Mən belə məsələlərə, adətən, fikir bildirmərəm. Amma işin içində bir siyasi partiya rəhbəri olanda, özümü saxlaya da bilmirəm, danışmasam olmur.
Hörmətli şair-yazıçı Qəşəm Nəcəfzadə fb-də bir paylaşım edib, Milli Məclisin Mədəniyyət Komitəsinin rəsmi blankında, onun doğum gününün təbrik edildiyi məktubu öz səhifəsinə yerləşdirib. Zarafat bir yana, məktubun tarixi 1 aprel 2024-cü ildir.
Bəri başdan deyirəm, burada hörmətli şairimizin qəti günahı yoxdur, onun bu TƏBRİKNAMƏNİ paylaşması tamamilə normaldır, yerində kim olsa, belə edər. İşimizsə, hər yerdə özünü real politik kimi təqdim edən deputat-siyasətçi ilədir. Sənədin altında imzası olan adamın fəaliyyətilə bağlı bir-iki kəlmə sözüm var.
Milli Məclisin Mədəniyyət Komitəsinin ölkənin şair və yazıçılarını, sənət, mədəniyyət adamlarını təbrik etməsi bir sayğı nümunəsidir, ölkə mədəniyyətinə, ziyalısına ali səviyyədə göstərilən bir dövlət münasibətidir, bununla qəti işimiz yoxdur.
Amma və lakin…
Diqqətinizi, Milli Məclis kimi respublika həyatında çox ciddi, taleyüklü qərarların qəbul olunduğu qanunvericilik orqanının, mühüm bir siyasi təsisatın “müxalif” (?) deputatının qələmindən çıxan təbrik “sənəd”inə, onun mətninə, mətndəki məzmununa yönəltməyinizi rica edirəm.
Hər yerdə özünü “müxalifət partiyasının sədri”, “müxalif siyasi lider” kimi qələmə ver, sonra da gəl bir şair-yazıçıya hazırladığın təbrik məktubuna belə bir cümlə yerləşdir: “…2023-cü ildə ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ həsr elədiyiniz “İki iyirmi üç arasında” pyesiniz Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib”. Pəh!!!
Siz Allah, primitivliyi, daha doğrusu, ucuz fürsətçilliyi tutdunuz?
Bunu, 40 illik siyasi əqidəsinə sayğı duyduğum YAP-çı Siyavuş Novruzov yazmayıb e, o yazsa, bu qədər təsir etməz mənə.
Bunu Parlamentin müxalifət qanadını təmsil edən deputat Fazil Mustafa hazırlayıb və altına imzasını atıb! Eks-prezident Əbülfəz Elçibəyin siyasi planda vaxtilə ən çox ümid bəslədiyi adamlardan biri!
Sizcə, hər fürsətdə müxalifət olduğunu iddia edən bir partiyanın ölkə parlamentində mandatı olan rəhbərini, fikirlərini məhz bu cür ifadə etməyə nə məcbur edir? Özü də nəzərə alsaq ki, bu adam üçün bir vaxtlar (elə də uzaq keçmiş deyil) “ümummilli lider”in ünvanı başqa adam olub.
Lap dərinə getsək, subyektiv fikrimdir, “ümummilli lider” söz birləşməsi totalitar və ya yarımtotalitar siyasi sistemlərə xas “status”dur, yəni demokrat təbiətli adamlar bu kimi təyinlərdən qaçıb həmişə.
Sizcə, bir müxalifət partiyasının sədrinin mövqeyidir bu? Belə olacaqdısa, ən yaxşı halda, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunmaq və bu fikirləri YAP sıralarından ifadə etmək, siyasi olaraq da, daha dürüst, daha urvatlı hərəkət olmazdımı?
Müəyyən bir kəsimin mərhum eks-prezident Heydər Əliyevi ümummilli lider hesab etməsi qəbahət deyil, ancaq özünü MÜXALİFƏT elan etmiş və hakim siyasi sistemlə mübarizə apardığını iddia edən siyasi təşkilatın rəhbəri bunu edəndə, hər şeyin yeri tərs düşür axı..
