Respublikainfo.com Media Qrupu Mirzə Rəşad Orbəyin yazısını təqdim edir:
GÖZÜ ÇIXMIŞ ZEYNƏLABİDİN…
…VƏ YA “AĞADADAŞIN BALTASI” ƏHVALATI
Alman şairi Heynrix Heyne deyirdi ki, “Bütün dövrlərdə əclaflar öz çirkin əməllərini din, əxlaq və vətənpərvərlik mənafeyi ilə ört-basdır etməyə çalışıblar”.
Qarşısıalınmaz böyük sosial çalxalanmalar, təlatümlər hər zaman çox adi görünən, məhəlli xarakter daşıyan xırda sosial-məişət hadisələrinin zamanla çoxalmasından törəyir. Əvvəl bunu adi vətəndaşlar törədir, sonra baxırsan ki, cəmiyyətdə elə, ya belə tanınmış, hər şeyi yerində olan nüfuzlu kəslər də etməyə başladı (məsələn, Drakon Rza, Rəşad Dağlı, Ağadadaş Ağayev və s.). Son vaxtlar cinayətləri törədənlərin, min cür hoqqabazlıqdan çıxanların, intihara əl atanların sosial statusu, sosial ranqı dəyişib, yəqin fərqindəsiniz.
Kimsə desə ki, Azərbaycanda kriminal vəziyyət stabildir, ona bərk-bərk gülərəm. Bir ay içində 5 polisin öldürüldüyü ölkədə kriminal vəziyyətin nəzarət altında olması fikrinə inanmaq axmaqlıqdır.
Bu barədə gözə üfürülən kül – statistik məlumatlar, rəqəmlər yalandır. Çox uzağa getməyək, türmələrə doldurulan adamların sayı kvotanı çoxdan aşıb. Ona görə də, xırda cinayətkarlar çöldə-bayırda sülənirlər, çünki qazamatda onlara yer yoxdu, yer qalmayıb.
Ümumiyyətlə, addımbaşı rastlanan ədalətsizlikdən, gündəlik məişət qayğılarının yaratdığı çarəsizliklərdən, 30 ildə yaşanmış iki böyük müharibənin ağır nəticələrindən əsəb-sinir sistemləri gərilmiş, psixologiyası pozulmuş, adi məişət travmalarından əziyyət çəkən toplumun ömür sürdüyü ölkədə kriminal stabillikdən danışmaq əbləhlik olardı.
Kimsə durduğu yerdə cinayətkara çevrilmir. Səbəblərsə bir deyil, iki deyil, üç deyil…
Lakin əsil mahiyyət bax bu cümlədə gizlənib: Azərbaycanda heç nə və heç kim yerində deyil.
Mövcud idarəetmə hamını ucdantutma dəli edib, idarəedənlərin isə baş verənlər ya fərqində deyil, hesablama, ölçmə mexanizmləri yoxdur, ya da xalqla, cəmiyyətlə tarana gedirlər.
Bir şey də olmamış ağızlardan pafos tökülür, “Dəmir yumruğu” gündəmə gətirib milli həmrəylikdən, vətənpərvərlikdən danışıb insanların həssas damarına basırlar.
Fəqət artıq şübhə eləmirəm ki, günlərin bir günü, çox adidən adi bir gündə, çox adidən adi bir şey üstündə, haradasa bir yerdə, özü də kütləvi surətdə çox pis partlayacaq bütün bunlar.
Təəssüf hissi ilə, ürək ağrısı ilə deyirəm bunu, ona görə ki, respublikamızın həyatında, demək olar, bütün sahələrdə fundamental dəyişikliklərin zərurətləri, olmazsa-olmazları barədə yazmışıq, yazırıq, TV-lərdə çıxış eləmişik: köhnə olan heç nə işə yaramır, effekt vermir, dəyişməlidir!
Eşitmək istəmirlər, kar, kor, lal olmağı seçiblər. Tamam. Özləri bilər, bizim itirəcəyimiz heç nə yoxdur.
Əlinə kitab alıb oxuyanlar bilir, Lev Nikolayeviç Tolstoy bu mənada məsələni daha kəskin qoymuşdu: “…Vətənpərvərlik ən sadə, ən aydın və ən şübhəsiz mənası ilə hökmdarlar üçün hakimiyyəti əldə tutmaq və eqoist məqsədlərə çatmaq vasitəsindən başqa bir şey deyil, idarə olunanlar üçün isə insan ləyaqətindən, ağıldan, vicdandan imtina etmək və özünü hakimiyyətdə olanlara qul kimi tabe etməkdir. Harada vətənpərvərlik təbliğ olunursa, bax belə təbliğ olunur. Vətənpərvərlik köləlikdir.”
Adam demək istəyir ki, bütün məsələlərə yanaşmalarda xalqdan, gündəlik əzici qayğılardan beli bükülən narazı insanlardan ikidəbir vətənpərvərlik ummaq, hardan baxsaq, əclaflıqdır. Vətənpərvərlik bir nöqtədən sonra ictimai əxlağın yoxsunluğuna, heyvərəliyə kimi inkişaf edir və insanı öz gerçək siyasi, sosial mahiyyətindən uzaqlaşdırır, kölələşdirir.
