Gününüz mübarək, əziz Gənclər!
Gənclik hər bir toplumun demoqrafik, siyasi və sosial-iqtisadi rifahı, tərəqqisi üçün bir resurs, bir enerji mənbəyidir. Sağlam gənclərin üstünlük təşkil etdiyi dövlətin, cəmiyyətin bütün sahələrində rifah və dinamik yüksəliş şansı daha böyükdür.
Bu günün gəncliyi həm də Vətən müharibəsinin qəhrəmanı, qalibləridir. Onlara olan etimadımız son savaşda bir daha öz təsdiqini tapdı. Əmin olduq ki, heç bir sosial-iqtisadi çətinlik, bəzi hallarda siyasi-psixoloji təqiblər onlarda Vətən ruhunu qətiyyən zədələməyib.
Azərbaycan gəncliyinin hazırda diqqət və qayğıya böyük ehtiyacı var. İnsanların yaşayış səviyyəsinin aşağı olması, bundan qaynaqlanan ailə münaqişələri, məişət həyatının gündəlik qayğıları, tələbatı tam qarşılaya bilməmək, yüksək təhsil haqları, elm və təhsildəki dərin problemlər, işsizlik və saymaqla bitməyən çətinliklər…
Bütün bunlar cəmiyyətdə tam şəxsiyyət yetişməsini bir qədər əngəlləyir.
Ümumilikdə, söz azadlığının məhdudlaşdırılması, düşüncələrin çərçivəyə salınma cəhdi, müəyyən siyasi təqiblər gənclərin ictimai-siyasi fəaliyyətinə ciddi zərbə vurur. Onların ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını əngəlləyir, iştirakçılıq potensialını aşağı salır.
Lakin Gəncliyin bir başqa adı da ÜMİDDİR!
Hər şeyə rəğmən, bu gün onların günüdür.
Gələcəyimizin daha aydın və işıqlı olması üçün yüksək təhsilli, intellektual düşünən gəncliyə ehtiyacımız var.
Lakin anlamalıyıq ki, Gənclərin üzərinə böyük məsuliyyət və ümid qoyulmasına baxmayaraq, gənclər cəmiyyətin ən həssas, müdafiəsiz təbəqələrindən biridir. İqtisadi güvənsizliklə yanaşı, Gənclər həm də müxtəlif sosial sarsıntılara və mənfi təsirlərə daha erkən məruz qalırlar.
Dövlət ərkanı, dövlət tərbiyəsi bizdən tələb edir ki, tələbəmizə, gəncimizə Babalıq edək ki, sabah zamanı çatanda, o TƏLƏBƏ, o GƏNCLİK Dövlətinə sədaqətində, xalqına sevgisində zərrə boyda tərəddüd etməsin!
Gənclərimizi hər mənada qorumaq, müdafiə etmək bizim borcumuzdur!
Gənclər, Tələbələr ölkəmizin onurğa sütunu, hərəkətverici qüvvəsi, gələcəyidir.
Gününüz qutlu olsun, Gənclər!
Anar ƏSƏDLİ