Respublikainfo.com xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Onun sözlərinə görə, həyata keçirilən böyük işlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha sürətlə və hərtərəfli inkişaf etdirilməyə başlandı. Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olub, beləliklə də beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesab olunur.
“Keçdiyimiz günlərdə Bakıda öz işinə başlamış əhəmiyyətli beynəlxalq tədbirlərdən biri də – 74-cü Beynəlxalq Astronavtika Konqresi oldu. Təsadüfi deyil ki, Konqres məhz gözəl paytaxtımız Bakı şəhərində keçirilir. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourinin də qeyd etdiyi kimi, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakı şəhərində reallaşmasının doğrudan da böyük mahiyyəti var. Beynəlxalq Astronavtika Konqresi həm tarixi mahiyyəti və məzmununa görə, həm də yeni çağırışların idarə olunması baxımından dünya üçün həddindən artıq faydalı tədbirdir. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox insanın iştirak etdiyi, qlobal çağırışlar və yeni imkanların əldə olunması fonunda kosmik fəaliyyətin dərinləşdirilməsi və əlaqələndirilməsinin vacibliyini ortaya qoyan bu Konqres kosmos innovasiyaları sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradacaq”, – deyə Milli Məclisin deputatı qeyd edib.
M.Əfəndiyev qeyd edib ki, öz işinə oktyabrın 2-də başlayan konqresin açılış mərasimində Azərbaycan Prezidenti iştirak etdi. Bu platformadan da çox məharətlə istifadə etməklə dövlətimizin başçısı öz dolğun və məzmunlu çıxış nitqində Azərbaycan həqiqətlərini, gənc müstəqil ölkə olaraq keçdiyi tarixi yolu və əldə etdiyi mühüm nailiyyətləri rəqəmlərlə səsləndirdi. Belə ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər iqtisadi sahədə, o cümlədən enerji və qeyri-enerji sektorlarında Azərbaycanın uğurlarını qeyd etdi: “Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.”
Çıxış nitqində Prezident, eyni zamanda, regionda baş verən hadisələrə toxunaraq, Cənubi Qafqazın artıq sülhə ehtiyacı olduğunu, bunun gündəliyimizdə prioritet olaraq qaldığını, sülh prosesinin nizamlanması istiqamətində özündə multikultural dəyərləri ehtiva edən məsələlərin nəzərdən keçirilməsinin vacibliyini bəyan etdi. Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman beynəlxalq platformalardan ölkə mədəniyyətinin, tarixinin zəngin potensialını nümayiş etdirmək üçün uğurla istifadə edib. Beynəlxalq Astronavtika Federasiyası da dünyada böyük nüfuza sahib olduğu və ən yeni çağırışlar əhatəsində fəaliyyət göstərdiyi üçün bu platforma Azərbaycan həqiqətlərinin nümayiş etdirilməsi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından vacib idi.
Milli Məclisin deputatı
MƏZAHİR ƏFƏNDİYEV
Respublikainfo.com
Bünyamin Bünyadzadə