Sovetlər birliyi dağıldıqdan sonra müstəqilliklərini bərpa edən və qazanan bir çox ölkələr kimi Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üçün də tarixi şans və şərait yarandı. Lakin tarix göstərdi ki, bu imkandan yalnız Azərbaycan və Gürcüstan ağıllı və səmərəli şəkildə iştifadə etdilər. Bəli ki, bu iki ölkə milli maraqlarına xidmət etməklə, strateji əhəmiyyət daşıyan layihələrə imza atdılar.
Bu gün iki dost dövlət və xalqlar arasında olan strateji münasibətlər, həm də çoxsaylı iqtisadi layihələrlə möhkəmlənib. Hazırda ölkəmizin əsas enerji və nəqliyyat-kommunikasiya layihələri Gürcüstan üzərindən reallaşdırılır. Coğrafi baxımdan Gürcüstan Azərbaycanın Qərbə açılması üçün bu gün ən optimal variantdır. Hərçənd ki, Azərbaycan ötən əsrin 90-cı illərinin sonlarında tarixi layihələrə imza atmağa başlayanda bunu Ermənistan üzərindən də reallaşdıra bilərdi. Lakin məlum hərbi-siyasi vəziyyət, Ermənistanın qanunsuz torpaqlarımızı işğal etməsi və bu addımına haqq qazandırmaq cəhdi Azərbaycanı digər alternativ variant – Gürcüstan variantından istifadə etməyə sövq etdi. Həmin an tarixi şansı məntiqli olaraq ağıllı şəkildə dəyərləndirən Gürcüstan əbədi olaraq özünə müttəfiq qazandı. Ermənistanın qazancı isə bu gün göz qabağındadır. Absurd ideya və arzularla yaşayan erməni milləti və onun “başbilənləri” bu ölkənin hazırkı vəziyyətindən yəqin ki, “məmnundurlar”.
Bu gün Gürcüstan və Azərbaycan arasında olan münasibətlər iqtisadi əməkdaşlıqla yanaşı mədəni, humanitar sahədə də inkişfa edir. Bundan başqa iki qonşu və dost ölkə beynəlxalq təşkilatlarda da daim bir-birilərini dəstəkləyirlər. Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi bu ölkənin ölkəmizə olan dərin hörmət və bağlılığının təsdiqi və təzahürüdür. Gürcüstan rəhbərlərinin ilk rəsmi səfərlərinin ölkəmizə etməsini artıq ənənə də hesab etmək olar.
Əlbəttə ki, bu münasibət on illiklər ərzində formalaşan və bu səviyyəyə qalxan münasibətlərin bariz göstəricisidir. Ali qonağı qarşılayan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev iki ölkə arasında mövcud olan münasibətləri zamanla daha da inkişaf edəcəyini, bunun üçün heç hər iki ölkə siyasətinin açıq və aydın olduğunu bir daha bəyan etdi. Xüsusi vurğulayaq ki, 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində addımlar atarkən ölkəmizi ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olmuşdur. Gürcüstanın o zaman qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlaması bu ölkənin Azərbaycana və onun xalqına verdiyi dəyər kimi qiymətləndirilir.
Bəli, qeyd etdiklərimiz bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti öz xarici siyasətində aydın və şəffaf siyasət nümayiş etdirir. Ölkəmiz bütün dövlətlərlə, xüsusilə də qonşuları ilə mehriban, sülh şəraitində yaşamağı qarşıya hədəf olaraq qoyub. Hesab edirik ki, bu münasibətdən ən yüksək səviyyədə yararlanmaq həmin dövlətlərin xeyrinə olan amildir.
Rafət Tağıyev;
Neftçala rayonu, müəllim