Dünyanın nüfuzlu şirkətlərinin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirakı, həmin tədbirin nə qədər mühüm beynəlxalq əhəmiyyətə malik olduğunun göstəricisidir.
Azərbaycan müstəqilliyinin ilk illərində məhv olmuş iqtisadiyyatını Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Əsrin müqaviləsinin imzalanması və bundan sonra ölkəmizə neft sektorundan daxil olan investisiyalar və gəlirlər hesabına bərpa edə bildi. Məhz bunun və sonradan reallaşdırılmış meqa layihələrinnəticəsidir ki, hazırda ölkə iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir. Azərbaycan artıq dünya dövlətlərinə neft məhsulları ilə yanaşı, həm də təbii qaz ixrac edən ölkələr sırasında yer almaqdadır. Xatırlatmaq yerinə düşər ki, artıq Azərbaycanın təbii qazı Avropanın 8 ölkəsinə nəql edilməkdədir.
Bəli, bütün bunlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin artmasına xidmət edir.Bu günlərdə paytax Bakıda keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin birləşdiyi Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsindən 300-ə yaxın şirkətin iştirak etməsi bir daha ölkəmizin enerji resurlarının işlənib hasil edilməsində mühüm nailiyyətlər əldə etmiş ölkələr sırasında olmasını təsdiqləyən amil kimi dəyərləndirilir. Bakı Enerji Həftəsində iştirak edən ölkələrin əksəriyyəti enerji resurslarının işlənməsində müəyyən təcrübələrə malik olsalar da, həmin tədbirdə bu sahədə yeni olan və bu istiqamətdə Azərbaycanla müəyyən iş birliyi etməyə hazır olan dövlətlərin də şirkətləri yer alırdı. Həmin şirkətlərin əksəriyyəti Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlıq etməyə maraqlı olan xarici şirkətlər idi. Nəzərə alsaq ki, ölkəmiz bu il dünya əhəmiyyətli, COP 29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi edəcək, onda vurğulamaq yerinə düşər ki, bu kimi sərgilərin keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, təşkil edilən sərgidə ölkəmizlə paralel dünyanın nüfuzlu, energetika sahəsində ixtisaslaşmış şirkətlərinin də məhsulları yer alırdı. Bu gün Azərbaycan enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət sayəsində enerji sektorunda öz sözünü demiş ölkələrdən birinə çevrilib. Azərbaycan artıq tək özünü deyil, həm də regional, eləcə də Avropa İttifaqına daxil olan bir çox dövlətlərin dayanıqlı enerji ilə təchiz olunmasında təhlükəsiz, etibarlı tərəfdaş ölkə kimi tanınır.
Qeyd etmək yerinə düşər ki, keçirilən bu tədbirin müstəsna əhəmiyyətindən biri də o idi ki, keçirilən görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tərəfindən Neftçala və Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron – Qaradağ külək elektrik stansiyalarının təməlqoyma mərasimlərin keçirilməsi idi. Bəli bu layihələrin icrası bir daha göstərir ki, artıq Azərbaycan dünyada baş verən iqlim dəyişmələri fonunda alternativ enerji mənbələrinin işlənilib, inkişaf etdirilməsində maraqlıdır və bu sahədə dünyanın istənilən ölkəsi ilə əməkdaşlıq etməyə hazırdır.
İsa İsmayılov;
Neftçala rayonu, müəllim