Respublikainfo.com xəbər verir ki, Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinin təşkilatçılığı ilə Zəfər Günü adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fənn müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb.
Təranə Şükürlü qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
2023-cü ilin oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı.
Dövlət başçımız üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla sübut etdi ki, Azərbaycan xalqı və dövləti güclüdür.
Sonra tələbələrin təqdimatında şeirlər və mahnılar səsləndirilib. Vətən müharibəsi şəhidləri haqqında məruzələr dinlənilib , ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com