Beynəlxalq təcrübədə özəl pensiya fondları mövcuddur. Bu özəl pensiya fondlarında toplanan vəsaiti vətəndaş müqavilədə nəzərdə tutulan minimum ödəniş müddətindən sonra götürmək imkanı əldə edəcək. İstəyərsə, 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Vətəndaş rəhmətə getdiyi təqdirdə, onun varisi(ləri) toplanan vəsaiti ala bilər. Lakin Azərbaycanda isə bu belə deyil.
Bəzən cəmiyyət arasında belə bir fikirlər söylənilir ki, vəfat etmiş nənə və babanın pensiyası nəvələrinə ödənilməlidir. Bəs qanunvericlikdə bu necədir? Həqiqətən də vəfat etmiş nənə-babanın pensiyasını nəvələri ala bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Səadət Vəliyeva Respublikainfo.com-a açıqlamasında bildirib ki, Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanuna əsasən, ailə başçısını itirməyə görə yalnız onun övladları və digər kateqoriyalı şəxslər pensiya ala bilərlər. Həmin şəxlər isə vəfat edən şəxsin 18 yaşına çatmayan övladları eləcə də 23 yaşına kimi əyani təhsil alan övladları yaxud da uşaqlıq dövründə əlillik alıb 18 yaşından sonra əlilliyi olan şəxslər və digər şəxslərdir.
Vəkil onu da bildirib ki, pensiyadan faydalanmaq üçün nəvələr bu siyahıda yer almayıb”. Çox vaxt valideynlər vəkilə müraciət edərək öz uşaqlarını nənə-babaya övladlığa verməklə bu pensiya növündən faydalanmaq istədiklərini bildirirlər. Lakin bu cür övladlığa götürmə çox çətin bir prosedurdur. Adətən, uşaq valideyn himayəsindən məhrum olursa, yaxud valideynləri onu saxlamaqdan imtina edirlərsə, bu zaman baba və ya nənə, digər qohumlar, o cümlədən, digər şəxslər onu övladlığa götürə bilərlər”.