Respublikainfo.com Media Qrupu ANAR ƏSƏDLİNİN yazısını təqdim edir:
Bu gün Güney Azərbaycanın səsi olan, Güney Azərbaycan Milli Hərəkatının öndərlərindən olan Abbas Lisani Ərdəbil şəhərində İran təhlükəsizlik və polis qüvvələri tərəfindən evində təkrarən həbs edilib.
Abbas Lisaninin həbsinin səbəbi hələ ki, dəqiq bilinmir, lakin onun bu həbsinin, 2 illik məcburi köçkünlük cəzasını yerinə yetirməkdən imtina etməsi ilə əlaqəli ola biləcəyi ehtimal olunur.
Xatırlatmaq lazımdır ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilmiş və məcburi köçkünlük cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilmişdi.
Uzun illərdir İran İslam Respublikasının siyasi hakimiyyəti Güney Azərbaycandan olan milli fəalları sıxışdırmaqda, onları qanunsuz həbslərlə cəzalandırmaqda, ailə üzvlərini belə təqib etməkdədir.
Güney Azərbaycan milli hərəkatının öndərlərindən, dəyərli aydın Abbas Lisaninin bu həbsini öz milli haqları uğrunda mübarizə aparan Güney Azərbaycan fəallarına, qarşı repressiv addım kimi qiymətləndirir və hesab edirəm ki, bu, milli haqları uğrunda mücadilə aparan milyonlarla soydaşımızın mübarizədən çəkindirmək, onlarda qorxu, xof yaratmaq məqsədi daşıyır.
Abbas Lisaniyə qarşı insani, islami, hüquqi dəyərlərin tapdanmasına etiraz edir və rəsmi Tehranı bu kimi repressiv addımlara son qoymağa çağırıram.