Dörd ilə yaxındır ki, bir zamanlar əsir olmuş yurdlarımıza yeni nəfəs, yeni ruh gəlib.Dövlətimiz ağır müharibədən çıxmasına baxmayaraq, heç bir sahədə geriləmə olmadan böyük ölçüdə viran qoyulmuş, tarixi şəhər və kəndlərimizin bərpasını həyata keçirir.
Bildiyimiz kimi, sosial yönümlü obyektlər tikilərkən ilk öncə infrastruktur layihələr reallaşdırılmalıdır. Müzəffər Ali Baş Komandan hələ Vətən Müharibəsindən sonra azad edilmiş şəhər və qəsəbələrimizə ilk dəfə gedərkən o zaman gördüklərimiz belə demək olarsa, damarlarımızda qanımızın donmasına səbəb olmuşdu. Düşmənin həmin ərazilərdə daşı-daş üzərində qoymaması onların əsl niyyətlərinin nədən ibarət olduğunu nümayiş etdirmişdi. Bu mənada viran qoyulmuş yurd yerlərimizə yolların çəkilməsi, enerji təchizatının təmin edilməsi və digər mühüm məsələlər ilkin şərt kimi qəbul edilmişdi.
Qeyd etdiyimiz məsələlərin ən qısa zaman kəsiyində, keyfiyyətlə reallaşdırılması isə sözün əsl mənasında fəxr etdiyimiz məqamlardan oldu. Artıq meqa layihələrin, sosial obyektlərin, yaşayış evlərinin tikilib istifadəyə verilməsi ümumi işin ən yüksək səviyyədə həyata keçirildiyini təsdiqləyir. Demək olar ki, hər gün yurd-yuvalarından didərgin salınmış onlarla məcburi köçkün ailəsinin böyük sevinc hissi ilə öz el-obalarına geri dönmələrinin şahidi oluruq. Əlbəttə ki, bütün bunlar mənfur düsmənlərimizi və onların havadarlarını narahat edir. Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qərb dairələri ölkəmizi gözdən salmağa cəhd edir, qarayaxma kompaniyaları həyata keçirirlər. Lakin bütün bunlar nəinki ölkəmizi zəiflədir, əksinə Azərbaycan hər ötən gün daha da güclənir. Cənab Prezident İlham Əliyevin “Mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır” ifadəsi sözün əsl mənasında hər gün, hər saat öz təsdiqini tapır. Novruz bayramı münasibətilə Azərbaycan xalqını bu dəfə Xankəndi şəhərindən təbrik edən Müzəffər Ali Baş Komandanın xalqa müraciəti zamanı səsləndirdiyi fikirlər, həm də dünyaya mesaj idi. Qürurvericidir ki, bu gün şəhidlərimizin qanı, canı bahasına işğaldan azad etdiyimiz torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Bu Şanlı Zəfər çoxəsrlik tariximizin ən mükəmməl hadisəsi olmaqla, aydın sabahlarımıza daimi işıq saçacaqdır!.
İslam Əsədov;
Neftçala rayon gənci, Şəhid övladı