Təhsil və elm hər bir xalqın nicat yoludur. Ümumiyyətlə heç kimə sirr deyil ki, bütün bəşəriyyətin xilası birmənalı şəkildə elmdən asılıdır. Məhz təhsildən bəhs etdiyimiz üçün bu növbəti müsahibimizi sizə təqdim edirik. Bu dəfəki müsahibimiz, müəllim – pedaqoq Reyhanə Əzizlidir.
– Reyhanə xanım, lütfən əvvəlcə haqqınızda qısa da olsa oxucularımıza məlumat verəsiniz!
– Mən Reyhanə Əzizli ADPU -nin filologiya fakültəsində məzun olmuşam. 5 ildir ki, müəllim olaraq çalışıram. Hal – hazırda Bakı şəhəri Qaradağ rayonunun yerləşən 184 saylı orta məktəbdə çalışıram.
– Belə bir fikir var ki, inkişaf etdirmək üçün hər zaman inkişafda olmaq lazımdır. Sizin fikrinizcə bir müəllim özünü necə inkişaf etdirməlidir?
– Nəinki müəllim, hər bir sahənin nümayəndəsi özünü daim inkişaf etdirməlidir. İnkişaf üçün çalışdığımız sahəyə uyğun təlim, kurs,seminarlarda aktiv iştirak etmek lazımdır. Yalnız yerli ədəbiyyatımızın nümayəndələrini tanımaq yox, dünya ədəbiyyatından da məlumatlara yiyələnmək zəruridir. Hər il ölkəmizde keçirilən beynəlxalq kitab sərgilərində yaxından iştirak da vacibdir. Keçmiş dövr ilə yanaşı yaradıcılığa yeni qədəm qoyan insanların ədəbiyyata fərqli tərz qatan əsərləri ilə tanış olmaqda da fayda var. Yenilikçilik hər zaman uğur və inkişaf gətirir.
– Hazırda tədris prosesində hansı yeniliklərdən istifadəyə üstünlük verirsiniz? Nəzəriyyə, yoxsa təcrübə?
– Hal – hazırda müasir tədris kurikulumdur. Kurikulumda da nəzəriyyə yox təcrübəyə önəm verilir. Hər hansı bir məlumatı kitabdan oxuyub şagirdə ötürməkdənsə, məlumatı öyrənmə metodlarını başa salmaq lazımdır. Təcrübə ilə qazanılan məlumat daha yadda qalan olur.
– Şagirdlərin dərsə olan həvəsini artırmaq üçün nə edirsiniz?
– Şagirdlərin dərsə və məktəbə həvəsini artırmaq üçün bayaq da qeyd etdiyim kimi təcrübə qazanmalarına kömək edecek şekildə dərs tədris etməyin vacib olduğunu düşünürəm. Keçdiyimiz əsərlərdə obrazları səhnələşdirmək, əsərlərdə təsvir olunan hadisələrin baş verdiyi məkanlara gəzintilər təşkil etmek şagirdlər üçün əhəmiyyətli üsullardandır. Bundan başqa açıq havada dərslər təşkil etmək də şagirdlər üçün effektiv nəticələr verir.
– Gələcəyə olan planlarınız haqqında bilmək maraqlı olardı…
– Gələcək planlara gəldikdə, şagirdlərin hər zaman sevimlisinə çevrilmək istərdim. Öz sahəmdə uğurlar əldə edib əməkdar müəllim adını qazanmaq əsas hədəfimdir.
Son olaraq tələbələrə verə biləcəyiniz məsləhətləriniz varmı?
– Şagirdlərə məsləhətim odur ki, yalnız məktəbdəki dərslərlə kifayətlənməsinlər. İxtisas seçimində hər tərəfli düşünüb qərar versinlər. Üz tutduqları sahəni tam şəkildə mənimsinlər.
– Reyhanə müəllimə maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Həmçinin pedaqoji fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. İnşallah ki, arzularınıza və hədəflərinizə çatasınız!
– Sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm.
Söhbətləşdi : Respublikainfo.com saytının baş redaktoru Bünyamin Bünyadzadə