Bu günlərdə paytaxtımız Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkədən 700 qonağın iştirak etməsi forumun qlobal əhəmiyyətini nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev sülhün və təhlükəsizliyin bütün dünyada təşviq olunması istiqamətində çox mühüm mesajlar verdi.
Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün milli sərhədləri aşan aktual, qlobal problemlər üzrə vacib müzakirələr aparmaq üçün unikal və dəyərli platforma kimi qiymətləndirilir. Bu gün dünyada baş verən kataklizmlər, müharibələr, qütbləşmələr fonunda dünya xalqları arasında dialoqun təşviqinə böyük ehtiyac vardır. Bu mənada qeyd edilən prosesdə Azərbaycanın hazırda mühüm rol oynaması sevindiricidir. Bu da ilk növbədə ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Belə ki, Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Bu siyahını bir qədər də artırmaq olar. Bu faktdır ki, Azərbaycan müxtəlif etnos və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Şübhə yoxdur ki, “Bakı Prosesi” dünyada sülhün və təhlükəsizliyin təşviq olunmasına sözsüz ki, ciddi töhfələr verəcəkdir. Forum, həm də cənab Prezident İlham Əliyevin Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı.
Ölkə başçısının çıxışında yer alan ən önəmli məqamlardan biri də bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamaları idi. Müzəffər Ali Baş Komandan Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Ölkə başçısı XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi. Cənab Prezident dərin məzmunlu nitqində Ermənistanla sülh sazişi ilə bağlı danışıqlara da toxunaraq, bu istiqamətdə Azərbaycanın çox fəal çalışdığını, sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, baza prinsiplərinin və sülh sazişi layihəsinin hazırlandığını vurğuladı.
Bəli, qeyd etdiklərimim bir daha Azərbaycanın bu gün dünyada qazandığı nüfuzun real işlərə əsaslandığını nümayiş etdirir. Artıq Azərbaycan vətəndaşında hüç bir şübhə yoxdur ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş bütün məqsədlərə düşünülmüş qaydada nail olan ölkəmizi irəlidə daha böyük uğurlar, nailiyyətlər gözləyir.
Mətləb Quliyev;
Neftçala rayon ağsaqqalı