Azərbaycanda yüzlərlə tanınmış yazıçı, şair, bəstəkar, rəssam var, yalan olmasın, hər il də onlardan neçəsinin doğum günü, yubileyi olur, elə YAP-da yaxşı vəzifə tutub, lap elə YAP-dan deputat olub ilboyu onlara təbrik yazmaq daha karlı iş olardı, məncə. Düşərgəyə sadiqliyi Siyavuş Novruzovdan da öyrənə bilmədiniz?
Bir daha deyək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin yazıçı-şairlərə, sənət adamlarına məktub ünvanlamasında bir qəbahət yoxdur.
Amma, bu uzunluqda, bu yekəlikdə?!..
TƏBRİK görmüşük, olar, uzağı 3-4 yığcam cümlə, vəssalam! Milli Məclisin təbriki “tem bolee”.
Milli Məclisin nömrəli-tarixli bu sənədində Qəşəm müəllimin, yalan olmasın, bütün yaradıcılığı əks olunub. Belə baxıram, adamı güclə saxlayıblar, əlində əlac olsa, deputat məktuba bir neçə səhifə də qoşma, şeir, poema əlavə edərdi.
Baxın, əziz vətəndaşlar, Azərbaycanda daxildəki siyasəti (işartısı qalıbsa əgər), siyasi münasibətlər sistemini elə bir zəlil günə qoyublar ki, sözdə müxalif, müxalifət adına iddia edən siyasi təşkilarlar, siyasətçilər də hakim sinifin dilində danışır, hakim sinifə çoxkombinasiyalı reveranslar edir, mövcudluqlarına yalnız belə “legitimlik” qazandırmağa çalışırlar.
A kişilər, nə məcburdu axı, açıq deyin ki, biz hakim sinifin olmazsa olmazlarıyıq, onlardan biriyik, olub-bitsin də bu işgəncə, bu müsibət. Xalqı və cəmiyyəti ələ salmayın. Elədiyiniz, onsuz da, bir bürokratın ssenari müəllifi olduğu siyasi tamaşada siyasi dekorasiya malzəməsi olmaqdır..
Görmüşük, siyasi partiya rəhbərləri ölkənin daxili işlərilə əlaqədar hər həftə, olmasa hər ay, o da olmasa, barı hər rüb ictimai-siyasi, sosial-iqtisadi planda şok gündəmlər yaradacaq işlər görməli, görüşlər, yığıncaqlar keçirməli, səs-küylü bəyanatlar, açıqlamalar verməlidirlər. Siyasi dinamikanı canlı tutmaq üçün siyasi texnologiyada bir sürü yöntəmlər var. Dahası, məsələn, Milli Məclisdəki tribunanı fərqli bir siyasi meydana çəvirmək də olar..
Əvəzində bunlar nə edir? Heç nə! Şair-yazıçıların şanına palaz-palaz təbrik məktubları yazırlar, özü də guya müxalif olduqları siyasi sistemi mədh etməklə.
Bir partiya sədri, hələ-hələ “müxalifətəm!” deyən siyasi lider bu işi bu şəkildə görməməlidir. Özünə, keçmişinə, vaxtilə təmsil elədiyi düşərgəyə, ən azı iddiasında olduğu müxalifətçilik ənənələrinə və institutlarına hörmət etməlidir! Bacarmırsınızsa, buraxın da bu işləri, arxadaş, zorla deyil ki…
Dünyanın heç bir mütərəqqi ölkəsində belə nümunələr yoxdur. Fakt bu ki, bu adamlar sıradan bir idarənin müdiri səviyyəsinə endiriliblər, bəli, bu gün təbrik məktubları yazır, bəlkə də ağlınıza gələn-gəlməyən hər şey edirlər, bircə siyasətlə məşğul olmaqdan başqa! Bu, siyasət deyil!
