “kişilik” göstərə bilməyəcəklər.
Məgər siz qul və nökərlərinizi vəzifələrə qaldıranda, peşə biliyinə, vəzifə bacarığına, insani keyfiyyətinə və ictimai əxlaqına söykənirdiniz?
“Hər kəsin bir qiyməti vardır” deyib, müxalifət sıralarını zəiflətdiniz. Bütün maddi resursları əlindən alınan müxalif siyasi fəallar dilemma qarşısında qalırdı: ya Mehdiyevlə işləyərək əqidəni sataraq maddi cəhətdən ayaqda durmaq, ya da təmiz, zəif vəziyyətdə duruş gətirməyə cəhd göstərmək.
Həbsxanaları siyasi məhbuslarla dolduranda yerinizi və ya yaxın qohumlarınızı onların yanında görürdünüzmü? Yəqin ki, yox. Düşünürdünüz ki, yaratdığınız yırtıcı ordusu sizi qoruyacaq. Halbuki gəmidən qaçan ilk onlar oldu.
Tarixdən dərs ala bilməməyiniz bu proseslərdə həm də sizin bir alim kimi mahiyyətinizi darmadağın etdi. Ən azından sizi yetişdirən SSRİ tarixini yaxşı bilmədiyiniz bəlli oldu. Sovetin 37-ci il repressiyalarının qanlı qılıncı, Stalindən sonra SSRİ-nin 2-ci adamı olan Beriya haqqında heçmi oxumadınız və ya filmlərə baxmadınız? Bircə epizodu öyrənməli idiniz – Xalqa qan udduran Beriyanı xalq güllələmədi, Beriyanı xidmət etdiyi sovetlər və əqidə yoldaşları güllələdi. Çünki zamanı dolmuşdu. Güman ki, bütün avtoritarlar kimi, eynən siz etdiyiniz kimi sonda Beriya da qanunun aliliyindən, cinayət məcəllələrindən və ən əsası, Femidanın ədalətindən və ayrıseçkiliyin yolverilməz olduğundan bəhs edirmiş.
Həqiqətən siz Beriyalardan dərs ala bilsəydiniz, bilməliydiniz ki, satın aldığınız o məmurcuqlar zamanı gələndə sizə hüquqi deyil, mənəvi zərbə vuracaqlar. Kimliyindən asılı olmayaraq diktator, ya avtoritar, fərqi yoxdur – xəyanətə uğramaq insani olaraq acılı və ağrılı prosesdir.
Amma sanballı yaşınızda bütün etdiklərinizə rəğman demokratiyaya keçid məsələsində tarixdən dərs alaraq yardımçı ola bilsəydiniz, 9 fevral 2020-də önünü kəsdiyiniz və xalqdan səs almalarına baxmayaraq parlamentə düşməyinə mane olduğunuz şəxslər fərqli davranacaqdılar.
Demokratlar etdiyiniz cinayətlərə görə yalnız hüquq müstəvisində cəzalanmanızı tələb edəcəkdilər. Demokratik prinsiplərlə yaşayan insanlar heç vaxt şəxsi və qərəzli, ədalətsiz mövqe tutmurlar. Qanunun aliliyinə hər zaman sayğı göstərirlər.
Məsələni ailə və məişət üzərindən aparmırlar. Mal və can güvənliyinə toxunmurlar. Bax demokratiya budur, cənab Mehdiyev…
Demokratiyanın mahiyyətindən xəbərsiz olanlar isə dünən sağlığınıza badə qaldırmış xırda adamlar idi. Və bu gün mütləq öz xırda mahiyyətini ortaya qoyacaqdılar.
Sizin birbaşa əlinizlə təyin olunan və xırda adamlar silsiləsini təşkil edən icra başçılarının təlimatı ilə müəllimlərin alt paltarından çıxan bülletenlərlə parlamentə düşən xırda deputatlar vaxtı gələndə sizi qurşaqdan aşağı vuracaqdı və vurdu. Nə əkərsən, onu da biçərsən.
Dünyanın ən böyük diktatoru və sizdən fərqli olaraq, dövləti üçün böyük işlər görmüş Sezarı yanındakı Brut öldürdü. Brut xəyanətkar idimi və ya demokratiyaya imkan verməyən Sezarı öldürməklə demokratiya xilaskarı idimi? Fikirlər və yanaşmalar müxtəlif olsa da, fakt odur ki, Brut tarixdə xəyanət simvolu kimi qaldı. Çünki arxadan bıçaqlamaq həmişə alçaqlıqdır.
Amma bu bıçaqlar demokratiya naminə vurulacaqsa, biz nədən demokratiyanın önünü kəsəni müdafiə etməliyik? Əlbəttə ki, demokratiyaya aparan yolda bütün maneələr aradan qalxmalıdı. Və biz Brutları izləyərkən sizlərə acı-acı gülürük.
Ona görə acı-acı gülürük ki, çağımızda demokratiyanın önün kəsmək mümkün deyildir.
Putin Rusiyanın ən böyük qorxusu sərhədlərində demokratik, hüquqa dayalı ölkələrin və cəmiyyətlərin olmasıdır. Sizi öz adamları kimi demokratiya bulağının başında əjdaha kimi otuzduraraq Demokratiya suyunu içmək istəyənlərlə döyüşdürdülər. Amma artıq torpaq ayağınız altından asta-asta sürüşür.
Durum acınacaqlıdır, amma ibrət götürüləsidir.
Mənim 41 yaşım var, sizin 82.
Aramızdakı yaş fərqi 41 ildir. Aramızdakı yaş fərqindən çox iş təcrübəniz var. Lakin mən sizə tarixdən demokratiya dərsi keçmək məcburiyyətindəyəm.
Cənab Mehdiyev bu yazı sizin şəxsinizə qarşı deyil – yazının əvvəlində də vurğuladım ki, şəxsi-qərəzliyin qəti əleyhinəyəm. Sizin mənə bir insan kimi şəxsən pisliyiniz, ya yaxşılığınız keçməyib. Hətta keçsə belə, məişət mövzularını ictimailəşdirmək qurşaqdan aşağı vurulan zərbədir.
Yazının əsl ünvanı isə Azərbaycan cəmiyyətidir.
Cəmiyyət özünə və öz gücünə inanmalıdır. Demokratikləşmə hər təbəqənin içindən keçərək cəmiyyətdə yer almalıdır.
Yıxılmayan diktator yoxdur. Sadəcə geci-tezi vardır. Bu həqiqətə bütün vətəndaşlarımız həm də sizin örnəyinizdə inanmalıdır.
Yaşasın hər zaman demokratiya!
P.S. Bu yazı 2020-ci ildə yazılıb. Ramiz Mehdiyevi özünün yaratdığ yırtıcı ordusu vurur. Halbuki bu ordunu özünü qorumaq üçün yaratmışdı…