İdeoloji yenilənmə olmadan, siyasi dəyişim mümkünsüzdür!
Azərbaycanda milliyyətçi düşüncə hakim ideologiyaya çevrilməlidir.
Bir çox zərərli fikir müəlliflərinin də qəsdən cəmiyyətə sırımağa çalışdığı anti-milliyyətçilik ideyalarına cavab olaraq bildirim ki, DEMOKRATİK ANLAYIŞ və DEMOKRATİK İNANC milliyyətçi düşüncənin təməl prinsiplərindən biridir. Millətçilər, mənsub olduqları millətin bir başqa millətin boyunduruğu altında yaşamasına qarşı olan, qürurlu şəkildə özünü idarə edəcək potensialı, istəyi və cəsarəti əmələ çevirə bilən kəslərdir. Bir millətin özünü idarə etməsinin ən doğru yolu isə DEMOKRATİYADIR.
Demokratik dəyərləri prinsip kimi mənimsəyən vətəndaş milliyyətçiliyi anlayışı istənilən dövləti tərəqqiyə aparar. Böyük bir intellektual-duyğusal güc olan milliyyətçiliyə 21-ci əsrdə həm də güclü bir siyasi layihə kimi baxılır. Çünki bütün inkişaf etmiş ölkələr millət və dövlət təfəkkürünə sahib olduğu üçün, bu düşüncə sistemi mütləq iqtidara gətirilməlidir.
Baxın, buna görə də, dəfələrlə qeyd edirəm ki, bizim xilasımız ideoloji baxımdan yenilənmədən keçməlidir. 4-cü onilliyə qədəm qoyuruq, savaş bitib və iki yeni nəsil yetişkinlik (yetkinlik) yaşını adlayıb. Yeni yetişən vətəndaşlarla gələcəyimizi qurmalıyıq.
O vətəndaş ki, hüqüqun üstünlüyünü təmin edən, etnik xəstəliklərin öhdəsindən gələn, ictimai-siyasi tələbləri qarşılayan, bütün bəşəri dəyərlərə, prinsiplərə, ləyaqət duyğusuna sayğı göstərən və ona uyğun davranan bir Milli Dövlət anlayışını hakim dünya görüşünə gətirməlidir Azərbaycanda.
Bunun üçünsə ciddi planda ideoloji iş, siyasi partiyaların formalaşması və siyasi institutlara çevrilə bilməsi başlıca faktordur. Müasir həyatın kəmiyyətcə və keyfiyyətcə yeni-yeni tələbatları və ehtiyacları, qayğıları fonunda yeni yetişən gənc nəsillərin aşıb-daşan təbii enerjisinin qarşısında isə, çoxdan köhnəlmiş və daha effekt verməyən idarəetmə qaydaları ilə duruş gətirmək mümkün olmayacaq.
Dəyişim labüddür…
Gənc bir dövlət olan Azərbaycan, çox kiçik istisnaları nəzərə almasaq, son 30 ildə özünün gənc kadr bazasını yarada bilməyib. Bu, ən böyük problemlərimizdən biridir. Yaşlı kadrların yerinə keçən xarici təhsilli gənc kadrlar ümidləri doğrultmadı. Rus-sovet nomenklaturasından miras qalmış idarəetmə üsulu Qərbdə təhsil almış gənc kadrlar tərəfindən həvəslə davam etdirildi. Çünki problem təhsilin harada alınması deyildi və hətta yaşda da deyildi, problem milli kadr yetişdirmək kimi, strateji dövlət siyasətinin tam formalaşmaması və püxtələşməməsidir.
Burdakı axsamanın səbəbi isə ideoloji baxımdan əskikliklər və yeni mərhələyə adlaya bilməməmizdir. Bu haqda detaylı yazmaq çox uzun olduğu üçün çalışacam səbəblərini çox qısa şəkildə izah edim.