Çox yaxşı xatırlayıram, illər öncə bir universitet məzunu özünü küçənin ortasında yandırdıqdan sonra, Tunisdə bir anda xalq ayaqlanmaları başlamışdı. Bir anda aləm dəydi bir-birinə, hər yer viran qaldı, hər yer od-alov içindəydi. Niyə? Çünki bir tikə çörəyə çıxmış və bir yeşik parçasının üstündə meyvə-tərəvəz satan bir kasıbın arabasını polis nəfəri təpiyi ilə vurub dağıtmış, əlindən almışdı.
İşin ən dəhşətli tərəfi o idi ki, bunu edən polis nəfəri də quru maaşa işləyən kasıb idi, bildiyiniz polis nəfəri, nəyi var ki zavallının?! Amma yox, şüursuz surətdə diktatora kor sədaqət, ya da özündən yuxarıda oturan vəzifə sahibinə “yaxşı olmaq” duyğusu o an həmin polis nəfərinin olan-qalan insanlığını da əlindən almışdı, gözü dönmüşdü..
…Səbri tükənmiş XALQIN da gözü döndü! Nəticədə bütün Tunis alovlandı, adamın özü də, rəisi də, diktator da xalqın ayaqları altında qaldı…
Tunisdə oxşar olaylar, sizcə, həmin hadisəyə qədər heç olmamışdımı? Əlbəttə, min dəfələrlə olmuşdu, o qədər meyvə-tərəvəz piştaxtası polis tərəfindən əlindən alınan tunisli olub ki! Məmurlar tərəfindən başına hər cür faciələr, müsibətlər açılmış o qədər tunisli var idi ki o ana qədər. Ədalətsiz quruluş başqa-başqa sahələrdə nə qədər tunislinin həyatını, ömrünü zəhərə döndərmişdi.
Regionu və dünyanı silkələyən hadisələr isə, məhz o məsum kasıb gəncin küçənin ortasında özünə od vurub yandırması ilə partlaq verdi. Bəli, hadisə olanda bir dəfə olur və dağıdıcı olur. O zaman kim ölə, kim qala.
İşsizlik, pulsuzluq, yoxsulluq, inflyasiya, bahalıq, rüşvət, korrupsiya, hər addımbaşı ədalətsizlik, hüquqsuzluq, insanoğlunun “musor” hesab olunması, bir ovuc adamın isə ağlasığmaz miqyasda imtiyaz sahibi olması, ağlasığmaz miqyasda zənginliyi, səltənəti, gözqamaşdıran həyatı – bu idi Tunis xalqının səbrini daşıran…
Kim nə deyir-desin, necə baxır-baxsın, biz uşaq deyilik və çörəyi qulağımıza yemirik, Azərbaycanın dövlətçiliyinə, xalqımıza qarşı duyduğumuz sevgi bizi məcbur edir əndişə keçirək və qətiyyətlə bildirək, hətta xəbərdarlıq edək: Bilin və agah olun ki, indi biz də iri addımlarla eynən Tunis ssenarisinə doğru gedirik, geci-tezi var.
Ucdantutma hər şeyə biganə, laqeyd, etinasız olan, hər şeyə lağlağı edib qulp qoşan bu vecsiz ƏLAHƏZRƏT XALQ bir gün çox adi bir şeyin üstündə ayağa qalxıb onun haqqını əlindən alanların belini qıracaq, tufağını dağıdacaq, evini başına uçuracaq. Hər şeyini siyasət sayəsində, siyasi yollarla əldə edənlər hər şeylərini sadiq qaldıqları bu idbar siyasətbazlığın nəticəsi olaraq itirəcəklər.
Hiddətlənmiş xalq kütlələri o an yetişəndə qarşısıalınmaz olacaq, çox ağır cəzalar kəsəcək və zərrə acıması, mərhəməti, əfvi də olmayacaq.
Bilirəm, oxuyub gülürsüz, amma belə dəvam etsə, hər şey olduğu kimi qalsa, olacaq…
Təbii ki, biz bunu ölkəmizə arzulamırıq, iraq-iraq, Azərbaycanımızın problemləri başından aşır, bir də bu dərd bizi yıxmasın. Amma və lakin başqa variant buraxmayanda, ağlın varsa, bu aqibəti də gərək nəzərə alasan. Gözüçıxmış qardaşın aqibətini unutmaq pis nəticələnir. İndi ağızları isti yerdədir, bir çox şeylərin eyforiyası, arxayınlığı yuxuya verib bunları, amma qazan pakkapak qaynayır axı, bu qazanın qapağını “…fırrrr” edib tullayacağı gün uzaqda deyil, sonra demədi deməyin…
Bu yerdə Lev Trotskinin sözü tam yerinə düşür: “Kütlələr inqilaba sosial yenidənqurmanın hazır plan-proqramı ilə deyil, köhnəyə dözməyin mümkünsüzlüyünə kəskin inam hissilə gedirlər”.