Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı mütəmadi olaraq vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə vətəndaş Nazlı Süleymanova tərəfindəndir.
Həmin şikayəti media vasitəsilə sizə təqdim edirik:
Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova, vətəndaş, hüquqi şəxs, “Naz Studio” MMC – nin təsisçisi və direktoru Nazlı Süleymanova tərəfindən
Ş İ K A Y Ə T
Mən Nazlı Süleymanova “Naz Studio” MMC-nin direktoruyam. “Naz Studio” MMC 29.09.2021-ci il tarixində rəsmi şirkət olaraq səyyar masaj xidməti ilə məşğuldur. Şirkət yaranandan 8 ay sonra İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində 1-ci mərtəbədə sağ istiqamətdə 3-cü qapıda yerləşən otaqda fəaliyyət göstərən Süleyman adlı şəxs, məni İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırıb dəfələrlə MMC-ni bağla deyirdi. O bildirirdi ki, 29 belə səyyar xidmətlər var. Və onlar hamısı bizə pul verir. Sən ya MMC-ni bağla ya da gətir bizə pul ver və istədiyin formada şirkəti işlət!
Bu kimi çağırışlar və təkliflər mənə Süleyman adlı şəxs tərəfindən neçə dəfələrlə bildirilib. 2021-ci ilin oktyabr ayının əvvəllərində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağrılmışam. Mən onlara artıq bezdiyimi onları dövlətə şikayət edəcəyimi dedim. Süleyman adlı şəxs mənə dedi ki, əgər hər hansı bir dövlət qurumuna şikayət etsən 4 masajçı işçini sənin əlehinə ifadə verməyə məcbur edəcəyəm. Bu sözün cavabında mən də ona sərt şəkildə etiraz etdim. Mübahisəmiz oldu.
Oktyabr ayının 26-1 Qorqud hotel ünvanına İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməliyyatçıları daxil olub 2 masajçı qadını idarəyə aparıblar. Daha sonra məni də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırdılar. Orada Svetlana xanım izahatda dedi ki, Nazlı Süleymanova məni heç vaxt intim xidmətə göndərməyib. Ümumiyyətlə bizim fəaliyyət prinsipimizdə şirkət yalnız sinirsakitləşdirici, sultan və idman masaj növləri əsasında qanuni göstərir. Həmçinin Svetlana onu da bildirib ki, biz rəsmi müqavilə ilə işləmişik.
Digər massajçı Aybəniz isə bizim şirkətə təzə gəlmişdi. Polisdə ona edilən təzyiqlər nəticəsində həmin qadın “Nazlı Süleymanova məni intimə göndərib” deyə izahatında cümlə yazıb. 26-27 oktyabr 2 gün ərzində məni insan Alverinə qarşı Mübarizə Baş İdarəsinə apardılar. Orada məni döydülər və işgəncələr verdilər. Qarşıma ağ vǝrǝq qoyub dedilər ki, imzala və get 50 min manat pul gətir ki, söhbəti bağlayaq.
Mən isə qəti şəkildə bu təklifi qəbul etmədim. Onların təqdim etdiyi kağızı imzalamadığıma görə mənə fiziki zor tətbiq etdilər. Cərrahiyyə əməliyyatı olduğum üçün həkimlər tərəfindən bədənimə tibbi şlanklar qoşulmuşdu. Polislər mənə fiziki güc tətbiq edərək məni döyərək, şərəf və ləyaqətimi alçatdılar. Mənə ən psixoloji cəhətdən çox mənfi təsir edən isə polis tərəfindən polis adına yaraşmayan formada şəxsimə qarşı söyüşlərin söyülməsidir.
Polis nəfərləri: Alim, Samir və digər polislər məni vəhşicəsinə vuraraq pis hala saldılar. Halım o qədər pisləşmişdi ki, təcili tibbi yardım çağırdılar, həkim dedi ki, xəstəxanaya yerləşdirmək lazımdır yoxsa xanım burda öləcək. 2 təcili tibbi yardımın mənə görə İnsan Alveri Baş İdarəyə gəldiyinin sübutunu xəstəxanaya və ya 103 xidmətinə zəng vuraraq araşdıra bilərsiniz. Həkimlərin sayəsində mən ayıldım və məni orada müstəntiq Eldar Qədimovun otağına apardılar. Müstəntiq Eldar Qədimov mənə vərəq imzalatdırmaq istədi və mən imzalamadım. Mən ona dedim ki, mənə etdiklərinizin hesabını qanun qarşısında verəcəksiniz!
Sizi cənab Prezidentə yazıb şikayət edəcəm deyə mən Eldar Qədimova bildirdim. Eldar Qədimov dedi ki, burada Prezident də mənəm dövlət də mənəm. Sən hər hansı bir dövlət qurumuna şikayət etsən sənin başına çox oyunlar açacıyıq, deyib məni yola saldılar.
Sabahı gün vəkilim Ramil Vəliyev İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getdi. Oradan vəkilimə heç bir məlumat verilmədi. Mən cənab Prezidentimizə məktub yazdığım üçün artıq onlar məsələni bağladılar.
