16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova dairənin ən yaşlı seçicisi, 97 yaşlı Səkinə Babayevanı evində ziyarət edib.
Respublikainfo.com xəbər verir ki, deputatlığa namizədi salamlayan ağbirçək seçkilərin gedişini izlədiyini və Gülpəri Bayramovanın da fəaliyətindən xəbərdar olduğunu qeyd edib. O, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfəri gördüyü üçün xoşbəxt olduğunu söyləyib: “Həyatda ən qorxduğum şey o idi ki, Qarabağın işğaldan azad ediləcəyi günü görməyim. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə cansağlığı versin! Tarixi həsrətimizə son qoyuldu. Bu gün Azərbaycan qüdrətli bir ölkədir və 100 yaşına yaxınlaşan bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr edir, qürur duyuram. Allah Cənab Prezident İlham Əliyevin canını sağl eləsin! Onunla qazanacağımız Zəfərlər hələ çox olacaq. Allah mənə də növbəti Zəfərləri görməyi qismət eləsin! Amma narahat deyiləm. Çünki tarixi Zəfərimizi görmüşəm. Artıq bu dünyadan rahat köçə bilərəm”.
Ağbirçək Gülpəri Bayramova kimi gənclərin ölkəmizin gələcəyinə böyük töhfələr verəcəyini deyərək ona öz xeyir-duasını verib: “Nəsillər dəyişir, gənclərimiz idarəçiliyə cəlb edilirlər. Bu, təbii bir qanunauyğunluqdur və belə də olmalıdır. Parlament də yenilənir. Gənc xanımlarımız da fərqlənirlər. Bu bir ağbirçək xanım olaraq məni çox qürurlandırır və gəncliyimizlə fəxr edirəm. Gülpəri Bayramovanın tərcümeyi-halı ilə tanış oldum. Çox peşəkar və daim öz üzərində işləyən peşəkar bir xanımdır. Bu gün də canlı ünsiyyətimiz oldu. Gözəl də insandır. Mən ona səs verəcəyəm və 16 saylı Yasamal ikinci seçki dairəsinin bütün seçicilərini Gülpəri Bayramovaya səs verməyə çağırıram! Ümid edirəm ki, o, seçkilərdə qalib gələcək və Yasamal seçicilərini Azərbaycan Parlamentində ləyaqətlə təmsil edəcək”.
Deputatlığa gənc namizəd Gülpəri Bayramova isə ən yaşlı həmcinsi və seçicisinin ona dəstəyindən qürur hissi keçirdiyini vurğulayıb. Əlavə edib ki, platformasına qeyd edilən məqsədlərin həyata keçməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi yolunda inamla addımlayacaq, Azərbaycan Parlamentində və dövlət qurumlarında seçicilərinin lobbiçiliyini həyata keçirəcək.
Qeyd edək ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.
Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.
Baş redaktor: Bünyamin Bünyadzadə