Milli İstiqlal Mübarizəmizin əsas dörd mərhələsinin ilk ikisi keçmişdə yaşanmış, üçüncüsü indi yaşanır, dördüncüsü isə yaxın gələcəkdə yaşanacaqdır.
1.Oyanış
2.Quruluş
3.Dirçəliş
4.Yüksəliş
Biz artıq dördüncü mərhələyə qədəm qoyduğumuz üçün (Yüksəliş Partiyasının adı da bu sonuncu mərhələyə görə qoyulmuşdu) mütləq şəkildə ideoloji yenilənmədən keçməliyik.
XIX əsrin ikinci yarısından başlayan öncə ədəbiyyatda, publisistikada, musiqidə və sənətdə ortaya çıxmış, Milli özünüdərk və maariflənmə dövrü olaraq bilinən bu vaxt ərzində milli ziyalılarımızın formalaşdığı, Azərbaycan xalqının rus çarizmindən qurtulub müstəqil yaşamaq xəyalını gerçəkləşdirmə yolunda atdığı ilk addımdır Oyanış dövrü.
Ondan sonra gələn Quruluş dövrü isə onun məntiqi nəticəsi idi. Sadəcə, ədəbiyyatda və incəsənətdə deyil, artıq siyasətdə də milli ideyanın və ideologiyanın formalaşdığı Quruluş dövrünün zirvəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması idi.
Bu dövr ərzində yoxdan bir bayraq yaradılmış, Azərbaycan xalqını gələcək yüzillərə aparacaq əsas siyasi-ideoloji konsepsiya hazırlanmış, müstəqilliyin əsas amilləri olan milli ordu və milli dövlət kimi institutlar təsis edilmiş, sonrakı nəsillər üçün tamamilə yeni bir üfüq açılmışdır.
Əsaslı və möhkəm siyasi ideya üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, təməlində yatan dəyərlərin əbədiyaşar və dəyişməz xarakterdə olmasından dolayı XX əsrin sonlarına doğru başlayan Milli Azadlıq Hərəkatının əsas şüarları da elə bu dəyərlər olmuşdur.
Beləliklə də Milli Dirçəliş dövrü başlamışdır. Azərbaycanın təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşının əsas xətti imperiya boyunduruğundan qurtularaq yarımçıq qalmış Milli Dövlət quruculuğunu tamamlamaq olmuşdur. Bu tarixi zaman içində baş verən savaşlar, üsyanlar, etirazlar, çalışmalar bir məqsədə – Azərbaycan İstiqlalının yenidən əldə olunmasına xidmət etmişdir.
Milli Dövlət quruculuğu prosesi Milli Dirçəliş ruhundan qaynaqlansa da, məlum oldu ki, bu az və yetərsizdir. Milli Dirçəlişin təməlində yatan Milli Ruh, Milli Şüur və Milli İradə hər nə qədər istiqlalımızı qazanmaq üçün yetərli olsa da, xalqımızın hər bir üzvünün insan hüquq və azadlıqlarından faydalanmasına şərait yaratmağa yetərli olmadı. Çünki, Milli Azadlıq Hərəkatının əsas hədəfi İstiqlal olduğu halda, milli istiqlalımızın hədəfi sosial rifah dövlətinin yaradılmasına nail olmaq idi.
Ancaq, əfsuslar olsun ki, müstəqil Azərbaycan dövlətinin əsas hədəfi erməni işğalında olan Qarabağı azad etmək idi və nəticədə hər cəhətdən rifaha və çiçəklənməyə nail olan bir cəmiyyət qurmaq mümkün olmamışdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə, əslində 1988-ci ildən yenidən vüsət alan istiqlal mübarizəsinin davamı idi. Fəqət, xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimizin nəticəsində Qarabağda aparılan 44 günlük müharibə qələbə ilə sona çatmış, işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olmuş, ərazi bütövlüyümüz təmin edilmişdir.