Sizi əmin edirəm ki, bəlkə də Qəşəm Nəcəfzadənin üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin özü heç bu yekəlikdə, bu məzmunda təbrik ünvanlamayıb şairə. Sayğıdəyər müxalifətçi Fazil bəyin yazdığı cümlələri idrak etmək, inanmıram onların ağlına gələ, çünki bu, yarınmaqda, loyallıqda az qala
“TB Bayraktar” effektidir..
Yəqin siz də fikir vermisiniz: əqli mülkiyyət platforması olan “facebook”da bu adamlar ancaq ad günü təbrikləri və başsağlığı ilə yadda qalırlar. Nə vaxt baxsaq, ya kiməsə başsağlığı verərlər, ya da kiminsə doğum gününü təbrik edərlər, başqa da işləri-gücləri olmaz.
Ölkədə baş verən siyasi prosesləri, məmur özbaşınalıqlarını, mənəvi-mədəni aşınmaları, sosial-iqtisadi böhranı, siyasilərin, müstəqil blogerlərin, jurnalistlərin həbslərini qəti görməzdən gələrlər, xırda istisnaları nəzərə almasaq, reaksiya bildirməzlər.
Uzun sözün qısası, xalqın dilində danışan, xalqla dialoqa girən görmədik bunları. Daşıdıqları qolu-qılçı sınıq “müxalifət statusu”nu ifadə edən mövqeləri yoxdur, sıfır!
Qəşəm müəllim sağ olsun, təzə məşğuliyyətlərini də onun sayəsində öyrəndik: Milli Məclisin blankında şair-yazıçılara uzun TƏBRİKNAMƏ yazmaq!
Bəli, əziz həmvətənlərim, Milli Məclis çoxdan qarşılıqlı intriqaların, siyasi mübarizənin, dinamikanın olduğu siyasət meydanı olmaqdan çıxıb, deputatlar isə siyasətçi!
İndi maraqlı sual ortaya çıxır, görəsən, deputat Fazil Mustafa hansı zərurətdən Qəşəm Nəcəfzadəni məhz Milli Məclis adından təbrik etməyi lazım bilib? Çox maraqlıdır. Həm də ona görə ki, bu günə qədər “n” sayda yazıçı-şairin doğum günü, yubileyi olub, amma, bir dəfə də olsun, həmin adamları Milli Məclisin Mədəniyyət Komitəsi adından təbrik etdiklərini, inanmıram ki, siz də görmüş olasınız.
Nə bilim, bəlkə də olub, imanımızı yandırmayaq, yəqin biz görməmişik, ya da ictimailəşdirən olmayıb. Onda da belə çıxacaq ki, sən demə, Qəşəm müəllim bunların belə-belə işlərinin, paxırlarının üstünü açıb.
İşin ən dramatik və maraqlı cəhəti də budur ki, vaxtilə deputat olmağına imkan vermədikləri Milli Məclisin hansısa bir komitəsinin adından Qəşəm müəllimi belə gurultulu, belə dəmdəsgahlı təbrik etməklə, elə bil harasa “ayaq yeri” qoyurlar, adamın, atasına bağlı olan, çox güclü yumoristik qələm sahibi oğlu Kəramət Böyükçölə qarşı yeni bir tərzdə üzrxahlıq, “duyğusal toxunmaq” nümunəsi yaratdıqlarını düşünürlər..
Məsələn, bir şey də var, bayaqdan deməkdən özümü güclə saxlamışam, amma qarnımda söz saxlaya bilmirəm deyə söyləyəcəm: olmaya, yoxsa belə gedişlərlə, belə hiyləgər “tryuk”larla özünüzü Kəramət Böyükçölün rişxəndindən, kinayələrindən, lağlağısından, öldürücü yumorlarından, yeddi-altmış-iki güllə effektində olan qələmindən qorumağa çalışırsız? Nədi, əl əli yuyar, əl də üzü?
Hardan baxsaq, artıq trendə çevrilmiş YENİ DÖVRƏ xas yeni yanaşma, yeni uğur, yeni tapıntı, yeni tendensiya, yeni ümummilli müxalifətçilikdir. “Müxalifətçiliyiniz” avand olsun…
Siyasət adamı Mirzə Rəşad Orbey
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com