“Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir”. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , – paylaşımda qeydolunub. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında fevralın 28-29-da Berlində keçirilən müzakirələr başa çatıb.
Müzakirələrin yekununa dair hər iki ölkənin Xarici İşlər Nazirlikləri oxşar məlumat yayaraq qeyd ediblər ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. Nazirlər həmçinin danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətləri fevralın 28-də ikitərəfli formatda danışıqlara başlayıblar.
Ötən gün ikitərəfli görüşdən sonra tərəflər arasında müzakirələr Almaniya xarici işlər naziri Annalena Berbokun da iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Annalena Berbok mətbuata açıqlamasında Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanının olduğunu bildirib.
“Həm Baş nazir Paşinyan, həm də Prezident Əliyev həll edilməmiş məsələlərin yalnız sülh yolu ilə güc tətbiq etmədən həlli üçün hazır olduqlarını bəyan ediblər ki, bu da mütləq vacibdir. Bu gün və sabah keçiriləcək dialoq irəliləyişə nail olmaq üçün ən yaxşı yoldur. Bu, asan deyil, biz Almaniyada və Avropada öz tariximizdən çox yaxşı bilirik. İrəli getmək üçün həqiqi öhdəlik və qətiyyət lazımdır”,
Xarici işlər nazirləri arasında iki günlük müzakirələrin keçirilməsinə dair razılıq fevralın 17-də Azərbaycan və Ermənistan liderlərinin Münhen şəhərində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi.
Beləliklə, danışıqların növbəti raundu da yekunlaşdı.Qaranlıq və müəmmalı məqamlar isə tükənmir ki, tükənmir. Belə ki, tarixən Rusiyanın forpostu olan Ermənistan mövqeyini açıq şəkildə dəyişərək indi tamamilə başqa cinahda yer alır: Qərb cinahında. Və bu cinah Ermənistanla bağlı açıq fəaliyyət sərgiləyir, onu silahlandırır və s. Nəticədə Ermənistan Qərbin regiona soxulması üçün istinad nöqtəsinə çevrilir. Deməli, Qərb Ermənistan vasitəsi ilə Qərb:
1. Ermənistanın vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmaq;
2. Bölgədə vəziyyəti daha da gərginləşdirmək və bölgəyə nüfuz etmək.
Bu təhlükəli planlar isə Qafqazda çoxdan gözlənilən sülhə çatmaq yollarını daha da qəlizləşdirir.
Eyvazov Aqşin
Azərbaycan Universiteti
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com