Sözsüz ki, söhbət ancaq Quzey Azərbaycandakı dövlətimizin ərazi bütövlüyündən gedir. Bütöv Azərbaycan ərazilərinin müstəqil bir dövlət kimi formalaşması üçün zaman lazımdır. Quzeydə və Güneydə gedən proseslər tarixi perspektivdə bəzən oxşarlıq, bəzən isə tamamilə bir-birinə zidd mahiyyət daşımışdır.
Güney Azərbaycanda təkcə 20-ci əsrdə dörd dəfə kütləvi etiraz və inqilabi hərəkatlar olmuşdur. Onlardan ilk ikisi tarix baxımından Quzeydəki proseslərlə paralel, son ikisi isə tamamilə ayrı bir müstəvidə baş vermişdir. Bunun əsas səbəbi isə 20-ci əsrin 20-ci illərindən sonra Quzeyin qırmızı şər rus imperiyasının, Güneyin isə pəxləvi və klerikal farspərəst imperiyanın tərkibində olmalarıdır.
20-ci əsrin sonunda xalqımızın Quzeydəki hissəsi sovet rus imperiyasının çöküşü ilə müstəqillik qazansa da, Güneydə yaşayan xalqımız üçün istiqlal indilik əlçatmaz kimi görünür. Ancaq, yadmıza salaq ki, 31 dekabr Həmrəylik ruhu o taylı-bu taylı xalqımızın ortaq məhsuludur. Hətta 44 gün davam edən 3-cü Qarabağ müharibəsi də Güneydən təsirsiz ötüşmədi və orada yaşayan xalqımızın ruh yüksəkliyinə səbəb oldu. Sadəcə tarixin bir şanssızlığı olaraq gördüyümüz disharmoniyadan dolayı Güney ayaqda olanda Quzey, Quzey ayaqda olanda Güney “yatırdı”. Deməli, bütün məsələ hədəflərimizin, hərəkatlarımızın, əməllərimizin və addımlarımızın sinxronizasiyasıdır.
Bununla belə, Quzeydə qələbə ilə tamamlanan müharibə göstərdi ki, artıq dirçəlmişik və bundan belə öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Beləliklə də, Azərbaycan xalqı tamamilə yeni bir dövrə – Yüksəliş Dövrünə qədəm qoymuşdur. Bu dövr İstiqlal Mübarizəmizin dördüncü mərhələsidir.
Cəmiyyətin inkişaf səviyyəsi onun hər bir üzvünün inkişaf səviyyəsinə düz mütənasibdir. Yüksəliş də belədir: fərd yüksəlmirsə, cəmiyyət və dövlət də yüksələ bilmir.
Bu mənada Azərbaycanda elə bir ictimai-siyasi və hüquqi mühit olmalıdır ki, hər bir fərd özünün istənilən sahədə yüksəlişinin perspektivlərini görə bilsin. İnsanlar öz inkişaf hekayələrini ölkənin inkişaf tarixi ilə birlikdə görə bilsələr, Yüksəlişə nail olmaq mümkün olacaq.
Milli Yüksəliş dövrünün vacib atributları aşağıdakılardır:
1 – Milli İdeya
2 – Milli Hədəf
3 – Milli Kimlik
4 – Milli Dövlət
5 – Milli Hökumət
6 – Milli Təhsil Konsepsiyası
7 – Milli İncəsənət Konsepsiyası
Bu atributların hər birini ayrı-ayrılıqda və hamısını birlikdə yaşatmalı olan qüvvə Milli Kadrlardır. Onların birliyi, təşkilatlanma səviyyəsi, komanda olaraq fəaliyyət göstərmə bacarıqları, milli olduqları qədər də peşəkarlıqları həlledici əhəmiyyətə malikdir. Milli Kadrların kimdənsə nəyisə gözləməsi və umması əbəsdir. Əslində, xalq zümrələri onlardan nəsə gözləyir və umur. Xalqın Milli Kadrlardan tələbi və istəyi onlara, yəni hər bir vətəndaşa, fərdi inkişafını təmin edəcək Yüksəlişi gerçəkləşdirməkdir. (gerçəkləşdirmək imkanını yaratmalarıdır).
