Martın 14-də Coca-Cola Azərbaycanın dəstəyi, ADA Universiteti Fondunun təşkilatçılığı ilə ənənəvi Bahar Gənclik Festivalı keçirilib. ADA Universitetinin bayraq meydanında baş tutan tədbirdə canlı musiqi və bayram çıxışları ilə yeni başlanğıclar fəsli Baharın gəlişi qeyd olunub.
Festival çərçivəsində milli geyimlər, xalçaçılıq sənəti nümunələri, Novruz mətbəxinin şirniyyatları və Kosa-Keçəl tamaşaları nümayiş olunduğu Festival iştirakçılara unudulmaz anlar yaşadıb. Festivalın sonunda meydanda bayram tonqalı da alovlandırılıb.
Yerli və xarici tələbələr, ADA məktəbliləri, universitetin müəllim heyəti və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə baş tutan Festivalda Novruz bayramının dəyərlərindən danışılıb, müxtəlif adət-ənənələr yaşadılıb.
Festival xalq artisti Zülfiyyə Xanbabayeva və DJ Chinanın çıxışı ilə daha da əyləncəli və rəngarəng keçib.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova Festivalla bağlı təəssüratlarını bölüşüb: “Coca-Cola hər il Novruz bayramını böyük sevinc və coşqu ilə qeyd edir. ADA Universiteti ilə birgə təşkil etdiyimiz Bahar Festivalı da sevincimizə səbəb olur. Azərbaycan xalqının əsas bayramlarından olan Novruz ənənələrinin yaşadılmasına dəstək olmaqdan məmnunuq. Mən də fürsətdən istifadə edib Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm!”
Festivalda Coca-Cola şirkətinin ölkədə suyun mühafizəsi, su mənbələrinin bərpası və sudan səmərəli istifadə istiqamətində həyata keçirdiyi ekoloji layihələr barədə də məlumat verilib, ətraf mühitin qorunmasının vacibliyi qonaqların diqqətinə çatdırılıb.
Qeyd edək ki, Coca-Cola “Su Təhlükəsizlik Strategiyası”na uyğun olaraq Abşeron ərazisində əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırıb. ADA Fondu ilə əməkdaşlıq edərək ADA Universitetinin ərazisində ağacların suvarılması üçün isə yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsini həyata keçirir.