21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Hər bir millətin var olma səbəblərindən biri onun milli-ana dilidir. Dil təkcə özünü ifadə, ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın yaddaşını, ənənəsini, ədəbiyyatını, maddi-mənəvi irsini təzahür etdirən məvhum olduğuna görə, Ana dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aid sahədir.
Dilimiz keçmişimizin izini daşıyır və gələcəyimizə ötürür. O taylı, bu taylı Azərbaycan türkləri var olduqca dilimiz də hər zaman yaşayacaq.
Bu dildə sevə-sevə danışan Güneyli- Qüzeyli Azərbaycanımızın hər yerində yaşayan bütün soydaşlarımızı təbrik edirəm!
Yeri gəlmişkən, Beynəlxalq Ana Dili Günündə hörmətli Ayaz Salayevə çox qısa şəkildə fikirlərimi söyləyim.
Ayaz bəy, birincisi “azsektor”un səviyyəsinin aşağı olması təhsildəki problemlərdən qaynaqlanır, (özəlliklə rüşvətə bulaşmasından) təhsilin dili bu problemlərlə əlaqədar deyil. Əgər əlaqədardırsa, təklif edirəm yapon və ya Koreya dilini öyrənək, onlar rusdilli ölkələri çoxdan geridə qoymuş, iqtisadi, elmi, texnoloji inqilaba qədəm qoymuş xalqlardır.
İkincisi, Hörümçək toruna bənzəyən mafiya qanunları ilə idarə olunan Rusiya kimi bir ölkədən nə öyrənəcək “ruskoyazıçnılar”?.
Ana dilini aşağılayıb, cəmiyyət olaraq naqis cəhətlərimizi dilin üstünə atmayaq. Bu, yolverilməzdir, rus sevdalılığı heç bir xalqa xeyir verməyib. Rusiyaya əlvida deyənlər, rus bölməsini bağlayan xalqlar irəlidə, bizim kimi “rusdillilər” hələ də Rusiyanın yaratdığı qanlı münaqişələrin içindədirlər.
Hörmətli Ayaz bəy, Qurduğumuz dövlətin dili isə 27 iyun 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul edilərək Türk dili adlanaraq rəsmi dövlət dili elan edilib.
Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi. Stalinizmin millətimizə vurduğu bu mənəvi terroru ortadan qaldıra bilmədiyimiz üçün sizin kimi düşünən vətəndaşlarımız oldu.
Siz yaradıcı adamsız, vaxtınız olanda Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünün, Xocalıda qarnı deşilən hamilə qadını yada salın və rus dilinin sahib olduğu qeyri-insani “sovet sektoru”nun bu millətə vurduğu zərbələr haqqında bir daha düşünün təhlükənin hardan gəldiyini anlayacaqsız.
Və sonda bir həqiqəti öz vicdanınızla baş-başa qalanda qəbul edin. Əgər 1918-20- ci illərdə qurulan Cümhuriyyətin ömrü iki il sürməsəydi, Rus dilini yayan Sovet İmperiyası Cümhuriyyətimizi yıxmasaydı, Siz indi 107 yaşlı bir dövlətin Vətəndaşı idiniz. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum olmayacaqdınız.
Azərbaycan ziyalılarının Ölkəmizdə hər zaman aktual olan milli kimlik və siyasi mövqe məsələsində oynadığı zəif rolun da əsas səbəbi bax bu işğalın nəticəsində aldığı travmalardır.
Heç kim deyə bilməz ki, milli kimlik məsələsinin və ya siyasi təfəkkürün bu qədər zəif olması ölkədə cəhalətlə bağlıdır. Xeyr, qətiyyən. Azərbaycanın nəinki ölkə masştabında, dünya elmi səviyyəsində kifayət qədər yetişmiş alimləri, ziyalıları var. Ölkədə oxuyub-yaza bilməyən adam yoxdur. Demək ki, ənənənin olmamasında əsas amil elm və təhsildən də çox milli tərbiyənin düzgün qurula bilməməsindədir.
Milli tərbiyənin zəif olması hətta manqurtlaşmağımıza belə səbəb olur. Biz elmimizi, savadımızı, bilik və bacarığımızı millətimizin inkişafına yönəlik deyil, yalnız şəxsi karyeramızın qurulmasına sərf edirik.
Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur.
Bu da o deməkdir ki, dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir. Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.
Dilimizin doğru adını qaytaraq ki, Ayaz müəllimlər daha yanılmasınlar…
ANAR ƏSƏDLİ