Milli Kadrların birliyinin formalaşması yalnız Milli İdeya ətrafında mümkündür. Başqa heç bir şəkildə buna nail olmaq mümkün deyil.
Hər bir azərbaycanlı özünü bu yolun içində görməli və Milli Kimliyinə sarılmalıdır. Milli Hədəf bizim hamımızı Milli Dövlət quruculuğunda birləşdirən dəyərdir. Lakin, bu mərhələdən sonra ümumxalq səyi ilə yaradılan Milli Dövlətin əbədi yaşaması üçün onu milli maraqlara uyğun idarə edən Milli Kadrlardan ibarət bir hökumətin qurulması lazımdır.
Xalqımızın qurduğu dövlətin şəkli Cümhuriyyətdir. Ona görə də, kimin hökumət olacağına seçici qərar verməlidir. Hər bir vətəndaş Milli Təhsil və Milli İncəsənət tədrisindən keçməlidir ki, seçici kimi Milli Hökuməti formalaşdıran qüvvələrə, yəni Milli Kadrlara səs versin. Dünyagörüşü və mənəvi aləmi Milli Dəyərlər ilə formalaşmış vətəndaş, sözsüz ki, Milli Kadrları tanımaqda və dəstəkləməkdə tərəddüd etməyəcəkdir.
Milli Kadrlarla cəmiyyətin mütərəqqi qüvvələrinin vəhdətindən yaranan Milli Qüvvə ölkənin daxili siyasətinin gündəliyində duran məsələləri milli mənafeyə uyğun çözəcək, xalqın həyatına aid hər sahədə davamlı və dönməz inkişafı təmin edəcəkdir.
Milli Kadrlardan ibarət hökumətin əsas fəaliyyət istiqamətləri isə aşağıdakı kimi olmalıdır:
1 – Milli Dəyərləri əsas götürən Açıq Cəmiyyətin formalaşması;
2 – Siyasi plüralizmi əsas götürən Demokratik Dövlətin qurulması;
3 – Bu iki hədəf uğrunda çalışan Azad Fərdin yüksəlişi.
Biz vətəndaşlarımıza hər sahədə öz yaradıcı potensiallarını gerçəkləşdirmək, bilik və istedadlarını tətbiq etmək, maraq və hədəfləri istiqamətində birlikdə çalışmaq, qorxmadan, çəkinmədən mövqe ortaya qoymaq üçün şərait yaratmalıyıq ki, onlar fərdi yüksəlişlərini reallaşdıra bilsinlər. Onların Fərdi Yüksəlişi isə nəticədə Milli Yüksəlişimizin davamlı və dönməz xarakter almasına təminat vermiş olacaq.
Xalqın öz taleyinə və aqibətinə laqeyd qalmaması üçün geniş zümrənin ölkənin siyasi həyatında fəal iştirakı təşkil olunmalıdır.
Cəmiyyətin daxilində yaşanan problemlər əgər kütləvi xarakter daşıyırsa, heç nədən çəkinmədən deyə bilərik ki, bu problemlərin kökü siyasi xarakterlidir. Belə məsələləri biz siyasiləşdirsək də, siyasiləşdirməsək də fərqi yoxdur – məsələnin həlli siyasi müstəvidədir.
Elə isə şüar “Hamı siyasətlə məşğul olsun!” kimi səsləndirilməlidir. Hər bir vətəndaş siyasətin içində olduğunu dərk etməli, passiv müşahidəçi statusundan qurtulub, aktiv qərarverici statusa keçməlidir.
Cümhuriyyətimizin 106-cı ilində siyasi təfəkkürə malik vətəndaşlarımızın çoxalması diləyi ilə Cümhuriyyət bayramımız qutlu olsun!
MÜƏLLİF: ANAR ƏSƏDLİ Respublikainfo.com