5 aydan sonra fevral ayın 23-ü yenidən İnsan Alverinə qarşı Mübarizə Baş İdarǝsinin
müstəntiqi Gözəl Gözəlov tərəfindən idarəyə çağrıldım. Və dörd nəfər massajçı qadının gəlib şikayət yazdığına dair və guya mənim onları fahişəliyə göndərdiyimə aid “kağızları” qarşıma qoydular. Və o qadınları məcbur etdilər ki, onlar mənim əlehimə ifadə versinlər. Qeyd edim ki, həmin qadınlar bu proses zamanı mənə məxsus MMC-də işləmirdilər. Daha sonra həmin şəxslər polis tərəfindən hədələnərək, psixoloji basqı nəticəsində mənə qarşı qərəzli şəkildə izahat yazmağa məcbur edildilər.
Müstəntiq Gözəl Gözəlov mənimlə hədə qorxu və təhdid dili ilə danışdı. Daha sonra məni Kürdəxanı həbsxanasına göndərdilər.
26 fevral Apelyasiya Məhkəməsində mənimlə bağlı məhkəmə iclası oldu. Nəticədə mən 2 ay müddətinə ev dustaqlığı ilə haqsız yerə cəzalandırıldım.
Sonra Nərimanov Rayon məhkəməsində məhkəmələrim başladı.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən həm massajçı qadınların birini evindən, digərini isə restorandan zorakılıqla Baş İdarəyə gətirərək onları mənim üstümə şər böhtan atmaqları üçün hədələdiklərini, qorxutduqlarını məhkəmə izahatında bildirdilər.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məni dəfələrlə öldürməklə təhdid ediblər və indi də təhdid edirlər. Avtomobilimə, evimə narkotik qoyub məni tutduracağını deyirlər. Bu vaxta qədər mənə dəyən maddi və mənəvi ziyana görə dəfələrlə bir sıra dövlət qurumuna, hətta Daxili İşlər Nazirliyinə, Ombudsmana da müraciət ünvanlamışam. Bildirmək istərdim ki, başıma gətirilənlər sadəcə dəhşətdir.
Aidiyyatı üzrə rəsmi şəkildə müraciət etdiyim şikayət məktublarıma baxılmadı.
Qeyd edim ki, hal-hazırda mənə qarşı qərəzli şəkildə məhkəmə prosesləri davam edir.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məhkəmə hakimlərinə dəfələrlə tapşırılıb ki, mən həbs edilim. Amma hakimin ədalətli qərarı ilə mən həbs olunmadım. Bundan sonra mənə qarşı qanunsuz olaraq mənəvi və fiziki cəhətdən təzyiq etməyə başladılar. Həmçinin də mənə polisə rüşvət şəklində 2500 manat civarında pul ödəməli olduğumu qeyd etdilər.
Bundan başqa həmin gün “Publika.az” və “Yeni Sabah” adlı saytlarda heç bir dövlət qurumunun məlumatı olmadan məhkəmə məlumatları barədə qanunsuz formada, qərəzli yazılar yazıldı.
“Publika.az” saytı tərəfindən fəaliyyət göstərən başqa masaj salonlarının fotoları üzərində mənim ad, soyad və ata adım yazılmağa başlanıldı.
Guya ki, mən həmin salonlara rəhbərlik edərək fahişəlik edirəm. Bir sözlə bu formada haqqımda yalan xəbər tirajlandı. Beləliklə mənə şər-böhtan atmaqla sosial mediada adımı, şərəf və ləyaqətimi alçatdılar.
Hörmətli cənab nazir! Mənim üstümə atılan şər – böhtanlara görə sizə müraciət edirəm. Onu da bildirim ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən mənə müxtəlif vaxtlarda işgəncələr verilib. Həmin idarədə məni döydüklərinə görə hazırda ağır panik – atak xəstəliyindən əziyyət çəkirəm. Əgər mən xəstəlikdən mən ölsəm mənim 2 uşağıma kim baxacaq? Uşağımın biri də ağır xəstədir. Üstəlik də ailə başçımız yoxdur. Heydər Əliyev Fondunun köməkliyi ilə mənim oğlum çətin müalicələrdən sonra ayağa qalxıb. Fondun köməyi ilə övladım fizioterapiya müalicələri alıb.
Hörmətli cənab nazir! mənə qarşı edilən haqsızlıqların dayandırılması istiqamətində bu müraciətimi xahiş edirəm ki, öz xüsusi nəzarətinizə götürəsiniz! Artıq intihar həddindəyəm. Məni təhdid edən və mənə fiziki zor tətbiq edən polis əməkdaşlarının tezliklə cəzalandırılmasını və onların qanun çərçivəsində şəxsən nazir olaraq sizə hesabat vermələrini bir ana kimi sizdən xahiş edirəm.
Əlaqə : 051 376 77 24
Məsələni media olaraq mütəmadi olaraq diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…