Demokratiya rüzgarında Tixanovskayanın başsız buraxdığı xalq…
(2-ci yazı)
Postsovet ölkələrindəki seçki prosesləri və demokratiya mücadiləsi hər zaman bizdə xüsusi həssaslıqla qarşılanır.
Bunun siyasi motivlərindən daha çox, mənəvi-psixoloji səbəbləri var. Bu ölkələrlə bir yerdə 70 il Sovet Rusiyasının müstəmləkə siyasəti altında əzilməmiz və təəssüf ki, SSRİ dağıldıqdan sonra da Rusiyanın artıq müstəqil olmuş bu ölkələrdə imperialist istəklərinin bitməməsi bizi dilemma qarşısında qoymuşdur:
Rusiyanın caynağından necə qurtulaq və ölkədə xaos yaratmamaqla liberal dəyərləri və demokratikləşməni necə həyata keçirək?
Biz bu suallarla baş sındırdığımız zamanlarda
Avropanın sonuncu diktatoru Lukaşenko var gücü ilə demokratiya rüzgarının qarşısında diktatura fırtınası əsdirir.
Bu fırtınanın nə qədər sürəcəyi bəlli deyil…
Lakin əmin olduğum bir məsələ var. Özünə liberal dəyərləri bayraq etmiş qoca Avropa və gənc Amerika Qərbin burnunun dibində diktaturanın uzun sürməsinə izin verməyəcək.
Uzun illər müxalifətin formalaşa bilməməsi “Batka”nın insanəzici maşınının fəaliyyətinin nəticəsi idi.
Beş il öncə Svetlana Tixanovskaya kimi, siyasətçi olmayan qeyri-peşəkar birinin göstəriləcək şiddət qarşısında meydanı buraxıb gedəcəyini “Batka” hesablamamış olmazdı. Hətta daha uzağa gedib demək olar ki, Tixanovskaya kimi zəif bir bəndin rəqib kimi ortalıqda görünməsi xalqı lidersiz qoymaq üçün Lukaşenkonun seçki planlarına daxil ola bilərdi….
Ona qarşı xalqın artan narazılığını hamıdan yaxşı bilən Belarus prezidenti baş verə biləcək xalq üsyanının başında güclü, səriştəli birinin olmasına yol verə bilməzdi. Əlində heç bir resursu olmayan, illərdir repressiya və ölümlə təhdid edilən Belarus müxalifəti faktiki yox dərəcəsində idi və meydan hərəkatını formalaşdırmaq gücündə deyildi.
Ümumiyyətlə, postsovet ölkələrində müxalifətin daima uduzmasının və zəifləməsinin əsas səbəbi demokratiyanın və müstəqilliyin ilk dalğasının gətirdiyi xalq hakimiyyətlərinin Sovetlərin (Rusiyanın) uzun illər yetişmiş KQB sisteminin əli ilə ustalıqla devrilməsi idi.
Demokratları bacarıqsız, qabiliyyətsiz, səriştəsiz, xaosa və vətəndaş müharibəsinə səbəb olacaq hərəkətlərdə suçladılar və bu ölkələrin hamısında bir müddət xalqlar psixoloji çaşqınlıq yaşadı.
“Əsas stabillikdir” şüarları ayaq tutsa da, yerimədi. Rüşvətdən, qanunsuzluqdan, şiddətdən bezən xalq özünə yeni liderlər axtarmağa başladı.
Doğrudur, istənilən liderin yetişməsi üçün münbit siyasi şərait olmalıdır. Ya açıq fikir mübadiləsi nəticəsində sağlam rəqabət yaranır ki, bu da bir çox keyfiyyətləri ilə üstün olan siyasətçinin irəli çıxıb liderliyi əla almasına səbəb olur, ya da diktatura rejimində gizli siyasi dərnəklər fəaliyyət göstərir ki, orada da mütləq bir lider yetişir.
İkinci hal daha çox sovet dövrünə təsadüf etdiyindən, xalq hərəkatlarının və onların liderlərinin yetişməsinə səbəb oldu. Hazırkı durumda isə artıq sosial şəbəkələr və media o qədər sürətlə insanların şüuruna təsir edir ki, yalnız çevik siyasi bacarığı və dəyişikliklərin nəbzini tuta bilən siyasətçi liderliyi ələ ala bilər.
Bu coğrafiyalardakı imperiya marağından qətiyyən vaz keçməyən Putin Rusiyası isə yaxşı anlayır ki, Xalqın dəstəyini alan Birləşdirici Siyasi Lider Rusiyadan qorxmur və ölkəsini ağıllı şəkildə Rusiyanın imperialist siyasətindən uzaqlaşdırır. Qısası, ayının pəncəsindən qurtulur.
Deməli, Sovet varisi rəsmi Moskvanın pəncəsindən qurtulmanın yolu yalnız azad seçki və demokratiyadan keçir.
Postsovet məkanında xalqın səsini qazana bilməyən və seçkini saxtalaşdıran istənilən diktator nə etsə də, Rusiyadan qopa bilməz.
O səbəbdən də xarici siyasətdə duruş gətirmək istəyən hər hansı dövlət başçısı öz xalqı ilə dialoqa girməyi bacarmalıdır.
Bütün hallarda hər bir xalqın taleyində diktatura MİLLİ FACİƏDİR. Seçki ilə dəyişilməyən hakimiyyət ya xalqın qanına girir, ya da xalq onun qanına girir – bundan uduzan isə həmişə xalq olur. Çunki heç bir üsyan və şiddət toplumları irəliyə götürə bilməz.
Qurtuluş istənilən halda xalqla dialoqdan və seçkidən keçir. Bu, bizim prinsipial mövqeyimizdir. “Batka” isə xalqının deyil, özünün “qurtuluş” yoluna üstünlük verdi.
İndi Belarus müxalifətinin gerçək bir liderə həqiqətən ehtiyacı var. Daha Lukaşenkonun səhhətində yaranacaq problemləri və ya Ukraynanın qələbəsi fonunda zəifləyən Putini, zəifləyən Lukaşenkonu gözləyən Tixanovskayaya deyil…
ANAR ƏSƏDLİ